Son illərdə məşhurlaşan “kofe yuxusu” üsulunun yorğunluğun azaldılması və enerji səviyyəsinin artırılmasında təsirli ola biləcəyi bildirilir.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu üsul kofe içdikdən dərhal sonra qısa müddətli yuxu fasiləsi vermək prinsipinə əsaslanır.
Mütəxəssislərə görə, kofeinin orqanizmə təsir etməyə başlaması müəyyən vaxt tələb edir və bu müddət qısa yuxu ilə üst-üstə düşə bilər.
1997-ci ildə aparılan bir təcrübədə yuxusuz iştirakçılar kofe içdikdən sonra 15 dəqiqəlik yatıblar və daha sonra sürüş simulyasiyasında yoxlanılıblar. Nəticələr göstərib ki, kofe içib qısa yuxu alan şəxslər yalnız kofe içən və ya yalnız qısa müddət yatanlarla müqayisədə daha yaxşı performans göstəriblər.
Mütəxəssislər bildirirlər ki, kofein qəbulundan sonra 10–15 dəqiqəlik yuxu həm qısa müddətli yorğunluğu azaldır, həm də diqqət səviyyəsini artıra bilər. Kofeinin təsiri isə adətən 30–45 dəqiqə ərzində daha güclü hiss olunur.
Bununla belə, tədqiqatlar qeyd edir ki, “kofe yuxusu" uzunmüddətli həll deyil və ən effektiv üsul kifayət qədər və keyfiyyətli yuxu rejiminin təmin edilməsidir. Mütəxəssislər gündəlik kofein qəbulunun təxminən 300–500 mg (2–3 fincan qəhvə) aralığında saxlanılmasını tövsiyə edirlər.
Daha yüksək miqdarın isə sinir gərginliyi, ürəkdöyünmə və yuxu pozuntuları kimi yan təsirlərə səbəb ola biləcəyi bildirilir.
Xədicə Paşayeva, Bizim.Media


































































































