Müəllimlik ixtisasında plan yerləri azaldıldı – Keçid balları ARTA bilər

Müəllimlik ixtisasında plan yerləri azaldıldı – Keçid balları ARTA bilər

Hazırda oxunan: Müəllimlik ixtisasında plan yerləri azaldıldı – Keçid balları ARTA bilər

636972

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında müəllimlik ixtisasları üzrə qəbul planının 32,8 faiz, yəni 7 540 azaldıldığını qeyd edib. Qərarın fonunda ölkədə ayrı-ayrı fənlər üzrə müəllim kadrlarına tələbat və bu ixtisasları seçən abituriyentlər üçün yarana biləcək dəyişikliklər gündəmə gəlib.

Plan yerlərinin azalması qəbul zamanı rəqabətə və keçid ballarına da təsir göstərə bilərmi?

Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənlinin fikirlərini öyrənib. Onun sözlərinə görə, bu dəyişiklik kəmiyyətdən keyfiyyətə keçid mərhələsidir:

“Əsas hədəf sadəcə diplomlu kadr yetişdirmək yox, həqiqətən əmək bazarının reallığına və məktəblərin aktual tələbatına uyğun mütəxəssis hazırlamaqdır.

Ali məktəbləri bitirən minlərlə müəllim məzun MİQ imtahanlarında vakansiya azlığı səbəbindən kənarda qalırdı. Bu qərar həmin disbalansı aradan qaldırmağa, əmək bazarı ilə təhsil sistemi arasındakı uyğunsuzluğu tənzimləməyə hesablanmış addım ola bilər.

Plan yerlərinin kəskin azalması müsabiqə mühitini daha da sıxlaşdıracaq

Ə.Həsənlinin fikrincə, müəllimliyin hələ də ən çox müraciət olunan sahələrdən olması nəzərə alınaraq, yerlərin məhdudlaşdırılması növbəti illərdə keçid ballarının yüksəlməsinə birbaşa təsir edə bilər. O hesab edir ki, bu, yüksək balla ali məktəblərə daha hazırlıqlı və motivasiyalı abituriyentlərin daxil olması deməkdir:

“Məktəblərdə kadr çatışmazlığı məsələsinə gəldikdə isə, qısa müddətdə belə bir risk gözlənilmir. Çünki hazırda bazarda böyük bir ehtiyat kadr potensialı, MİQ imtahanında yüksək bal toplayıb vakansiya tapa bilməyən minlərlə məzun var. Sistem həmin mövcud kadr ehtiyatını həzm etməyə çalışır.
 

Lakin burada bir nüansı gözdən qaçırmaq olmaz. Regionlarda, xüsusən ucqar kənd məktəblərində fizika, kimya, riyaziyyat kimi fənlər üzrə kadr çatışmazlığı hələ də mövcuddur. Qəbul planının azaldılması regional ehtiyaclar düzgün analiz edilmədən həyata keçirilərsə, gələcəkdə həmin bölgələrdə müəllim çatışmazlığı riski yarana bilər.


Ona görə də bu addım mövcud kadr ehtiyatını nəzərə alan doğru həmlə olsa da, bölgələr üzrə fənn balansı mütləq şəkildə qorunmalıdır”, - ekspert vurğulayır.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üçün ali məktəblərə ümumilikdə 76 mindən çox abituriyent qəbul olunub. Bakalavriat üzrə qəbul planı ötən illə müqayisədə 2,3 faiz artırıldığı halda, müəllimlik ixtisasları üzrə plan yerləri azaldılıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO