Son illərdə uşaqların hüquqlarının qorunması istiqamətində humanist yanaşma, övladlarla münasibətdə “mülayim tərbiyə” ən populyar valideynlik anlayışlarından birinə çevrilib. Film və seriallarda, proqramlarda sözün həqiqi mənasında cəmiyyətə belə tərbiyə üsulu “yeridilir”.
Əlbəttə uşaqların hisslərinə və seçimlərinə hörmət etmək, fiziki cəzadan çəkinmək və etibara əsaslanan münasibətlər qurmaq tövsiyə olunandlr. Amma valideyn ağırlığı da, sərt mövqei də tarixə gömülməməlidir.
Mütəxəssislər artıq hədsiz mülayimliyin mənfi tərəfinin olduğunu düşünür. Psixoloq, metodist Zülfiyyə Babayeva Bizim.Media-ya bunları bildirdi ki, hazırda valideynlər uşaqlarına zərər verməkdən o qədər qorxurlar ki, hər hansı bir məhdudiyyət və ya tələbdən yayınmağa başlayırlar. Nəticədə, uşaqlara çox sərbəstlik verilir, onlar başqalarının maraqlarını nəzərə almağı və həyatın qaçılmaz çətinliklərinin öhdəsindən gəlməyi öyrənmirlər.
“Tam sərbəstlik uşağa sevgi demək deyil, əksinə başlı-başına buraxmaq, valideyn kimi məsuliyyətdən yayınmaqdır. Müasir valideynlərin etdiyi ən böyük səhvlərdən biri hər hansı bir məhdudiyyəti zərərli kimi qəbul etməkdir. Uşaqlar kollektiv həyatda bir-birinə hörmət etməyi, istəklərini nəzərə almağı valideyndən öyrənməlidirlər. Əks təqdirdə gələcəkdə kollektiv işdə, ailə həyatında birgə yaşayışa alışıq olmadıqları üçün ayrılmalı olurlar. Valideynlər uşağın ilk ailəsi, ilk dostlarıdır, insan münasibətləri haqqında onlardan öyrənirlər”.
Psixoloq hesab edir ki, uşaqların yalnız sevgi və qayğıya yox, həm də aydın, sərt qaydalara da ehtiyacı var.
“Uşaqlarla tay-tuş kimi davranmağa ehtiyac yoxdur. Valideyn, xüsusilə ata avtoritetini qorumaq lazımdır. Əgər uşaqlar atanı zəif bir lider kimi görsələr, sərhədləri aşacaqları ehtimalı yüksəkdir. Avtoritet valideyn avtoritarla qarışdırılmamalıdır. Birincidə valideynin qətiyyəti, qaydaları, sərhədlərləri olur. Amma bu sərt mövqenin arxasında övladına sevgi və qayğısını əsirgəmir, onun şəxsiyyətini alçaltmır. Avtoritar isə kobud desək, övladı “adam yerinə qoymur”, uşağın seçimi nəzərə alınmır. Geyimindən tutmuş gələcəkdə peşə seçiminə, hətta həyat yoldaşı seçiminə belə müdaxilə edilir”.
Şəfiqə Şəfa, Bizim.Media


































































































