
- A-
- A
- A+
Evinizdə bu köhnə telefon varsa, varlana bilərsiniz - 190 min dollara satıldı
Bir çox insanın evində illərdir istifadə olunmayan köhnə mobil telefonlar saxlanılır. Adətən belə cihazların ciddi maddi dəyəri olmur. Lakin bəzi nadir modellər, xüsusilə yaxşı vəziyyətdə qorunub saxlanılıbsa, sahiblərinin təsəvvür etdiyindən qat-qat baha qiymətə satıla bilər.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, illərdir istifadə olunmayan bəzi mobil telefonlar kolleksiyaçılar arasında böyük maraq doğurur və hərraclarda yüz minlərlə dollara alıcı tapa bilir.
Belə hadisələrdən biri 2007-ci ildə baş verib. Həmin vaxt “PetSmart” şirkətində menecer kimi işə yeni başlayan qadına dostları ilk iPhone modelini hədiyyə ediblər. Lakin qadının artıq “Verizon” operatoruna məxsus üç telefon nömrəsi olduğundan o, yeni cihazdan istifadə etməyib və telefonu qutusunda saxlayıb.
2019-cu ildə həmin telefonun dəyəri 5 min dollar qiymətləndirilib. Ancaq 2023-cü ilin fevralında “LCG Auctions” hərracında cihaz 63 356 dollara satılıb. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə satışa çıxarılan zaman bu smartfonun qiyməti cəmi 599 dollar olub.
Köhnə iPhone 190 min dollara satılıb
Daha böyük məbləğ isə 2023-cü ilin iyulunda qeydə alınıb. İlk iPhone-un nadir hesab edilən 4 GB yaddaşlı versiyası eyni hərracda 190 372,80 dollara satılıb. Bu, cihazın ilkin satış qiymətindən təxminən 320 dəfə çoxdur.
Telefon zavod qablaşdırmasında, açılmamış vəziyyətdə saxlanılıb. Qutusunda nə rəng solması, nə də hər hansı zədə izi olub.
Maraqlıdır ki, ilk iPhone-un 4 GB yaddaşlı versiyası cəmi iki ay istehsal edilib. Tələbatın az olması səbəbindən “Apple” şirkəti qısa müddət sonra bu modelin istehsalını dayandırıb.
Nəticədə 2026-cı ilə qədər həmin model kolleksiyaçılar arasında olduqca nadir və qiymətli cihazlardan birinə çevrilib.
Köhnə telefonların qiymətini nə müəyyən edir?
Bu hadisələrin ortaq cəhəti telefonların investisiya məqsədilə alınmamasıdır. Cihazlardan biri açılmamış hədiyyə kimi saxlanılıb, digəri isə 15 ildən çox qutusunda qalıb.
Mütəxəssislərin sözlərinə görə, köhnə telefonların qiyməti bir neçə əsas amildən asılıdır. Bunlara modelin nadirliyi, zavod qablaşdırmasının vəziyyəti, cihazın mənşəyinin və tarixçəsinin təsdiqlənməsi, eləcə də satışın həyata keçirildiyi platforma daxildir.
İxtisaslaşmış hərraclar nadir telefonlara yüksək məbləğ ödəməyə hazır olan kolleksiyaçıları tapmağa imkan verir.
Köhnə telefonunuzu atmazdan əvvəl bunları yoxlayın
Mütəxəssislər istifadə olunmayan telefonu atmazdan və ya ucuz qiymətə satmazdan əvvəl onun modelini, texniki və xarici vəziyyətini, qutusunun və aksesuarlarının saxlanılıb-saxlanılmadığını yoxlamağı məsləhət görürlər.
Əgər cihaz zavod qablaşdırmasında və açılmamış vəziyyətdədirsə, onu açmamaq daha məqsədəuyğundur. Çünki orijinal qablaşdırmanın qorunması telefonun kolleksiya dəyərini əhəmiyyətli dərəcədə artıra bilər.
Telefonun real bazar qiymətini müəyyən etmək üçün əvvəlki hərraclarda baş tutmuş satışların nəticələrini araşdırmaq tövsiyə olunur.
Bununla belə, yüz minlərlə dollarlıq satışlar nadir istisnalardır. İstifadə olunmuş və qablaşdırması açılmış telefonların əksəriyyəti xeyli ucuz qiymətə satılır. Bir çox köhnə model isə kolleksiyaçılar üçün demək olar ki, maraq doğurmur. (Lent.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































