Kürdəmirin bərbad durumda olan mərkəzi yolları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Kürdəmirin bərbad durumda olan mərkəzi yolları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Kürdəmirin bərbad durumda olan mərkəzi yolları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

224433

Kürdəmir rayonunda mərkəzi küçələrin bir neçəsi, əsasən də insanların intensiv hərəkət etdiyi küçələr bərbad vəziyyətdədir. 

Bizim.Media-nın Aran bürosuna danışan rayon sakinləri bildiriblər ki, bu vəziyyət artıq bir neçə ildir davam edir. İstər qışda, istərsə də yayda şəhərin bu küçələrində sürücülər və piyadalar yolun dərin çala-çuxurlu olmasından xeyli əziyyət çəkirlər. 

Sürücülərin sözlərinə görə, yolların bu vəziyyətdə olması avtomobillərə xeyli ziyan vurur.

Piyadalar isə deyir ki, yağış yağan kimi həmin çalalar su ilə dolur və yolda hərəkət etmək müşkülə çevrilir: 

“Uşaqları məktəbə bəzilərimiz şəxsi avtomobillə bəzilərimiz isə qucağımızda aparıb-gətirməli oluruq. Bu da bizə həm maddi, həm də mənəvi tərəfdən əngəllər yaradır. Sakinlər bildirir ki, məsələ ilə bağlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsək də, bu günə kimi mənzərə dəyişməyib. 


Qeyd edək ki, bu vəziyyət rayonun Soltan Şıxəliyev, Xanımsoltan İslamzadə, Şəhid Fərid Şirəliyev, şəhid Adəm Əliyev və Mirzə Ələkbər Sabir küçələrində özünü daha çox büruzə verir. Sakinlər bildirir ki, qarşıdan soyuq qış ayları gəlir və bu küçələr tez bir zamanda təmir olunmasa, yenə də acınacaqlı vəziyyət yaranacaq.

Problem nə vaxt həllini tapacaq?

Yaranmış çətinliklə bağlı üz tutduq Kürdəmir rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayədəliyinə. Nümayəndəlikdən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, adıçəkilən küçələrin asfaltlanması və təmir olunması istiqamətində işlər yekunlaşmaq üzrədir və yaxın günlərdə həmin küçələrin növbəli şəkildə təmir olunmasına başlanılacaq. 

Kürdəmir RİH-nin memarlıq şöbəsinin aparıcı məsləhətçisi Əziz Hacı isə yerli büromuza açıqlamasında qeyd edib ki, rayonun Adəm Əliyev küçəsi, M.Ə.Sabir küçəsi (körpünün alt hissəsi), M.Ə.Sabir küçəsi, dalan-1, Ataş Mahmudov küçəsi (dəmiryolu keçidinə gedən yol), Tərlan Əliyarbəyov küçəsi, Fərrux Hüseynov küçəsi - 2, İslam Məmmədov küçəsində yaxın günlərdə, yəni cari ilin sonuna kimi təmir işləri aparılacaq.


Digər adları çəkilən Xanımsoltan İslamazadə, Soltan Şıxəliyev və digər küçələrin təmirinin isə növbəti ildə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutlur.


Mövzunu diqqətdə saxlayacağıq.














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO