Şəhər parklarında, dəniz kənarında çöl quşlarını çörək, bulka və digər insan mənşəli qidalarla bəsləmək xeyirxah bir hərəkət kimi görünə bilər, amma əslində bu, quşlara ziyan verir, hətta ölümünə səbəb olur.
Uşaqlı-böyüklü əksəriyyətimiz smiti, bulkanı həvəslə bu qanadlılarla bölüşürük, bəzən iri tikələr də olur ki, quşlar onu parçalaya bilmir.
Zooloqlar xəbərdarlıq edirlər ki, çörək tikələri onların maddələr mübadiləsini pozur.
Çörək karbohidratlarla zəngindir, lakin zülal, vitamin və minerallarla zəifdir və bu da qida çatışmazlığına, piylənməyə və qaraciyər xəstəliyinə səbəb olur. Eyni təsiri insana da edir, amma insan ən azından özünümüalicə metodları, pəhriz və ya ənənəvi tibb vasitədilə problemini həll edir.
Amma quşların belə bir şansı olmadığına görə, ən azından onları ölümə də tərk etməməliyik. Çünki mütəmadi olaraq çörəklə bəslənən quşlar tez-tez həzm problemlərindən əziyyət çəkirlər – çörək mədədə şişir, qəbizliyə və bəzən isə hətta ölümə səbəb olur.
Tez-tez qidalanma həmçinin quşların lələklərini də tökür ki, seyrək lələklə uçmaq elə yaxud ümumiyyətlə havalana bilməmək ölümə bərabərdir.
Bundan əlavə, çörək məmulatları ilə qidalanma çöl quşlarının təbii davranışlarını dəyişdirir: onlar insanların yanında böyük dəstələrlə toplaşır, daha az ehtiyatlı olur və asan yemdən asılı olurlar. Quşların kütləvi toplaşması infeksiyaların yayılmasını sürətləndirir: məsələn, su quşlarında hepatit virusu və ya bakterial xəstəliklər çox olur.
Nəm və bayat, kifli çörək quşlarda zəhərlənməyə, ölmüş quşlar isə infeksiyalara səbəb ola bilər. Artıq qalan kifli çörəklər gəmiriciləri də cəlb edir.
Çöl quşlarına əsl qayğını onların təbii yaşayış mühitini qorumaqla, bitki aləminə ziyan vurmamaqla vermək olar. Ya da ən azından toxumlar (buğda, darı), xırda doğranmış meyvə-tərəvəz səpmək olar, amma bu da mütəmadi edilməməlidir ki, asılılıq yaratmasın.
Şəfiqə Şəfa, Bizim.Media





























































































