“WhatsApp” istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib.
Bizim.Media xəbər verir ki, yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməyə imkan yaradacaq.
Ən diqqətçəkən yeniliklərdən biri artıq iPad istifadəçilərinin telefona ehtiyac olmadan birbaşa tətbiq üzərindən yeni “WhatsApp” hesabı yarada bilməsidir.
Bununla yanaşı, “CarPlay” və “Android Auto” sistemləri də yenilənib. Yeni imkanlar sayəsində avtomobil daxilində rahat zəng etmək, gələn mesajları dinləyib cavablandırmaq, həmçinin zəng tarixçəsinə baxmaq imkanı verilir.
Digər yeniliyə əsasən, “Adobe Acrobat” texnologiyasının inteqrasiyası sayəsində istifadəçilər veb və masaüstü versiyalarında PDF fayllarını yükləmədən birbaşa söhbət pəncərəsində açıb oxuya və vacib hissələri vurğulaya biləcəklər.
Bundan əlavə, “Apple Music” və “Spotify” inteqrasiyası ilə dinlənilən mahnıları bir toxunuşla “WhatsApp Status” bölməsində paylaşmaq mümkün olacaq.
Qeyd edək ki, yeni “WhatsApp” funksiyaları istifadəçilərə mərhələli şəkildə təqdim edilməyə başlanıb.
Bizim.Media






































































































