Əsrlərdir müzakirə olunan “Əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmalar yumurtlayan canlıların tarixinin təxminən 540 milyon il əvvələ gedib çıxdığını göstərir.
Quşlar və müasir toyuqlar yaranmazdan çox əvvəl müxtəlif canlılar yumurta vasitəsilə çoxalıb.
Balıqlar, sürünənlər və daha sonra dinozavrlar da toyuqlardan milyonlarla il əvvəl yumurta qoyublar.
Elm adamlarının fikrincə, ilk toyuq da özündən əvvəl yaşamış canlıların qoyduğu yumurtadan çıxıb. Ev toyuğunun əsas əcdadlarından biri Cənub-Şərqi Asiyada yaşayan qırmızı meşə toyuğu hesab olunur. Minlərlə nəsil ərzində baş verən genetik dəyişikliklər nəticəsində bu gün tanıdığımız ev toyuqları formalaşıb.
Bu baxımdan, “ilk toyuq” hesab edilə biləcək canlı da tam olaraq toyuq olmayan əcdadının qoyduğu yumurtanın içində inkişaf edib. Başqa sözlə, toyuq meydana çıxmazdan əvvəl artıq yumurta mövcud idi.
Beləliklə, təkamül biologiyasına əsasən cavab aydındır: əvvəl yumurta olub. Yumurtanın tarixi nəinki müasir toyuqdan, hətta quşların meydana çıxmasından da yüz milyonlarla il əvvələ gedib çıxır. (Metbuat.az)
Bizim.Media

































































































