Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Hazırda oxunan: Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

633134

Azərbaycanda son dövrdə süd, yumurta və ət məhsullarının qiymətində artım müşahidə olunur. Bu da bəzi ərzaqların istehsal faizi ilə ziddiyyət təşkil edir. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında ət istehsalı 2,6 faiz artsa da, süd istehsalında dəyişiklik olmayıb, yumurta istehsalı isə azalıb.

Eyni zamanda, iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə süd və süd məhsulları, yumurtanın qiyməti 10,3 faiz, ət və ət məhsullarının qiyməti isə 7,7 faiz bahalaşıb. Halbuki, ərzaq məhsullarının qiymətinin formalaşmasında istehsalın həcmi də mühüm rol oynayır.

Bəs istehsal göstəriciləri ilə qiymətlər arasındakı bu fərqin səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, istehsal xərcləri artdığına görə məhsul istehsalı ifadədə yüksəlib:
 

“İstehsal kütləvi şəkildə iki-üç dəfə artmayıb ki, bazarda məhsul bolluğu yaransın. Burada inflyasiya amili də var. Məhsul istehsalçılarının enerji xərcləri, həmçinin daşıma və digər istehsal xərcləri yüksəlib. İşçilik xərcləri və orta əməkhaqqı da artır. Bu artan xərclər isə qiymətin üzərinə ötürürlər.


İdxal qiymətləri də artdığı üçün yerli istehsalçılar qiymətləri artıra bilirlər. Çünki qiymət rəqabət şəraitində formalaşır. Yerli istehsalçı üçün öz xərclərinin nə qədər dəyişməsindən daha çox, bazardakı qiymət əsas göstəricidir. Məsələn, yumurtanı hamı 15 qəpiyə satırsa, o da 15 qəpiyə satır”.

Ərzaq məhsullarının hamısını ölkə daxilində istehsal etmirik

Ekspertin sözlərinə görə, ərzaq bazarının böyük hissəsi idxaldan asılıdır:

“Azərbaycanda ərzaq qiymətlərinin formalaşmasında yerli istehsalın rolu nisbətən azdır, əsas təsir idxal qiymətlərindən gəlir. Çünki demək olar ki, bütün bazarlarda idxal məhsulları və idxal olunan xammal mühüm rol oynayır. Hətta yerli istehsalın özü də müəyyən qədər idxaldan asılıdır. Məsələn, xammalın və məhsulun tərkib hissələrinin bir qismi xaricdən gətirilir.

Digər tərəfdən, sahibkar da öz məhsulunu baha satmağa və gəlir əldə etməyə çalışır. Qiyməti artırır, görür ki, alıcılar həmin məhsulu almağa davam edir və bu proses də davam edir”.

Bəs qiymətlərin ucuzlaşmasına səbəb olmaq üçün istehsalın artması nə qədər olmalıdır və bazarda hansı şərtlər yaranmalıdır?

X.Kərimli bununla bağlı hesab edir ki, istehsalın artması halında qiymətlərin ucuzlaşacağını konkret demək mümkün deyil.

“Ümumi bazar qanununa görə, məhsul bolluğu yarandıqda qiymət alıcıların xeyrinə daha ədalətli formalaşır. Ancaq bu, mütləq məhsulun ucuzlaşacağı demək deyil.
 

Məhsulun qiyməti istehsal xərclərini və sahibkarın mənfəət gözləntisini qarşılamalıdır. Sahibkar məhsulu maya dəyərindən aşağı qiymətə sataraq zərər edirsə, növbəti mərhələdə istehsalı azalda və ya ümumiyyətlə dayandıra bilər. Buna görə də məhsulun həddindən artıq ucuzlaşması da istehsala mənfi təsir göstərir.


Ona görə də məhsul bolluğu şəraitində əsas məqsəd qiymətin mütləq ucuzlaşması deyil, ədalətli şəkildə formalaşmasıdır. “Ucuz” anlayışı isə nisbidir. Bir istehlakçı üçün müəyyən qiymət ucuz, digəri üçün baha ola bilər. Bu səbəbdən qiymətin hansı səviyyədə “ucuz” hesab ediləcəyini konkret rəqəmlə müəyyənləşdirmək mümkün deyil”, - o qeyd edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO