Tibb inkişaf etdikcə nəinki yetkin insanlarda, hətta ana bətnində də cərrahi əməliyyatlar aparılaraq, neçə-neçə insan həyatı xilas olunur. Bətndaxili əməliyyatlar XXI əsrin ən əhəmiyyətli tibbi tərəqqilərindən biridir. Həm körpənin ana bətnində həyatı xilas olunur, həm də doğulduqdan sonra ağır fəsadların qarşısı alınır. Tibbdə fetal adlandırılan cərrahiyyə əməliyyatı son onilliklərdə dünyada sürətlə inkişaf edib, Azərbaycanda isə yenidir.
Bəs Azərbaycanda bu günədək hansı nəticələr əldə olunub və regionun digər ölkələri ilə müqayisədə ölkəmiz hansı mərhələdədir?
Azərbaycan Tibb Universitetindən (ATU) Bizim.Media-ya verilən məlumata görə, Tədris Cərrahiyə Klinikasının açılışından sonra 2014-cü ildən etibarən II-ci mama-ginekologiya şöbəsində fetoskopik lazer ablasiyasından başqa, hər növ bətndaxili əməliyyatlar icra edilməyə başlanılıb:
Ən çox icra edilən əməliyyatlara amniosentez (dölyanı amnion mayenin genetik araşdırma üçün alınması), kordosentez (döl qanının genetik və laborator müayinəsi üçün nümunə götürülməsi), şant/drenajlar (dölün döş qəfəsinin və ya qarın boşluğundakı patologiyalar zamanı taxılması), fetal reduksiya (çoxdöllü hamiləliklər zamanı qüsurlu dölün sonlandırılması və ya 3,4 döllü hamiləliklərin əkizə qədər endirilməsi) daxildir.
Amnioseptostomiya əməliyyatı - əkiz hamiləlik zamanı transfuziya sindromu baş verərsə, döllər arasındakı çəpərin aradan qaldırılmasıdır və bətndaxili dölə qan transfuziyanın aparılması - daha çox rezus konflikt zamanı dölün hidropsunu və anemiyasını aradan qaldırmaqdır, döl üçün həyati əhəmiyyət daşıyır.
Ümumilikdə isə amniosentez əməliyyatın sayı mindən, kordosentez isə yüzdən yuxarıdır. Şant əməliyyatı isə 11 dölə tətbiq edilib. Bundan əlavə, minə yaxın Fetal reduksiya, 16 amnioseptostomiya üzrə əməliyyat, 50-yə yaxın bətndaxili qan köçürməsi icra edilib. Bütün əməliyyatlar uğurlu olub.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda bu cür əməliyyatlara görə ilk pillədədir. Ümumilikdə isə regionda bətndaxili əməliyyatlarda liderlik Türkiyədədir.
Qardaş ölkədə əməliyyat spektri çox genişdir: onurğa yırtığı (spina bifida), diafraqma yırtığı, sidik yolları tıxanıqlığı və digər mürəkkəb patologiyalar əməliyyat olunur.
Şəfiqə Şəfa, Bizim.Media






























































































