Cəbrayıl sakini doğma rayonuna 70 baş dəvəsilə qayıtmaq istəyir – FOTO  

Hazırda oxunan: Cəbrayıl sakini doğma rayonuna 70 baş dəvəsilə qayıtmaq istəyir – FOTO  

188409

Məcburi köçkünlük həyatı ilə əlaqədar Muğanda – Biləsuvar rayonunda yurd salan ailələrdən biri də Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Bəyişovlar ailəsidir. Onlar burada dəvəçiliklə məşğuldurlar. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Siyavuş Bəyişov vaxtilə Cəbrayılda elə bu sahə üzrə işləyib.

Deyir ki, vaxtilə yaylağa köç edən tərəkəmələr öz yüklərini elə dəvə ilə daşıyardılar. Bəyişovlar ailəsi də 30 il əvvəl işğalçı Ermənistan ordusunun doğma torpaqlarımıza hərbi təcavüzü nəticəsində Cəbrayıl rayonunu tərk edərkən şəxsi əşya və köçlərini öz dəvələrinə yükləyərək Biləsuvar rayonuna pənah gətiriblər. 

Artıq Qarabağımız 4 ildir azaddır. Doğma Cəbrayıla qayıtmaq üçün günləri sayan Bəyişovlar köçlərini məhz həmin dəvələrə yükləyərək öz rayonlarına üz tutmaq arzusundadırlar:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun, Prezidentimizi, Ali Baş Komandanımızı qorusun. İcazə olarsa, 70 başa yaxın dəvəni Cəbrayıla aparıb, təsərrüfatımızı daha da böyütmək istəyirik. Orada məskunlaşandan sonra dəvələri Laçın-Kəlbəcər yaylağına da aparmaq fikrimiz var”. 

Siyavuş Bəyişov Böyük Mərcanlıdan 50 baş dəvə ilə çıxmışdı. İndi onların baş sayı artıb, ayrı-ayrı təsərrüfatlarda 200 başı ötüb. Əsasən iki hürgüclü dəvələr saxlayır. “Səhra gəmisi” adlanan bu dəvələr çox gəlirli və zərərsiz heyvandır. Onlar güclü istilərə və şaxtaya, susuzluğa dözür, düzənlikdə bitən yovşan, şoran otu, dəvətikanı və digər bitkilərlə qidalanır. 

Muğan tarixi üzrə tədqiqatçı Ələsgər Mirzəzadənin sözlərinə görə, Azərbaycanda dəmir yolu çəkilənə qədər at, qatır və uzunqulaqdan fərqli olaraq, dəvə əsas yük heyvanı sayılırdı. Çünki bir dəvənin yükü 3-4 at yükünə bərabər idi. Yüklü dəvə bir gündə fasiləsiz olaraq 30–35 kilometrə qədər yol gedə bilir. “Bu təsərrüfat sahəsi indi də yaşadılır. Yükdaşımadan əlavə, dəvənin əti və südü də faydalıdır. Xalq təbabətində südündən müxtəlif xəstəliklərdə istifadə olunur”, - deyə o əlavə edib. 
Təsərrüfatda alıcıların sifarişi ilə dəvə kəsimi ilin oktyabr ayından mart ayına qədər davam edir. 1 kiloqram dəvə ətinin qiyməti 16-17 manatdır. Diri çəkidə isə yaşından və çəkisindən asılı olaraq məbləğ 3500 manatdan 5-6 min manata qədər dəyişir. Ən bahalı dəvələr isə ağ rəngli dəvələr sayılır. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO