Peşə seçimi insanın gələcəyinə təsir edən ən vacib qərarlardan biridir. Bəzi vaxtlarda bu qərarı uşaqlar yox, valideynlər verməklə reallaşdıra bilmədikləri arzularını övladlarının üzərinə köçürürlər. Dövrün tələbi isə başqadır. Dövr arzulara yox, konkret tələblərə bağlıdır. Dünyada olduğu kimi bu gün Azərbaycanda da əmək bazarı sürətlə dəyişir və bəzi peşələr digərlərinə nisbətən daha yüksək gəlir gətirir. Yüksək maaş yalnız diplomdan deyil, həm də təcrübədən, bacarıqdan və işlənilən sektordan asılıdır.
Hazırda ölkədə ən çox qazandıran sahələrin başında neft və qaz sənayesi gəlir. Bu sahədə çalışan neft mühəndisləri, geoloqlar, qazma mühəndisləri və layihə rəhbərləri yüksək əməkhaqqı alırlar. Xüsusilə beynəlxalq şirkətlərdə çalışan mütəxəssislərin maaşı ölkə üzrə orta göstəricidən xeyli yüksək olur.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ən yüksək orta əməkhaqqı məhz mədənçıxarma sənayesində qeydə alınıb.
Bu sahədə orta aylıq maaş 4327,8 manat təşkil edib.
Son illərdə informasiya texnologiyaları (İT) sahəsi də ən gəlirli istiqamətlərdən birinə çevrilib. Proqramçılar, kibertəhlükəsizlik mütəxəssisləri, məlumat analitikləri və süni intellekt üzrə çalışan mütəxəssislər həm Azərbaycanda, həm də xarici şirkətlərlə məsafədən işləyərək yüksək gəlir əldə edə bilirlər.
Yüksək maaş verilən digər sahələrdən biri bank və maliyyə sektorudur. Maliyyə analitikləri, auditorlar və investisiya üzrə mütəxəssislər böyük bank və şirkətlərdə yüksək əməkhaqqı ilə çalışırlar.
Tibb sahəsində də təcrübəli həkimlər, xüsusilə cərrahlar, stomatoloqlar və özəl klinikalarda çalışan mütəxəssislər yüksək gəlir əldə edirlər. Bundan başqa, hüquqşünaslar, pilotlar, layihə menecerləri və böyük şirkətlərin rəhbər vəzifələrində çalışan şəxslər də ən çox qazanan peşə sahibləri sırasında yer alırlar.
Bununla yanaşı, son illərdə rəqəmsal marketinq, sosial media idarəçiliyi, qrafik dizayn və kontent yaradıcılığı kimi yeni peşələr də populyarlıq qazanıb.
Bu sahələrdə peşəkarlaşan insanlar yerli və xarici müştərilərlə işləyərək yüksək gəlir əldə edə bilirlər.
Yəni Azərbaycanda ən çox qazandıran peşələr neft-qaz, informasiya texnologiyaları, maliyyə, tibb və hüquq sahələrində cəmləşir.
Günay Şahmar, Bizim.Media
































































































