Milli Şuranın Tiflisdəki toplantısı artıq başa çatıb. Bakıdan Tiflisə gedən Şuraçılar geri qayıtmağa başlayıblar. Yaxın saatlarda Rüstəm İbrahimbəyovun da Tiflisi tərk edəcəyi gözlənilir. Müsavat başqanı İsa Qəmbər Tiflisə təyyarə ilə getdiyinə görə, o, axşam saatlarında dönəcək.
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 01.15 radələrində Müsavat başqanı İsa Qəmbərlə Milli Şura sədri Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüş qabaqcadan planlaşdırılıb və bu barədə musavat.com yazıb. Liderlərin görüşü tədbirin keçirildiyi “Vera Palace” otelində baş tutub.
Görüşdən əvvəl Müsavat başqanı İsa Qəmbər jurnalistin sualına cavab olaraq zarafatla belə bir replika verib: “Sadəcə çay içəcəyik, siyasiləşdirməyin ”.
Lakin ictimaiyyətə bəllidir ki, bu görüşü və ondan alına biləcək nəticələri siyasi mühit həssaslıqla gözləyir.







































































































