Naxçıvanın yeni inkişaf modeli: sosial rifahdan yeni iqtisadi bazaya

Naxçıvanın yeni inkişaf modeli: sosial rifahdan yeni iqtisadi bazaya

Hazırda oxunan: Naxçıvanın yeni inkişaf modeli: sosial rifahdan yeni iqtisadi bazaya

630880

Naxçıvanda son illərdə müşahidə olunan dinamika Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına yanaşmasının ardıcıl xarakter daşıdığını göstərir.

Dövlət başçısının müəyyən etdiyi xətt, Naxçıvanın malik olduğu potensialın bütün istiqamətlər üzrə daha səmərəli reallaşdırılmasını nəzərdə tutur. Məhz bu yanaşma çərçivəsində iqtisadiyyatın genişləndirilməsi sosial infrastrukturun yenilənməsi ilə paralel aparılır.
 

Yeni məktəblərin, STEAM Təlim-Tədris Mərkəzinin, “ASAN xidmət” və Naxçıvan Regional DOST Mərkəzinin yaradılması görülən işlərin birbaşa insanların həyat keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiyini göstərir. Prezident İlham Əliyevin səfər zamanı sosial və infrastruktur layihələri ilə yaxından tanış olması da bu baxımdan Naxçıvanda həyata keçirilən inkişaf siyasətinin əsas istiqamətlərini bir daha ortaya qoyur.


Son illərdə sahibkarlığa dəstəyin artırılması, aqrar sahədə yeni modellərin tətbiqi, sənaye və istehsal imkanlarının genişləndirilməsi, xüsusilə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində ilk model kooperativin məhz Naxçıvanda yaradılmasının nəzərdə tutulması bu bölgəyə verilən iqtisadi rolun göstəricisidir.

Dövlət başçısının, müsahibəsində özəl sektorun inkişafına və iqtisadi imkanların genişləndirilməsinə verdiyi önəm də göstərir ki, qarşıdakı mərhələdə əsas hədəflərdən biri dövlət investisiyalarının yaratdığı infrastrukturu daha güclü sahibkarlıq və istehsal fəaliyyəti ilə tamamlamaqdır.

Bəhs olunan istiqamətlər Prezident İlham Əliyevin Naxçıvanın gələcəyinə yanaşmasında uzunmüddətli perspektivin əsas götürüldüyünü göstərir.

Son üç ildə 359 istehsal və xidmət sahəsinin yaradılması, 342 sahibkarlıq layihəsinin güzəştli maliyyələşdirilməsi, investisiyaların 2,5 dəfə artması, 183,6 kilometr avtomobil yolunun əsaslı təmiri, enerji və su təsərrüfatında həyata keçirilən genişmiqyaslı layihələr artıq bu siyasətin konkret nəticələrini ortaya qoyur.

Dövlət başçısının son səfəri və Azərbaycan Televiziyasına müsahibəsində verdiyi mesajlar isə Naxçıvanın qarşıdakı dövrdə də ölkənin inkişaf gündəliyində mühüm yer tutmaqda davam edəcəyini göstərir.

Formalaşdırılan yeni iqtisadi baza, müasir infrastruktur və açılan regional kommunikasiya imkanları Naxçıvanın Azərbaycanın ümumi inkişafına daha sıx inteqrasiyasına, eyni zamanda, onun strateji və iqtisadi əhəmiyyətinin daha da artmasına xidmət edəcək.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO