Avropanın bir sıra ölkələri hazırda quraqlıq və su çatışmazlığı ilə üz-üzədir. Bu da su israfına qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olub. Bəzi ölkələrdə sudan istifadəyə məhdudiyyətlər qoyulur, qaydaları pozanlara isə cərimə tətbiq edilir. Bəs Azərbaycanda vəziyyət necədir? Su ehtiyatlarımızı nəzərə alaraq, sudan israfla istifadənin qarşısını almaq üçün cərimə tətbiq oluna bilərmi? Yoxsa bu məsələdə maarifləndirmə və insanların məsuliyyəti daha vacibdir?
Maarifləndirmə vacib və fundamental addımdır, lakin təkbaşına kifayət etmir.
Bizim.Media məsələ ilə bağlı “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyevanın fikrini öyrənib.
O xatırladır ki, insan, kənd təsərrüfatı, sənaye, təbiət və bütövlükdə cəmiyyətin davamlı inkişafı sudan birbaşa asılıdır:
“Etiraf edək ki, biz gündəlik həyatımızda suya bəzən sonsuz və tükənməz resurs kimi yanaşırıq. Açıq qalan kran, vaxtında təmir olunmayan su xətti, normadan artıq suvarma və ehtiyac olmadığı halda içməli sudan istifadə ilk baxışda kiçik görünə bilər. Lakin milyonlarla insanın eyni davranışı təkrarlaması ciddi su itkilərinə səbəb olur.
İnsanların təbii sərvətlərə münasibətinin dəyişməsi üçün maarifləndirmə ilə yanaşı, iqtisadi stimullar, müasir infrastruktur, effektiv nəzarət və zəruri hallarda hüquqi mexanizmlər də tətbiq edilməlidir.
İnsan gündəlik həyatında “Mənim israf etdiyim bir neçə litr su nəyi dəyişəcək?” düşünə bilər. Əslində isə fərdi davranışların cəmi böyük nəticə yaradır. Buna görə də su ehtiyatlarının qorunması üçün maarifləndirmə + müasir infrastruktur + iqtisadi stimullar + effektiv nəzarət + zəruri hallarda hüquqi məsuliyyət prinsipi əsas götürülməlidir”.
Məqsəd insanları cəzalandırmaq deyil, onlarda suya qənaət davranışını formalaşdırmaq olmalıdır
Ekoloq hesab edir ki, su israfına görə cərimələrin tətbiqi gələcəkdə real və məqsədəuyğun mexanizm ola bilər.
Lakin bu proses mərhələli və sosial ədalət prinsiplərinə uyğun həyata keçirilməlidir:
“Hazırkı mərhələdə genişmiqyaslı və sərt cərimə sistemindən əvvəl su itkilərinin azaldılması, sayğaclaşmanın genişləndirilməsi, köhnə su xətlərinin yenilənməsi, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi və suyun təkrar istifadəsi imkanlarının artırılması daha məqsədəuyğundur.
Cərimə mexanizmi tətbiq edilərsə, ilk növbədə sistematik və aşkar israf hallarına yönəlməlidir. Məsələn, günlərlə açıq saxlanılan su xətti, lazımsız yerə hovuzların doldurulması, sənaye müəssisələrində müəyyən edilmiş su limitlərinin pozulması və kommersiya məqsədilə içməli sudan səmərəsiz istifadə kimi hallar nəzarətdə saxlanıla bilər.
Eyni zamanda cərimə tətbiq edilən şəxsin və ya müəssisənin su sərfiyyatının ölçülməsi üçün etibarlı sayğac sistemi olmalı, istifadə limitləri əvvəlcədən aydın müəyyənləşdirilməli və pozuntuya görə xəbərdarlıq mexanizmi nəzərdə tutulmalıdır”.
Sosial ədalət unudulmamalıdır
A.Miriyeva hesab edir ki, aşağı gəlirli ailələr, kənd yerlərində yaşayan və su infrastrukturuna çıxışı məhdud olan insanlar üçün fərqli yanaşma və güzəştlər nəzərdə tutulmalıdır.
“Su israfının qarşısının alınmasında yalnız cərimələr deyil, proqressiv və diferensial tariflər də effektiv vasitə ola bilər. Suya qənaət mədəniyyətinin formalaşdırılması uzunmüddətli prosesdir və bu proses uşaqlıqdan başlamalıdır.
Məktəblərdə su ehtiyatlarının qorunması ilə bağlı praktiki dərslərin, ekoloji layihələrin, “Su günü” tədbirlərinin keçirilməsi uşaqlarda ekoloji məsuliyyətin formalaşmasına kömək edə bilər. Uşaq bilməlidir ki, krandan axan su sadəcə bir kranı çevirməklə yaranmır. Onun arxasında təbii ehtiyatlar, su anbarları, nasos sistemləri, boru xətləri, enerji və insan əməyi dayanır”, - o qeyd edir.
Ölkədə kifayət qədər su ehtiyatı var
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, şirin su ehtiyatlarımızın böyük hissəsi, təxminən 70 faizi transsərhəd çayların payına düşür. Hazırda isə ölkənin yerüstü su ehtiyatları kifayət qədərdir.
“Yeraltı su ehtiyatlarının illik istismar həcmi isə 9 milyard kub metrə yaxındır. Ümumilikdə, hazırkı vəziyyətdə bu həcm qənaətbəxş hesab edilsə də, lakin nəzərə almaq lazımdır ki, su təbii resursdur və ölkənin su ehtiyatlarının məhdudluğu, eyni zamanda iqlim amilləri fonunda sudan səmərəli və qənaətli istifadə hər zaman diqqətdə saxlanılmalıdır”, - məlumatda vurğulanıb.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 14.08.2026
Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA
630935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































