Moderator.az eksklüziv olaraq dünya şöhrətli alimimiz, professor Rafiq Əliyev haqqında mükəmməl yazılmış və onun xarakterini, elmi və mənəvi kimliyini açan bir müəllif yazısını oxucularına təqdim edir, alimi tanıtmaq üçün deyil, belə bir milli sərvətimiz olduğundan hər birimizin qürur duyması üçün...
"Azərbaycanın ölkənin hər bir vətəndaşında qürur doğuran şəxsiyyətləri bütün əsrlərdə olub və o cümlədən XXI yüzillikdə də var. Belə dühalar şair də, mütəfəkkir də, dramaturq da, bəstəkar da, müğənni də, aktyor da, alim də, ictimai xadim də... ola bilər. Məsələ onun sənət və peşəsində deyil, xalq üçün gördüyü işlərin faydasında, dəyərindədir.
Mənim fikrimcə, bu gün varlığı və əməlləri, elmi
fəaliyyəti və zəkasının məhsulları ilə qürur duyulası alimlərimizdən biri də Rafiq
Əliyevdir. O Rafiq Əliyev ki, dünya şöhrətli Lütfi Zadənin (Lütfizadə kimi də yazılır)
kəşfinə yeni-yeni elmi-nəzəri naxışlar əlavə edib. Özü dünya şöhrətli alim kimi
qəbul olunub. Nağıllarda deyildiyi kimi, günçıxandan günbatana qədər əksər məmləkətlərin
şöhrətli elm-təhsil ocaqlarında mühazirələr oxuyur. Ehtiramı hər yerdə uca tutulur.
Rafiq Əliyevin elmi nailiyyətlərini xırdalamaq
mənim üçün yeni qitə kəşf etmək qədər çətin, əslində mümkünsüz bir işdir. Ona görə
də heç bu dəryaya baş vurmaq fikrində deyiləm.
Amma və di gəl ki, Rafiq Əliyev barədə, onun şəxsiyyəti
haqqında söz demək istəyi çoxdan məni daxilən düşündürür və rahatsız edirdi.
Çox fikirləşdim ki, bu rahatsızlığa rahatcasına
necə son qoyum?..
Axırda bu qərara gəldim ki, dünyanın qüdrətli
insanlarının müdrik fikirlərindən, dərin mənalı aforizmlərindən misal gətirərək
Rafiq Əliyev dühasına məhz həmin sözlərin işığında baxım.
İnanmaq istəyirəm ki, oxucular bu istəyimin səmimiyyətinə
inanacaqlar. Çünki mən sitatlar gətirməklə az-çox biliyimi göstərmək niyyətində
deyiləm. Məqsədim qürur duyduğum bir soydaşımla, vətəndaşımla, halal çörək kəsdiyim
insanla, daim səmimi ünsiyyətdə olduğum şəxsiyyətlə dünya mütəfəkkirləri arasında
mənəvi-psixoloji körpü olduğunu bəyan etməkdir.
Bu qədər: nə az, nə çox!
İndi keçirəm müqayisəli xatırlamalara.
*
* *
Dağıstanın cəsur oğlu Şeyx Şamil (1799 ”“ 1871)
deyirdi ki, «kim aqibət haqqında fikirləşirsə, ondan igid çıxmaz». Mən burada «igid» sözünü «ziyalı» kəlməsi ilə əvəz edirəm.
Qənaətim bu olur ki, Rafiq Əliyev xalqın mənəvi ucalığının yolunda apardığı mübarizədə
heç vaxt öz aqibətini düşünmür. Onun üçün müqəddəsi millət, millətin şərəf və ləyaqəti,
xalqı təmsil etməyə haqqı olanların əyilməz mətanətidir.
Fransız yazıçı və alimi Bernar Le Bovye de Fontenel
(1657 ”“ 1757) hələ üç yüz il əvvəl yazırdı: «Tərəqqini qədim dövrə ifrat pərəstiş
qədər heç nə ləngidə bilməz». Rafiq Əliyev nəinki elmdə, həmçinin ədəbiyyat və incəsənətlə
bağlı tarixə üz tutanda da səlist məntiqlə qeyri-səlist məntiqin harmoniyasında
cazibəli müdrik kimi görünür. Onun müdrikliyinin əsas dayaqları keçmişə ehtiramla
gələcəyə inam arasında yaratdığı ülvi mənəviyyat körpüsündədir.
Fransız filosofu, riyaziyyatçısı, fiziki, fizioloqu,
fəlsəfədə radikal şübhə metodunun müəllifi, analitik həndəsənin yaradıcısı Rene
Dekartın (1596 ”“ 1650) təbirincə «həqiqət şübhədən doğur». Qeyri-səlist məntiqə
gəlib çıxmaq üçün bütün reallıqlara şübhə ilə yanaşmağı bacarmaq lazımdır. Bu gücə,
bü qüdrətə sahib olduğuna görə də Rafiq Əliyev qeyri-səlist məntiqlə dünya elmnə
yeniliklər gətirə bilib.
Çağdaş rus şairi Aleksandr Kuşner (1936) elmi-publisist
məqalələrinin birində göstərir: «Dövrü seçmirlər. Onda yaşayıb ölürlər». Rafiq Əliyev
yaşadığımız dövrə özünün vətəndaş münasibətini ləyaqət və şərəf mücəssəməsi kimi
yaşamaqla bildirir. Bu həyat kredosu müdrikliyin hər kəsə nəsib olmayan əbədiyyət
zirvəsidir.
Niderland rassionalist filosofu, naturalist Benedikt
Spinoza (1632 ”“ 1677) söyləyirdi ki, nə barədəsə düşünəndə «heç vaxt gülməkdən,
kədərlənməkdən, yaxud ləzzət almaqdan deyil, başa düşməyə çalışmaqdan başlamışam».
Rafiq Əliyevin alim qüdrətini dərk etmək üçün onun elminin möhtəşəmliyini başa düşməyə
çalışmaqdan başlamaq lazımdır. Unutmayaq ki, anlamaq, dərk etmək prosesi həqiqət
axtarışı ilə ahəngdar vəhdətdədir. Həqiqətin ucalığına yalnız idrakla çatmaq mümkündür.
Rafiq Əliyev həmin ucalıqdadır.
Alman filosofu Artur Şopenhauerin (1788 ”“ 1860) əsərlərində
belə bir müdrik deyim var: «Şöhrətpərəstlik adamı boşboğaz, məğrurluq isə sakit
və səbrli edir». Məğrurluq Rafiq Əliyevin polad əqidəsidir və bu keyfiyyət ona illər
uzunu formalaşan daxili bütövlüyündan gəlir. Onun məğrurluğu şöhrətpərəstlikdən
deyil, dünya şöhrətli şəxsiyyətinin qürurundan doğulub. Rafiq Əliyevin zəka nuru
ilə məğrurluq işığı həmişə bir-biri ilə ülfətdə qol-boyundur.
Rus ədəbiyyatının klassiki Fyodor Dostoyevski
(1821 ”“ 1881) ölməz əsərlərindən birində daxilən puç, ləyaqətsiz məmuru təsvir edəndə
yazıb: «Əynindəki mundiri çıxaran kimi onun bütün əzəməti sanki əriyib yox oldu».
Bir sıra mundirli «alimlərin» libasları gec-tez əyinlərindən çıxacaq və onların
əsl simaları hamımıza apaydın görünəcək. Rafiq Əliyevin məğrurluq, şərəf, ləyaqət
libası isə onun əbədi alimlik geyimidir. Onu başqalarının əli ilə əyindən çıxarmaq
heç cür mümkün deyil.
Rafiq Əliyevi bənzərsiz, əlçatmaz edən, ləyaqətinə
möhtəşəmlik verən xarakter keyfiyyətləri çoxdur. O, ədalətsizliyə, qəddarlığa, riyakarlığa,
ikiüzlülüyə, namərdliyə, sırtıqlığa, yaltaqlığa, şərəfsizliyə birmənalı şəkildə
nifrət edir. Bu nifrət qaranlığının o biri üzündə xeyirxah, səmimi, mehriban, mərdanə,
cilasun, diqqətcil, ünsiyyətcil, insanları sevməyi bacaran, elmdə həyat, həyatda
elmi müdriklik axatarmağa qadir olan Rafiq Əliyev şəxsiyyəti durur. Sanki dahi Lev
Tolstoyun (1828 ”“ 1910) bu müdrik sözləri Rafiq Əliyevin həyat amalıdır: «Könülləri
əzən və alçaldan yox, onu şad edən və ucaldan əməllərlə yaşayın».
Dünya şöhrətli polyak tibb alimi Vladislav Beqanski
(1857 ”“ 1917) vaxtaşırı özünün müdrik fikirlərini qələmə alırdı. Bu sözlər onundur:
«Kim ki, öz peşəsinə ancaq çörək mənbəyi kimi baxır, o, çörək tapacaq. Lakin o,
ömrünün mənəvi boşluğunu həmin çörəklə doldura bilməyəcək. Mənəvi ömrü heç bir boşluq,
qətrə qədər məsamə qalmadan doldurmaq yükəsək məharətdir. Sanki çox mənalı bir incəsənətdir».
Rafiq Əliyevin ömür yolunun şərəfi, alimlik fəaliyyətinin qüdsiyyəti, şəxsiyyət
kamilliyinin şöhrət ucalığı mənəvi dünyasının ecazkar bütövlüyündədir. Bu ecazkar
bütövlüyün hörgü kərpicləri qətiyyət, mətanət, alicənablıq və xeyirxahlıqdır.
Müasirimiz olan dahi Azərbaycan alimi, akademik
Azad Mirzəcanzadə (1928 ”“ 2006) yazırdı ki, «ideala qovuşmaq üçün mübarizə aparmaq
lazımdır. Onu hazır qəbul etmək prinsipsizlik və məqsədsizlikdir». Rafiq Əliyevin
alimlik və insanlıq mübarizliyi onun sağlam və pak düşüncəsinin məramı, yaşamaq
qayəsinin əsası, əməl-fəaliyyətinin məqsədyönlüyüdür.
Uzun illər İngiltərədə yaşamış Yeni Zelandiya
iqtisadçı alimi, ixtiraçı Olben Uilyam Fillips (1914 ”“ 1975) yazır: «Çətinliklərin
mövcudluğu həmin çətinlikləri dəf etmək üçün insanlarda bacarıq yaradır». Rafiq
Əliyevin həyatda, elmdə, cəmiyyətdə çox çətinlikləri olub. Lakin bu çətinlikləri
mətanətlə, ağılla, elmin qaranlıqda «gizlənən» ziyası ilə dəf etmək mətinliyi, iradəsi,
bacarığı onu həmişə qələbəyə aparıb.
Dahi alman şairi və mütəfəkkiri İohann Volfanq
Höte (1749 ”“ 1832) söyləyib: «Yaşamaq və azadlıq hər gün onların uğrunda mübarizə
aparanlara layiqdir». Deməli, yaşamaq və azadlıq Rafiq Əliyevin halal payıdır. O,
kamil şəxsiyyət kimi bu haqqa layiqdir. Osmanlı türk ədəbiyyatının klassiki Tofiq
Fikrətin (1867 ”“ 1915) aşağıdakı misraları sanki ləyaqət mücəssəməsi, daxili dünyasının
zənginliyi hüdudsuz olan Rafiq Əliyevin boyuna
biçilib:
«Kimsədən mən feyz ummaram, qol-qanad borc almaram,
Mən öz havamda, öz göylərimdə uçmağa qadirəm.
Yaltaq olub boynuma köləlik zənciri salmaram,
Fikri hürr, ilhamı hürr, vicdanı hürr bir
şairəm».
Əbədiyyət hüququ
qazanmış «Don Kixot»un müəllifi, dahi ispan yazıçısı Miqel de Servantesin (1547
”“ 1616) belə bir müdrik kəlamı var: «Mərifət qədər müftə olan şey yoxdur. Gəlin
qarşılıqlı surətdə xeyirxah, nəzakətli, alicənab olaq». Rafiq Əliyevin daxili mədəniyyətindən
xəbər verən alicənablığı, yüzlərlə adama kömək olan xeyirxahlığı, insanlara nəzakətli
münasibəti geniş anlamda mərifət mücəssəməsidir. Bu keyfiyyətlər onun atar damarındakı
qan qədər təmizdir, enerjilidir, həyatvericidir.
Fransız şair
və nasiri, peşəkar təyyarəçi Antuan de Sent-Ekzüperinin (1900 ”“ 1944) fikrini xatırlayıram:
«Ən ülvi cah-cəlal insanlar arasında səmimi ünsiyyətdir». Dostları, məsləkdaşları,
aqillər yaxşı bilirlər ki, Rafiq Əliyevin çöhrəsindən həmişə nur yağır. Bu, onun
insanlara daxilən, ruhən bəslədiyi səmimi ünsiyyətin, nəzakətli davranışın, ədəbli
danışığının intonasiya ahənginin parlaq nişanəsidir. Səmimi ünsiyyət bu müdrik,
kamil insanın ən böyük maddi və mənəvi sərvətidir.
Alman mütəfəkkiri
Fridrix Engelsin (1820 ”“ 1895) maraqlı bir qənaəti var: «Gördüyün işi bilməklə qərar
qəbul etmək iradə azadlığıdır». Rafiq Əliyev gördüyü işin mahiyyətini, dəyərini,
onu elmi dildə kütləyə çatdırmağın təhər-töhrünü çox gözəl bilir. O, yaradıcı insandır
və onun iradə azadlığı, fikir sərbəstliyi qələbələrinin rəhnidir. Rafiq Əliyev cəmiyyət,
mövcud ictimai mühit və öz-özünü tərbiyə prosesində heç vaxt mənəvi tarazılığını
itirməyən unikal şəxsiyyətdir.
Görkəmli rus
sovet fiziki, akdemik Leonid Mandelştamın (1879 ”“ 1944) belə bir deyimi var: «Sözdə
yumşaqlıq, hərəkətdə qətiyyət». Rafiq Əliyevin danışığında musiqi cazibəsi, həlim
nəvaziş yumşaqlığı, poetik cazibə, qəribə zəriflik, bakirə ülviyyət var. Amma və
di gəl ki, Rafiq Əliyev bir şəxsiyyət kimi vətən sevgisində, bir alim kimi fəaliyyətində,
hər hansı elmi nailiyyətə qiymət verilməsində həmişə və son dərəcə qətiyyətlidir,
inamlıdır, prinsipialdır, haqsızlıqla barışmazdır. Bu qətiyyətin, bu inamın, bu
prinsipiallığın, bu barışmazlığın kökü daxili ləyaəqətə, müqəddəs tutulan insani
ehtirama bağlıdır.
İmpressionizmin görkəmli nümayəndəsi, dahi fırça
ustası, Hollandiya rəssamlıq məktəbinin klassiki Vinsent Van Qoq (1853 ”“ 1890) deyirdi:
«İnsanları sevməkdən nəcib heç nə yoxdur». Rafiq Əliyevin insanlıq sevgisində möhtəşəm
ehtiram, əzəmətli cazibədarlıq, ülvi qüdsiyyət, ilahi mərhəmət, emosional zəriflik
var. İnsanlara məhəbbət onun ruhi tələbatıdır.
Musiqidə romantizmin
banilərindən biri sayılan Avstriya bəstəkarı Frans Şubertin (1797 ”“ 1828) bu kəlamı
indiki məqamda çox yerinə düşür: «Bethoven yaradıcılığını dərindən dərk edib onu
sevənə qədər Dunay çayı çox sular axıdacaq». Mən isə deyirəm ki, Rafiq Əliyevin
alimliyinin nəhəngliyini, şəxsiyyətinin kamilliyini, müdrikliyinin əzəmətini, insanlığının
həmişə məsum qalan ülviyyətini anlayıb dərk etmək, dərk edib düşünmək, düşünüb onu
qavramaq üçün Xəzər dənizində çox dalğalar olacaq...
İ.ƏZİZOÄžLU




































































































