
- A-
- A
- A+
“Azadlıq, bərabərlik, qardaşlıq”dan 10 min avroluq cəriməyə – Fransanın demokratiya paradoksu
Xəbər verdiyimiz kimi Fransa Senatı ictimai iğtişaşlar zamanı dəymiş ziyana görə etirazçıların maliyyə məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd 229 səs lehinə, 105 səs əleyhinə olmaqla təsdiqlənib.
Qanun layihəsinə əsasən, ziyana görə 10 min avroyadək cərimə tətbiq oluna bilər.
Qanun layihəsi müzakirə və səsvermə üçün Fransa Milli Assambleyasına göndərilib.
Fransadan “bir addım irəliyə, iki addım geriyə”
“Azadlıq, bərabərlik, qardaşlıq” Fransa Respublikasının dünyaya təqdim etdiyi bu məşhur şüarların arxasında dayanan siyasi reallıq son illər getdikcə daha çox müzakirə olunur. Özünü insan hüquqlarının, demokratiyanın və söz azadlığının beynəlxalq müdafiəçisi kimi göstərən Parisin daxili siyasətində ortaya çıxan yeni təşəbbüs isə bu dəyərlərin nə dərəcədə ardıcıl qorunduğu barədə ciddi suallar yaradır.
Fransa Senatının etiraz aksiyaları zamanı baş verən zorakılıq və dağıntılara görə iştirakçıların birgə maliyyə məsuliyyətini nəzərdə tutan, cərimənin yuxarı həddini 10 min avro müəyyən edən qanun layihəsini qəbul etməsi ölkənin demokratiya anlayışını yenidən gündəmə gətirib. Söhbət kiçik bir məbləğdən, yaxud formal hüquqi prosedurdan getmir. Söhbət vətəndaşın etiraz hüququnun hansı sərhədlərdə qorunmasından, fərdi məsuliyyət prinsipinin necə tətbiq edilməsindən gedir.
Aksiyada iştirak edən birisi başqasının törətdiyi qanunsuz hərəkətə görə niyə maddi məsuliyyət daşımalıdır?
Əgər bir vətəndaş dinc şəkildə öz narazılığını ifadə edirsə, başqa bir şəxsin törətdiyi dağıntının hesabını ona kəsmək heç bir hüquqi məntiqə əsaslanmır. Cinayət və hüquq pozuntusu konkret şəxsin əməli, sübutu və təqsiri əsasında qiymətləndirilməlidir. Kollektiv məsuliyyət mexanizminin geniş tətbiqi isə günahsız insanların da cəzalandırılması təhlükəsini yaradır.
Ona görə də həm Fransada, həm də Avropada ekspertlər düşünürlər ki, qanun istənilən etirazçıya və hətta həmin anda küçədən keçən ixtiyari şəxsə şamil edilə bilər.
Məsələn, “Amnesty International”ın 26 oktyabr 2026-cı il tarixli bəyanatında da layihənin dinc toplaşmaq və ifadə azadlığına çəkindirici təsir göstərə biləcəyi vurğulanıb. Təşkilatın narahatlığı ondan ibarətdir ki, insan özünün törətmədiyi əməllərə görə də maddi məsuliyyətlə üzləşə bilər.
Reuters-in məlumatına görə, hüquqşünaslar da zorakılıqda iştirak etməyən, sadəcə aksiyanın yaxınlığında olan insanların belə məsuliyyətə cəlb edilməsi ehtimalından narahatdırlar.
Fransanın hüquq müdafiəçiləri və solçu siyasətçilər təşəbbüsün etiraz hüququnu məhdudlaşdıracağından və aztəminatlı ailələrə zərər vuracağını düşünürlər.
Çünki cüzi əməkhaqqı alan bir vətəndaş hansısa fikrinə və yaxud etiraz formasına görə niyə 10 min avro cərimələnməlidir?
Lap hesab edək ki, etirazçı hansısa tikiliyə ziyan verib. Belə olan halda da cərimənin məbləği kifayət qədər yüksəkdir. Bu qadağa sadəcə insanların gözünü qorxutmağa, demokratik hüquqlarının məhdudlaşdırılmasına yönəlib.
Təbii ki, heç kim zorakılığa, talana, ictimai və şəxsi əmlakın dağıdılmasına haqq qazandıra bilməz. Lakin hüquqi dövlətin əsas vəzifəsi zorakılıq törədənləri müəyyənləşdirib cəzalandırmaqdır, etiraz edənlərin hamısını potensial təqsirkar kimi görmək deyil. Demokratiya məhz bu fərqin qorunması ilə ölçülür.
Parisin demokratiya dərsləri və özünün yaratdığı ziddiyyət
Fransanın beynəlxalq siyasətində diqqət çəkən ən böyük problemlərdən biri də insan hüquqları məsələsinə münasibətdə nümayiş etdirdiyi ikili standartlardır. Paris başqa ölkələrdə baş verən hadisələri qiymətləndirərkən demokratiyanı, azadlığı və sərbəst toplaşmaq hüququnu əsas meyar kimi təqdim edir. Lakin öz daxilində sosial narazılıqlar gücləndikdə və vətəndaşlar küçələrə çıxaraq etirazlarını bildirdikdə təhlükəsizlik və cəza mexanizmlərini ön plana çəkir.
Məsələnin digər təhlükəli tərəfi sosial müdafiə ödənişlərinin tutulması imkanının nəzərdə tutulmasıdır. Beləliklə, hüquqi mübahisə yalnız cərimənin məbləği ilə məhdudlaşmır, aztəminatlı ailələrin sosial vəziyyətinə də təsir göstərə bilər.
Demokratiya cəza qorxusu ilə yaşadılmır
Bu gün Fransa cəmiyyətini narahat edən əsas sual budur ki, vətəndaş hakimiyyəti tənqid etdiyinə, sosial narazılığını bildirdiyinə və küçəyə çıxdığına görə niyə özünü maliyyə təhlükəsi altında hiss etməlidir?
Dövlətin vəzifəsi qanunu pozanları cəzalandırmaq, dinc vətəndaşların hüquqlarını qorumaq, ictimai asayişi təmin etməkdir. Bu iki vəzifəni bir-birinə qarşı qoymaq olmaz. Zorakılıq edən cəzalandırılmalıdır, lakin başqasının törətdiyi əmələ görə günahsız insanın cəzalandırılması hüquqi dövlət prinsipinə uyğun deyil.
Fransa özünü demokratiyanın müdafiəçisi hesab edirsə, bu prinsipləri ilk növbədə öz ərazisində tətbiq etməlidir. İnsan hüquqları yalnız Parisin beynəlxalq tribunalarından səsləndirdiyi bəyanatlarda deyil, Fransa küçələrində etiraz edən vətəndaşların hüquqlarında da öz əksini tapmalıdır.
Ancaq Makron hakimiyyətinə qarşı ən yüngül etiraz edənlər belə cərimələnmək təhlükəsi iıə üz-üzədir. Bu isə Fransanın dünyaya keçdiyi azadlıq dərsi ilə tam ziddiyyət təşkil edir.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































