Sumqayıtda Daş bazarının köçürülməsi zəminində
sahibkarlarla məmurlar arasında yaşanan qarşıdurma genişlənməkdədir. Bu barədə Moderator.az-ı
məlumatlandıran mənbənin sözlərinə görə, artıq bununla bağlı sahibkarlar Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da müraciət ediblər:
“Daş bazarının köçürülməsi ilə bağlı problemin aktuallaşması
sahibkarları yüksək dövlət orqanlarına, o cümlədən Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət etmək məcburiyyəti
qarşısında qoyub. Dünən M.Əliyevaya müraciət edən sahibkarlar millət vəkilindən
problemin həllinə yardımçı olmağı xahiş ediblər.
Sahibkarların bildirdiyinə görə, Daş bazarının şəhərin digər
ərazisinə köçürülməsi yalnız və yalnız məmur maraqları ilə bağlıdır. Sahibkarlar
iddia edir ki, yerlərdəki bəzi məmurların özbaşınalığı seçki ilində xeyli sayda
insanda sosial zəmində ciddi narazılıqlar yaradır ki, bu da milli maraqlar və
daxili sabitliyin qorunması baxımından arzuedilməzdir. Mülkiyyətçilər hesab
edir ki, məmur harınlığının önlənilməsi xalqın mövcud hakimiyyətə olan inamını
daha da artırar və qanunun aliliyi prinsipi ilə bağlı səslənən fikirləri
ictimai rəydə möhkəmləndirər”.


































































































