
- A-
- A
- A+
Xarici dövlət rəsmilərini təhqir edənlər necə cəzalandırılmalıdır?
Son dövrlərdə Türkiyə mediasında və sosial şəbəkə platformalarında Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı təhdid və təhqir dolu paylaşımların artması müşahidə olunur.
Türkiyə ictimaiyyətində bəzən belə bir yanlış təsəvvür formalaşır ki, bu cür hüquqazidd əməllərə qarşı addımların atılması yalnız Azərbaycan tərəfinin tələbidir.
Lakin hüquqi reallıq tamamilə fərqlidir: Türkiyə Respublikasının ərazisində və ya onun yurisdiksiyasına daxil olan rəqəmsal platformalarda bu qəbil cinayət əməllərini törədənlərin məsuliyyətə cəlb olunması Azərbaycanın deyil, birbaşa Türkiyə Respublikasının 5237 saylı Cinayət Məcəlləsinin (Türk Ceza Kanunu – TCK) tələbidir.
Sosial media məkanının "anarxiya meydanı" olmadığını göstərən bu hüquqi çərçivə, Türkiyə qanunvericiliyində həm ümumi təhqir cinayətləri, həm də xarici dövlət nümayəndələrinə qarşı törədilən cinayətlər bölməsində açıq şəkildə öz əksini tapıb.
Sosial mediada təhqirin cəzası
Sosial şəbəkələrdə dövlət rəhbərliyinə və ya diplomatlara qarşı səsləndirilən söyüş, alçaldıcı ifadələr ilk növbədə TCK-nin 125-ci maddəsinin təsiri altına düşür.
Qanunun 125-ci maddəsinin 1-ci bəndinə əsasən, bir şəxsin şərəf və ləyaqətini alçaldacaq konkret əməl və ya faktın ona aid edilməsi, yaxud söyüş söyülərək təhqir edilməsi 3 aydan 2 ilədək azadlıqdan məhrumetmə və ya məhkəmə cəriməsi ilə cəzalandırılır. Maddədə həmçinin göstərilir ki, zərərçəkənin iştirakı olmadan (qiyabında) törədilən təhqirin cinayət sayılması üçün həmin əməl ən azı üç şəxsin eşidə və ya öyrənə biləcəyi şəraitdə ("ihtilat" şərti) törədilməlidir.
Sosial şəbəkələrdə yazılan şərhlər və paylaşımlar isə yüzlərlə, hətta minlərlə şəxs tərəfindən görülür. Bu isə o deməkdir ki, həmin şəxslərin cəzalandırılması üçün lazım olan hüquqi çərçivə mövcuddur.
Bununla yanaşı, TCK 125/2 maddəsi əməlin səsli, yazılı və ya görüntülü mesaj vasitəsilə törədildiyi hallarda da eyni sanksiyanın tətbiq olunacağını müəyyən edir. Sosial şəbəkə paylaşımlarında ən kritik məqam isə TCK 125/4 müddəasıdır. Bu bəndə görə, təhqirin açıq şəkildə (alənən) — yəni qeyri-məhdud şəxslər dairəsinin qavramasına imkan verən mühitdə törədilməsi cəzanın 1/6 nisbətində artırılmasına əsas verir.
Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sabit presedentlərinə əsasən, X (Twitter), Facebook və Instagram kimi hamıya açıq platformalarda edilən hər bir təhqir xarakterli paylaşım birbaşa bu ağırlaşdırıcı şərt çərçivəsində qiymətləndirilir. Hətta başqasının yazdığı təhqir tərkibli mətni şərh yazmadan "retweet" etmək və ya paylaşmaq da eyni məsuliyyəti yaradır.
Xarici dövlət başçılarına hüquqi zəmanət
Məsələnin ikinci və daha kritik tərəfi təhqir edilən şəxsin xarici dövlətin başçısı olmasıdır. Türkiyə qanunvericiliyinə əsasən, xarici liderlərin nüfuzu xüsusi maddələrlə mühafizə olunur.
Belə ki, TCK-nin 340-cı maddəsinin 1-ci bəndində açıq şəkildə qeyd olunur ki, xarici dövlətlərdən birinin dövlət başçısına qarşı cinayət (o cümlədən təhqir və şərəfin alçaldılması) törədən şəxsə təyin edilən cəza səkkizdə bir (1/8) nisbətində artırılır. Bu o deməkdir ki, Azərbaycan Dövlət başçısının ünvanına sosial şəbəkələrdə təhqir yağdıran şəxs adi bir vətəndaşı təhqir etmiş sayılmır; onun əməli həm TCK 125/4 (açıq şəkildə yayma), həm də TCK 340/1 (xarici dövlət başçısına qarşı cinayət) maddələrinin birgə tətbiqi ilə ikiqat ağırlaşdırıcı dərəcədə cəzalandırılır.
Burada vacib bir hüquqi incəlik TCK-nin 343-cü maddəsində öz əksini tapan "qarşılıqlılıq" (mürecabileyet) prinsipidir. Bu müddəaya əsasən, xarici dövlət başçısına görə cəza artımının tətbiq edilməsi üçün həmin xarici dövlətin (Azərbaycanın) qanunvericiliyində də Türkiyə dövlət başçısına qarşı oxşar müdafiə mexanizminin olması kifayətdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, şəxsin kimliyindən asılı olmayaraq təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Bütün bunları nəzərə aldıqda, Türkiyə məhkəmələri TCK 340 və 343-cü maddələri avtomatik tətbiq etmək hüquqi öhdəliyinə malikdir.
Cəza mexanizmi necə hesablanır?
Baza cəzadan başlayaraq yekun hökmədək uzanan bu proses Türkiyə məhkəmələrində dəqiq riyazi və hüquqi mexanizm üzrə işləyir.
Məsələn, sosial şəbəkə platformasında xarici dövlət başçısının ünvanına alçaldıcı ifadələr işlədən şəxs barəsində hakim ilk növbədə TCK-nin 125/1-ci maddəsinə əsaslanaraq 1 illik (orta hesabla) azadlıqdan məhrumetmə kimi baza cəza həddini müəyyənləşdirir. Lakin əməl özəl mühitdə deyil, internetin geniş auditoriyaya açıq rəqəmsal meydanında törədildiyi üçün dərhal TCK-nin 125/4-cü maddəsi dövrəyə girir və cəza 1/6 nisbətində artırılaraq 1 il 2 aya qaldırılır.
Prosessual zəncirin son halqasında isə təhqirin hədəfində xarici dövlətin rəhbəri dayandığı üçün TCK-nin 340/1-ci maddəsi tətbiq olunur; müəyyən edilən müddətin üzərinə əlavə 1/8 nisbətində artım hesablanır və beləliklə, yekun cəza 1 il 3 ay 22 gün azadlıqdan məhrumetmə həddinə çatır. Üstəlik, bu cür əməllər mütəşəkkil və ya təkrarən həyata keçirildikdə cəzanın məhkəmə cəriməsinə çevrilməsi və ya hökmün elanının təxirə salınması (HAGB) kimi hüquqi imkanlar tamamilə aradan qalxır, təyin olunmuş müddət real həbs cəzası kimi dərhal icraya yönəldilir.
Ərdoğanın hüquqları qorunursa, Azərbaycan Prezidentinə qarşı təhqirlər niyə araşdırılmır?
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, məhkəmə qarşısına çıxarılması və hətta azadlıqdan məhrumetmə cəzası alması artıq dəfələrlə məhkəmə təcrübəsində öz əksini tapıb. Jurnalist Levent Gültekinin 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilməsi, müğənni Zuhal Olcayın eyni müddətə həbs cəzası alması bunun konkret nümunələridir.
Deməli, Türkiyə hüquq sistemi dövlət başçısının şərəf və ləyaqətinin qorunmasını formal norma kimi saxlamır, Dövlət başçısının təhqir olunduğu hallarda bu normaları praktikada da tətbiq edir.
Üstəlik, Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən, Prezidentin təhqir edilməsi ilə bağlı cinayət təqibinin başlanması üçün onun mütləq şəxsi şikayəti tələb olunmur. Ədliyyə Nazirliyinin icazəsi və qanunla nəzərdə tutulan digər prosessual şərtlər əsasında da cinayət işinin açılması mümkündür.
Türkiyənin hüquqi öhdəliyi
Göründüyü kimi, sosial şəbəkələrdə Azərbaycanın Dövlət başçısına qarşı yönəlmiş təhqir xarakterli kampaniyalar yalnız etik və mənəvi sərhədlərin aşılması deyil, Türkiyə Respublikasının cinayət qanunvericiliyinin birbaşa pozulmasıdır. Bu əməlləri törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün Azərbaycan tərəfinin xüsusi tələbinə və ya siyasi təzyiqinə ehtiyac yoxdur.
Türkiyə hüquq-mühafizə və məhkəmə orqanları Türkiyə Cinayət Məcəlləsinin 125, 340 və 343-cü maddələrin verdiyi səlahiyyətlər çərçivəsində öz ölkələrinin qanunlarının tələbini icra etməyə borcludurlar. Vəzifə borcunun yerinə yetirilməməsi isə qanunvericiliyin kobud şəkildə pozulması və hüquqi dövlət prinsipinin ayaqlar altına atılmasıdır.
Bizim.Media-nın analitik qrupu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































