PSJ və “Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda əsl qol duelinin iştirakçıları olublar.
Bizim.Media xəbər verir ki, Fransanın “Pari Sen-Jermen” klubu Almaniya nəhəngi “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.
Matçdan sonra ən çox müzakirə olunan mövzulardan biri qapıçıların çıxışı olub. PSJ-nin qapıçısı Matvey Safonov 4 qol buraxsa da, müxtəlif nəşrlər onun oyununa fərqli qiymətlər veriblər.
Fransanın Footmercato nəşri rusiyalı qapıçıya 10 üzərindən 6 bal verib. Nəşr Safonovun oyunun əvvəlində inamlı çıxış etdiyini, ayaqla və çıxışlarda etibarlı oynadığını qeyd edib.
“Buraxılan dörd qoldan üçünə görə Matveyi günahlandırmaq çətindir”, - deyə nəşr yazıb. Goal.com portalı da Safonovun çıxışını 6 balla qiymətləndirib.
L’Equipe isə PSJ-nin müdafiəsindəki problemlərə diqqət çəkib və qapıçıya 5 bal verib. Nəşr yazıb ki, 4 buraxılan qol fonunda Safonovun oyuna ciddi təsir göstərmədiyi görünür. Bununla belə, bütün qollarda onu günahlandırmağın doğru olmadığı vurğulanıb.
Fransız nəşri qeyd edib ki, Safonov Upamekanonun qol epizodunda qapıdan daha tez çıxa bilərdi, Olisenin zərbəsi zamanı isə daha uğurlu oynamaq imkanı var idi. Digər epizodlarda isə rusiyalı qapıçının edə biləcəyi çox şey olmayıb.
Eyni zamanda, Safonovun Olisenin təkbətək çıxışında seyv etdiyi və oyunun sonlarında çıxışlarda fədakar oynadığı bildirilib.
Analitik portal WhoScored isə Safonovun oyununu “Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyerdən yüksək qiymətləndirib. Portal rusiyalı qolkiperə 6,1, Noyerə isə 4,8 bal verib.
Safonov oyunda 3 seyv edib. Matçın ən yüksək qiymətini isə dubla imza atan Xviça Kvaratsxeliya alıb — 9,2 bal.
Ən sərt qiyməti Safonova RMC Sport verib. Nəşr onu PSJ-nin heyətində ən zəif oyunçu adlandırıb və 10 üzərindən 3 balla qiymətləndirib.
RMC Sport-un əsas iradları qapıçının kifayət qədər inam yaratmaması və ayaqla oyunda səhvlərə yol verməsi ilə bağlı olub. Nəşrin fikrincə, Safonov “Bavariya”nın üçüncü qolunda topun trayektoriyasını düzgün hesablaya bilməyib, Olisenin mərkəzə vurduğu zərbə zamanı isə daha yaxşı oynaya bilərdi.
Safonov özü isə oyundan sonra qısa açıqlama verib:
“Düşünürəm ki, karyerada barmaqla sayılacaq matçlar məhz belə oyunlardır. Tamaşanın birinci hissəsi başa çatdı, ikinci hissəyə hazırlaşırıq”.
Bizim.Media

































































































