Azərbaycanda ən sərfəli ictimai nəqliyyat növü AÇIQLANDI

Azərbaycanda ən sərfəli ictimai nəqliyyat növü AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda ən sərfəli ictimai nəqliyyat növü AÇIQLANDI

614292

Son illər ölkəmizdə, xüsusilə paytaxt Bakıda şəhərdaxili hərəkətin artması ilə ictimai nəqliyyat insanların gündəlik həyatında mühüm yer tutmağa başlayıb. Xüsusilə, tıxaclar və şəxsi avtomobil xərcləri nəzərə alındıqda, sərfəli nəqliyyat seçimi daha da aktuallaşır.

Müxtəlif nəqliyyat vasitələri arasında qiymət, rahatlıq, sürət və əlçatanlıq baxımından fərqlər mövcuddur. Bu baxımdan, hazırda Azərbaycanda ən sərfəli ictimai nəqliyyat növünün hansı olduğu sərnişinlər üçün maraqlı mövzulardan biridir.

Maraqlıdır, Azərbaycanda hazırda ən sərfəli ictimai nəqliyyat növü hansıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Azərbaycanda ən sərfəli nəqliyyat sistemi əsasən elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri hesab olunur.

Ekspertin sözlərinə görə, xüsusilə dəmir yolu nəqliyyatı və şəhərdaxili metro sistemi elektrik enerjisi ilə işlədiyi üçün daha səmərəli və rentabelli hesab olunur:

“Dəmir yolu nəqliyyatında qatarlar, şəhər infrastrukturunda isə metro ən sərfəli nəqliyyat vasitələridir. Bu sistemlər ümumi enerji şəbəkəsinə bağlı olduğuna görə daha stabil və iqtisadi baxımdan səmərəli fəaliyyət göstərir”, – deyə o, qeyd edib.

Aslan Əsədov bildirib ki, elektriklə işləyən nəqliyyat vasitələri həm iqtisadi səmərəlilik, həm də hərəkət rahatlığı baxımından üstünlük təşkil edir.

“Nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti onların iqtisadi cəhətdən daha sərfəli olmasına şərait yaradır. Bununla yanaşı, komfort baxımından taksi daha çevik və fərdi xidmət təqdim etdiyi üçün üstün hesab oluna bilər”, – ekspert vurğulayıb.

Ekspert həmçinin Bakıda mövcud tıxacların nəqliyyat seçimlərinə təsirinə də toxunub:

“Şəhərdə nəqliyyat axınının sıxlığı, xüsusilə pik saatlarda yaranan tıxaclar insanların seçimlərinə birbaşa təsir göstərir. Bu səbəbdən sərnişinlər daha çox metro kimi fasiləsiz və sürətli nəqliyyat vasitələrinə üstünlük verirlər. İllər ərzində qiymət və xidmət dəyişikliklərinə baxmayaraq, metro sərnişindaşımada rentabelliyini qoruyub saxlayır. Bütün dəyişikliklərə baxmayaraq, metro bu gün də sərnişindaşıma sahəsində öz rentabelliyini saxlayan əsas nəqliyyat vasitələrindən biridir”, – deyə ekspert əlavə edib.

Aysu Əsədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO