Sumqayıtda Polad Həşimovun büstü və xatirə muzeyi açıldı - FOTO

Hazırda oxunan: Sumqayıtda Polad Həşimovun büstü və xatirə muzeyi açıldı - FOTO

28601

Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanların, həmçinin ictimaiyyət nümayəndələri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.

Tədbirdə Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonra Polad Həşimovun məktəbin foyesində ucaldılan büstünün açılışı olub. Bununla yanaşı, xatirə muzeyinin rəmzi açılışını bildirən lent kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar.

Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan eksponatlar, fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.

Polad Həşimovun şəhid olduğu günə təsadüf edən açılış tədbirində çıxışçılar qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov ötən il iyulun 14-də Tovuz istiqamətində şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO