Braziliyadan ölkəmizə ət idxalına qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

Braziliyadan ölkəmizə ət idxalına qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Braziliyadan ölkəmizə ət idxalına qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

614614

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalını qadağan edib.

Qərara səbəb həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Xüsusilə, bu, heyvanların həyat dövrü ərzində antimikrob maddələrin istifadəsi ilə bağlıdır.

Nəzərə alaq ki, Azərbaycan da Braziliyadan böyük həcmdə mal əti alır.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi statistikaya əsasən, Azərbaycan bu ilin yanvar-mart aylarında 12 min 299 ton ət idxal edib. Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, həcm baxımından 410 ton (3,4%), dəyər baxımından isə 3 min 805 min dollar (15,3%) çoxdur.

Ölkəmizin 2026-cı ilin ilk rübü ərzində ət və ət məhsulları (iri buynuzlu heyvan əti, qoyun əti və quş əti daxil olmaqla) idxal etdiyi ölkələrin daha geniş və rəsmi statistikaya əsaslanan siyahısına Braziliya başçılıq edir. Bu həm dondurulmuş, həm də soyudulmuş məhsullara şamildir.

Bəs, Azərbaycanda Braziliyadan ət idxalına qadağa qoyulacaqmı?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab oldaraq bildirilib ki, AQTA tərəfindən xarici ölkələrdən, o cümlədən Braziliyadan mal əti və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir:

“Məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sertifikatları təqdim etsin.

Məhsullar üzərində idxal prosesi zamanı sənəd, eynilik və fiziki nəzarət tədbirləri aparılır. Fiziki nəzarət zamanı məhsullar laboratoriya sınaqlarına cəlb edilir. Sınaq nəticəsi uyğun olan məhsulların satışına icazə verilir.

Bildiririk ki, cari ilin ötən dövrü ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı Braziliyadan idxal olunmuş mal əti və ət məhsullarında antibiotik qalıqları üzrə hər hansı uyğunsuzluq müəyyən edilməyib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO