Qurban bayramına sayılı günlər qaldıqca, bazarlarda və satış məntəqələrində canlanma artır. Bayram ərəfəsində xüsusilə qurbanlıq heyvanlara və ərzaq məhsullarına tələbat yüksəldiyi üçün qiymətlərlə bağlı müzakirələr də aktuallaşır. Bəzi hallarda isə satıcıların fürsətdən istifadə edərək qiymətləri süni şəkildə artırdığı müşahidə olunur ki, bu da cəmiyyətdə narazılıq yaradır.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında "İçərişəhər" Cümə məscidinin axundu Hacı Surxay Məmmədli ilk olaraq qeyd edib ki, Qurban bayramında insanlar bir-birinə mərhəmət göstərir, paylaşır, bir-birinə dayaq olur.
"Ümumiyyətlə, bu bayramlar insanları mərhəmətə, şəfqətə səsləyir. Amma təəssüf ki, son illər Qurban, Ramazan və Novruz bayramları ərəfəsində bəzi hallarda süni qiymət artımlarının şahidi oluruq. Bu isə bayramın mahiyyətinə uyğun deyil. Əgər biz mərhəmətdən, xeyirxahlıqdan, səmimiyyətdən danışırıqsa, bu bayram qardaşlıq, həmrəylik və sosial paylaşma bayramıdırsa, belə hallara yol verilməsi məqbul sayıla bilməz. İnsan bayram günlərində mərhəməti unudursa, başqasına qarşı sayğısızlıq edirsə, burada savab qazana bilməz. Çünki qurban ibadətinin məqsədi Allaha yaxınlaşmaqdır. Əgər kimsə bu günlərdə qiymətləri süni şəkildə artırırsa, bu nə Allaha xoş gedər, nə də insanlar arasında bəyənilər".
İlahiyyatçı saytımıza açıqlamasında eyni zamanda süni qiymət artımı ilə bağlı əhaliyə çağırış da edib:
"Qiymət artımı ilə bağlı çağırışım budur ki, belə hallara yol verilməməlidir. Dinimiz də, insanlıq da buna icazə vermir. Əgər bayramlaşma bizi birləşdirə bilmirsə, paylaşmaq duyğusunu formalaşdırmırsa, bu artıq bayramın ruhuna ziddir və Allah da bunu bəyənməz".
Bizim.Media







































































































