Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Hazırda oxunan: Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

630513

Bu gün kənd təsərrüfatının qarşısında duran əsas problemlərdən biri yalnız torpağın məhsuldarlığı deyil, həm də onun parçalanmış və pərakəndə şəkildə istifadəsidir. Vaxtilə torpaq islahatı nəticəsinə adambaşına düşən pay torpaqlarının çoxu bu gün istifadəsiz qalıb. Torpaq sahələrinin xırda hissələrə bölünməsi isə texnikadan səmərəli istifadəni çətinləşdirir, suvarma və meliorasiya xərclərini artırır, logistikanı mürəkkəbləşdirir və iri investisiyaların qarşısında maneə yaradır.

Çox təəssüf ki, bu və digər səbəblərdən pay torpaqları indi əsasən örüş sahəsi kimi istifadə edilir.

Ona görə də pay torpaqların konsolidasiyası gündəmə gəlib.

Konsolidasiya dedikdə müxtəlif mülkiyyətçilərə və istifadəçilərə məxsus pərakəndə torpaq sahələrinin razılaşdırılmış qaydada yenidən təşkil edilərək daha iri və səmərəli təsərrüfat vahidlərinə çevrilməsi nəzərdə tutulur. Bu, mütləq şəkildə torpağın bir sahibin mülkiyyətinə keçirilməsi demək deyil. Əksinə, mülkiyyət hüquqları qorunmaqla sahələrin yerləşməsi, sərhədləri, yolları və suvarma infrastrukturu daha səmərəli şəkildə təşkil edilə bilər.

Konsolidasiyanın əsas üstünlüyü ondadır ki, eyni kənd və ya ərazi daxilində torpaqların daha rasional planlaşdırılsın, istehsal xərcləri azaldılsın və məhsuldarlıq yüksəldilsin.

Digər mühüm istiqamət suvarmadır.

Azərbaycanda kənd təsərrüfatının inkişafında su ehtiyatlarından səmərəli istifadə strateji əhəmiyyət daşıyır. Torpaqların konsolidasiyası zamanı yalnız sahələrin birləşdirilməsi deyil, paralel olaraq kollektor-drenaj və suvarma sistemlərinin yenidən qurulması həyata keçirilsə, eyni infrastrukturdan daha çox fermerin faydalanması mümkün olar.

Konsolidasiyanın daha bir üstünlüyü kənd təsərrüfatı texnikasından istifadənin optimallaşdırılmasıdır. Böyük və kompakt sahələrdə kombayn, traktor və digər texnikanın işləməsi daha səmərəli olur. Bu isə maya dəyərinin azalmasına və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

Azərbaycan üçün hansı model daha məqsədəuyğundur?

Azərbaycanın torpaq konsolidasiyası modeli məcburi birləşdirməyə deyil, ilk növbədə könüllülük, iqtisadi maraq və dövlət dəstəyi prinsiplərinə əsaslanmalıdır.

Fermerə belə seçim verilir ki, torpağını satmaq və ya mülkiyyətindən imtina etmək əvəzinə, sahəsini konsolidasiya layihəsinə daxil etsin və nəticədə daha əlverişli yerləşmiş ekvivalent torpaq sahəsi, yaxud iqtisadi kompensasiya əldə etsin.

Türkiyə təcrübəsi

Türkiyədə torpaq konsolidasiyası dövlət səviyyəsində uzun illərdir həyata keçirilir. Rəsmi sənədlərə əsasən, 2018-ci ilədək 6,05 milyon hektarda konsolidasiya işləri aparılıb, 3,60 milyon hektarda isə proses tamamlanıb. 2019-cu ildə 62 vilayətdə 4,62 milyon hektarı əhatə edən 186 layihə həyata keçirilib.

Konsolidasiyaya qoşulan torpaq sahiblərinə dövlət əlavə güzəşt və imtiyazlar verir. Məsələn daha aşağı faizlə kredit alır, aşağı qiymətə əkin sahəsi sığortalanır, infrastruktur xırcləri dövlət tərəfindən qarşılanır. Eyni zamanda, texnikaya, toxuma və digər işlərə görə subsidiya verilir.

İlk mərhələdə pilot layihələrin seçilməsi daha məqsədəuyğun görünür.

Məsələn, torpaqların parçalanmasının yüksək olduğu və intensiv kənd təsərrüfatı üçün potensialı böyük olan rayonlarda konsolidasiya layihələri həyata keçirilə bilər. Layihələr nəticəsində məhsuldarlıq, su sərfiyyatı, texnika xərcləri və fermer gəlirlərindəki dəyişiklik ölçülməli, daha sonra model digər rayonlara genişləndirilməlidir.

Fermerin mülkiyyət hüququ necə qorunacaq?

Konsolidasiya prosesində ən həssas məsələ mülkiyyət hüquqlarının qorunmasıdır. Fermerdə torpağının əlindən alınacağı ilə bağlı təsəvvür yaranarsa, ən yaxşı iqtisadi model belə sosial müqavimətlə qarşılaşa bilər.

Ona görə də vahid elektron kadastr, torpaqların dəqiq xəritələndirilməsi, mülkiyyət hüquqlarının şəffaf qeydiyyatı və müstəqil qiymətləndirmə sistemi konsolidasiyanın əsas şərtləri olmalıdır.

Azərbaycan üçün torpaq konsolidasiyası sadəcə torpaqların birləşdirilməsi layihəsi deyil. Bu, kənd təsərrüfatının xırda və parçalanmış təsərrüfat modelindən daha məhsuldar, texnoloji və bazaryönümlü modelə keçidi deməkdir.

Düzgün həyata keçirilərsə, konsolidasiya torpaqdan istifadə səmərəliliyini yüksəldə, su və texnika xərclərini azalda, fermerlərin gəlirlərini artıra və iri aqrar investisiyaların cəlbediciliyini gücləndirə bilər.

Ən vacibi isə odur ki, konsolidasiya fermerin torpağını əlindən almaq deyil, onun torpağını iqtisadi baxımdan daha dəyərli aktivə çevirmək məntiqi üzərində qurulmalıdır. Bu yanaşma Azərbaycanda yeni aqrar inkişaf mərhələsinin mühüm elementlərindən birinə çevrilə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO