Azərbaycan və Türkiyənin paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün etdiyi birgə müraciət təkcə kulinariya deyil, həm də mədəni irs uğrunda uzun illərdir davam edən mübahisənin yeni mərhələsi hesab olunur.
Yunanıstanın da bu məşhur şirniyyatı öz milli irsi kimi təqdim etdiyi bir vaxtda Bakı və Ankara iddialarını geniş tarixi və elmi arqumentlərlə əsaslandırır.
Bizim.Media xəbər verir ki, bu prosesin təşəbbüskarlarından olan Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun Musavat.com-a açıqlama verib.
Onun sözlərinə görə, UNESCO-ya ünvanlanan sənədlər və elmi araşdırmalar göstərir ki, Azərbaycanın paxlavanın mənşəyi ilə bağlı mövqeyi əsrlərə söykənən yazılı mənbələr, folklor nümunələri və mədəni faktlarla əsaslanır:
“Azərbaycanda paxlavanın tarixi Türkiyənin təqdim etdiyi dövrdən daha qədimdir. Qaziantepin UNESCO tərəfindən Dünya Qastronomiya Şəhəri elan olunması prosesində dəvət edilmiş 12 beynəlxalq ekspertdən biri kimi iştirak etmişəm. Həmin vaxt Qaziantep paxlavasının UNESCO-ya təqdim olunması prosesində də yer almışdım.
Hazırda türk qardaşlarımız paxlavanın tarixini XV-XVI əsrlərə aid edirlər. Halbuki bizdə Azərbaycan paxlavasının ən azı XII əsrə aid olduğunu təsdiqləyən konkret tarixi mənbələr mövcuddur. Qeyd etmişik ki, paxlava Azərbaycan xalqının ən qədim şirniyyatlarından biri olmaqla yanaşı, Novruz süfrəsinin ayrılmaz atributudur. Azərbaycanın müxtəlif bölgələrində Bakı, Gəncə, Şəki, Quba, Qəbələ, Kəvər, Saray, Köz, Riştə, Təndir və Quru paxlava kimi çoxsaylı növlər hazırlanır ki, bu da şirniyyatın ölkə miqyasında nə qədər dərin ənənəyə malik olduğunu göstərir”.
Onun sözlərinə görə, məktubda Azərbaycan paxlavasının yazılı mənbələrdə ən qədim izlərinin XII əsrə gedib çıxdığı vurğulanır:
“Belə ki, Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində "quru paxlavadan və yaş halvadan" ifadəsi işlədilir. Bundan başqa, XII əsrdə Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində də paxlavanın adı çəkilir. Sonrakı əsrlərə aid kulinariya mənbələrində də bu şirniyyatın hazırlanma qaydaları ətraflı təsvir olunur.
Müraciətdə diqqət çəkilən məqamlardan biri də paxlavanın yalnız kulinariya nümunəsi deyil, Azərbaycan xalqının mədəni yaddaşının bir hissəsi olmasıdır. Xalq mahnılarında, folklor nümunələrində, bayram ənənələrində və ailə mərasimlərində paxlava xüsusi yer tutur. Novruz, toy və nişan süfrələrinin, xonçaların paxlavasız təsəvvür olunmadığı vurğulanır.
Sənəddə son onilliklərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının ölkə daxilində və xaricdə keçirdiyi çoxsaylı beynəlxalq tədbirlər də sadalanır.
Qeyd edilir ki, UNESCO-nun 2013-cü ildə Bakıda keçirilən konfransında, müxtəlif beynəlxalq çempionatlarda, çay və şirniyyat festivallarında, eləcə də COP29 çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycan paxlavası milli mətbəxin əsas simvollarından biri kimi təqdim olunub.
Məktubda həmçinin Şəki paxlavasının beynəlxalq festivallarda qızıl medala layiq görülməsi, patentlə qorunması, 2017-ci ildə "Paxlava" adlı poçt markasının dövriyyəyə buraxılması, Gəncədə hazırlanmış nəhəng paxlavalar kimi faktlar da sadalanaraq bu şirniyyatın ölkənin mədəni həyatındakı yeri göstərilir”.
Tahir Əmiraslanovun "Paxlava haqqında dastan" adlı elmi araşdırmasında isə mövzu daha geniş aspektdən təhlil edilir. Müəllifin qənaətinə görə, Azərbaycan mədəniyyətində paxlavanı fərqləndirən əsas xüsusiyyət onun romb formasıdır.
O qeyd edir ki, Azərbaycan dilində “paxlava” anlayışı məhz romb şəklində kəsilmiş şirniyyatı ifadə edir:
“Buna görə də qat-qat xəmirdən hazırlanan bütün şirniyyatları paxlava hesab etmək düzgün deyil. Araşdırmada göstərilir ki, sarığıburma, dilbərdodaq, siqara şirniyyatı və oxşar məmulatlar hazırlanma texnologiyasına görə yaxın olsa da, klassik paxlavadan fərqlənir. Müəllif hesab edir ki, bunlar ayrıca şirin qatlama növləri kimi təsnif edilməlidir.
Tahir Əmiraslanovun tədqiqatında romb formasının Azərbaycan milli təfəkküründə xüsusi yer tutduğu vurğulanır. Müəllif yazır ki, Azərbaycan qadınlarının xəngəl, qazmaq, kükü kimi yeməkləri də çox vaxt romb şəklində doğraması, xalçalarda romb naxışlarının üstünlük təşkil etməsi, "paxlava üzük", "paxlava sırğa" kimi zinət əşyalarının mövcudluğu bu simvolun xalq düşüncəsində dərin kök saldığını göstərir.
Əmiraslanov rombun Novruz fəlsəfəsi ilə bağlılığını da ön plana çəkir.
Onun fikrincə, paxlava doğuluşun, yenilənmənin, işığın qaranlıq üzərində qələbəsinin və qadın başlanğıcının rəmzidir. Məhz buna görə Novruz ərəfəsində paxlava bişirmək əsrlər boyu davam edən ənənəyə çevrilib.
Müəllif paxlavanın tarixini araşdırarkən türk, ərəb və Osmanlı mənbələrinə də istinad edir. O qeyd edir ki, Osmanlı dövrünə aid mənbələrdə paxlava XV əsrdən etibarən saray mətbəxində təsvir olunsa da, Azərbaycan ərazisində bu şirniyyat barədə daha qədim - XII əsrə aid yazılı məlumatlar mövcuddur. Nizami Gəncəvinin "İsgəndərnamə"sindəki "quru paxlava" ifadəsi də bunun ən mühüm sübutlarından biri kimi təqdim olunur.
Araşdırmada XIII əsrə aid ərəb kulinariya kitabında yer alan qat-qat xəmirli şirniyyat resepti də təhlil edilir.
Müəllif burada işlədilən "qarnıyarıq" və "tutmac" kimi türk mənşəli terminlərin həmin kulinariya ənənəsinin türklərdən ərəb mədəniyyətinə keçdiyini göstərdiyini qeyd edir. Tahir Əmiraslanovun gəldiyi nəticəyə görə, paxlava sadəcə şirniyyat deyil. O, əsrlər boyu formalaşmış milli düşüncənin, Novruz fəlsəfəsinin, ailə ənənələrinin və Azərbaycan kulinariya mədəniyyətinin ayrılmaz hissəsidir.
Müəllif hesab edir ki, mövcud tarixi mənbələr və mədəni faktlar Azərbaycan paxlavasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün kifayət qədər ciddi əsaslar yaradır.
Tahir Əmiraslanov "Paxlava haqqında dastanda" yunanların iddialarına da tutarlı arqument gətirib:
"Yunan alimləri illərdir iddia edirlər ki, paxlava onlara məxsusdur və buna sübut kimi eramızın II əsrində yaşamış Navkratisli Atenayosun 'Deipnosophistae' əsərini misal gətirirlər. Güman edirlər ki, həmin kitabda təsvir olunan ballı-qozlu şirniyyat elə paxlavadır. Lakin amerikalı alim Çarlz Perrinin üzə çıxardığı faktlar bu iddianı tamamilə alt-üst edir.
Perri sübut edir ki, yunanların misal gətirdiyi və formasına görə 'Qastris' (mədə/qarın) adlandırılan o qədim şirniyyatda xəmirdən ümumiyyətlə istifadə olunmayıb! O, iki qat döyülmüş küncütün arasına qaynar bal və püstə tökülməklə hazırlanan bir növ şəkər işi olub. Paxlavanı paxlava edən isə onun içliyi yox, türk mətbəxinin vizit kartı olan o nazik, qat-qat xəmiridir, yəni yuxadır. Bu araşdırma bir daha göstərir ki, xəmir işi olmayan bir şirniyyatı paxlavanın əcdadı elan etmək sadəcə elmi savadsızlıqdır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:27 / 07.07.2026
Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar
Hazırda oxunan: Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar
Hazırda oxunan: Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar
623707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































