Boşanmış valideynlər arasında MÜBAHİSƏ - Uşağın xaricə çıxışı necə tənzimlənir?

Boşanmış valideynlər arasında MÜBAHİSƏ - Uşağın xaricə çıxışı necə tənzimlənir?

Hazırda oxunan: Boşanmış valideynlər arasında MÜBAHİSƏ - Uşağın xaricə çıxışı necə tənzimlənir?

622437

Boşanmış ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də uşağın xarici ölkəyə aparılmasıdır. Qanunvericiliyə görə, valideynlərdən biri digərinin razılığı olmadan uşağı ölkə hüdudlarından kənara çıxara bilməz. Lakin bəzən valideynlərdən birinin əsassız etirazı uşağın təhsil, müalicə və ya istirahət məqsədilə xaricə səfərinə mane olur.

Belə vəziyyətlərdə uşağın mənafeyi necə qorunur, mübahisə hansı qaydada həll edilir və qanun bu halları necə tənzimləyir?

Hüquqşünas Pərviz Hüseynov Bizim.Media-ya açıqlamasında bildirir ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərindən biri ilə getdikdə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur:

“Bu qayda boşanma faktından asılı olmayaraq tətbiq edilir. Məhkəmə qaydasında uşaq tərəflərdən birinin himayəsinə verilibsə belə, uşağın xaricə aparılması üçün eyni razılıq tələb olunur. Qəyyumluğun kimin üzərində olması razılıq tələbini hüquqi baxımdan aradan qaldırmır”.

Hüquqşünas qeyd edir ki, bu sənəddə razılıq verən valideynin şəxsi məlumatları (adı, soyadı, ata adı, şəxsiyyət vəsiqəsinin məlumatları), uşağın şəxsi məlumatları, uşaqla səfər edən valideynin şəxsi məlumatları, səfərin məqsədi (turizm, müalicə, təhsil və s.), gediləcək ölkə, səfərin müddəti və tarixləri kimi məlumatlar göstərilməlidir. Onun sözlərinə görə, uşağın himayəsinə verildiyi valideyn ölkədən çıxışın uşağın mənafeyinə uyğun olduğunu sübut etməyə məcbur deyil.

Sübutetmə yükü etiraz edən valideynin üzərinə düşür:

“Uşağın xaricdə müalicə olunması, beynəlxalq idman yarışlarında iştirak etməsi, xaricdə ali təhsil məqsədilə keçirilən imtahanlara qatılması və digər təxirəsalınmaz hallarda məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərək uşağın digər valideynin razılığı olmadan müəyyən müddətə ölkədən çıxmasına icazə verə bilər.

Ailə münasibətlərindən irəli gələn bu mübahisələrdə "Mediasiya haqqında" Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb olunur.

Mediasiya nəticə vermədikdə məhkəməyə müraciət edilir.

İddia ərizəsində uşağın xarici ölkəyə aparılmasının məqsədi aydın şəkildə əsaslandırılmalıdır.

Məhkəmə təcrübəsində əksər hallarda, etiraz əsaslandırılmadıqda, iddialar təmin edilir. Çünki razılığın əsassız olaraq verilməməsi valideynin və uşağın sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur”.

Pərviz Hüseynov həmçinin əlavə edir ki, övladının xarici ölkəyə aparılmasına valideynin etirazı bəzi hallarda əsaslı hesab oluna bilər.

Bura uşağın silahlı münaqişə və ya təbii fəlakət zonasına aparılması, gedilən ölkədə kütləvi epidemiyanın olması vəziyyəti yaxud uşağın həyat və sağlamlığı üçün açıq təhlükə yaradan digər hallar daxildir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO