Xudutəpə yaşayış yerində aparılan arxeoloji tədqiqatlar zamanı İlk Tunc dövrünə aid gildən hazırlanmış qoç miniatür fiqurları aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Muğan tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, bu il qazıntılar zamanı 4 ədəd belə fiqur tapılıb.
Bununla da Xudutəpə yaşayış yerində aşkarlanan qoç miniatürlərinin ümumi sayı 9-a çatıb.
"Qoç fiqurlarını artıq Xudutəpə yaşayış yerinin simvollarından biri hesab etmək olar.Qədim dövrlərdən bolluq və bərəkət rəmzi sayılan qoç obrazı insanların təsərrüfat həyatı, xüsusilə də heyvandarlıqla bağlı inanclarını əks etdirir"- deyə A. Ağalarzadə bildirib.
Tapıntılar İlk Tunc dövründə yaşamış insanların dünyagörüşü və təsərrüfat fəaliyyəti haqqında mühüm məlumatlar verir. Hazırda arxeoloji tədqiqatlar davam edir.
Bizim.Media





























































































