Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Hazırda oxunan: Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

633172

Bakının iri supermarketlərində körpə qidalarının oğurluqdan qorunmaq üçün elektron siqnalizasiya birkaları ilə mühafizə olunması diqqət çəkir. Bir vaxtlar əsasən bahalı spirtli içkilər və elektronika məhsullarında gördüyümüz bu mənzərənin artıq körpə qidalarına da şamil edilməsi ciddi suallar doğurur.

Marketlərdə piştaxtalara nəzər salanda elektron təhlükəsizlik sistemləri ilə qorunan məhsulların sırasında artıq yalnız viski, konyak, araq və digər bahalı malları görmək mümkün deyil. Körpələr üçün süd qarışıqları və digər uşaq qidaları da xüsusi birkalarla qorunan məhsullar sırasına daxil edilib.

Bəs niyə məhz körpə qidası?

Burada məsələnin ən həssas tərəfi başlayır. Körpə qidası lüks məhsul deyil. Əksinə, müəyyən yaşda uşaqlar üçün birbaşa zəruri istehlak vasitəsidir. Buna görə də onun oğurluqdan qorunan məhsullar sırasına düşməsi cəmiyyətdə istər-istəməz sual yaradır: Bu, sadəcə marketlərin təhlükəsizlik siyasətidir, yoxsa başqa səbəblər var?

Qida məhsulları satılan supermarketlərdə minlərlə adda məhsul var. Siqnalizasiya birkası isə yalnız spirtli içki və uşaq qidasına bağlanır. 

Araq oğurluğu vərdiş və ya asılılıq nəticəsidirsə, uşaq yeməyinin oğurlanması doğrudanmı yalnız cinayətdir, yoxsa sosial bir haraydır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, mağazaların hansı məhsullara təhlükəsizlik vasitəsi tətbiq etməsi, əsasən, onların öz statistikası və kommersiya qərarları ilə bağlıdır. Onun sözlərinə görə, ümumi prinsip mağazada hansı malların daha çox oğurlanma ehtimalının olmasına əsaslanır.
 

Əkrəm Həsənov qeyd edib ki, mağazanın müştərinin üzərində axtarış aparmaq imkanları isə məhduddur. Yəni mağaza əməkdaşı sadəcə şübhəyə əsaslanaraq müştərinin çantasını, bağlamasını və ya üst geyimini yoxlaya bilməz.


“Sən mağazadan çıxanda müştərilərin bağlamalarını, çantalarını yoxlaya bilməzsən. Üst-başını da yoxlamaq olmaz. Şübhən varsa, polis çağırmalısan”, – deyə vəkil vurğulayıb.

Bu baxımdan mağazaların özlərini başqa üsullarla qorumağa çalışmasının başadüşülən olduğunu deyən hüquqşünas bildirib ki, təhlükəsizlik birkaları da həmin mexanizmlərdən biridir.

Əkrəm Həsənovun fikrincə, konkret məhsulların üzərinə təhlükəsizlik maqnitlərinin vurulması həmin malların oğurlanma riskinin mağazanın nəzərində daha yüksək olduğunu göstərə bilər.

O, bunu bank sektorundakı “scoring” sistemi ilə müqayisə edib: “Mən bank sahəsi üzrə mütəxəssis, keçmiş bank işçisi kimi deyə bilərəm ki, pərakəndə bankçılıqda “scoring” sistemi var. “Scoring” hər bir bankın statistikasına əsaslanaraq kredit verməsidir”.
 

Onun sözlərinə görə, banklar müəyyən müştəri qrupları üzrə əvvəlki statistikaya əsaslanaraq risk qiymətləndirirlər. Yaş, iş, peşə və digər meyarlar əsasında kreditin qaytarılmaması ehtimalı hesablanır və sistem buna uyğun qərar verir. Vəkil hesab edir ki, pərakəndə mağazalarda da buna bənzər daxili statistika mövcud ola bilər: “Pərakəndə mağazaların da statistikası var yəqin. Bu o deməkdir ki, həmin mağazada belə hallar daha çox olub. Buna görə də avtomatik həmin mallara bağlayırlar bunu. Burada başqa heç nə ola bilməz”.


Əkrəm Həsənovun fikrincə, həmin məhsul konkret olaraq bir mağazada oğurlanmasa belə, başqa satış nöqtələrində analoji halların baş verməsi barədə məlumat mağazaların qərarına təsir göstərə bilər.

Əkrəm Həsənov təhlükəsizlik sistemlərinin ölkələr üzrə fərqli tətbiq olunduğunu da diqqətə çatdırıb.

Onun sözlərinə görə, bəzi ölkələrdə insanların bir-birinə və mağazalara olan etimadı daha yüksək olduğundan belə tədbirlərə daha az ehtiyac yaranır. Yaponiya, Cənubi Koreya və Sinqapuru nümunə göstərən hüquqşünas qeyd edib ki, bu ölkələrdə oğurluq hallarının daha az olması belə vasitələrin tətbiqinə də təsir edir.

Digər tərəfdən, ABŞ-da pərakəndə mağazalardan oğurluq probleminin daha ciddi xarakter daşıdığını deyən Əkrəm Həsənov bildirib ki, orada təhlükəsizlik birkalarına daha çox rast gəlinir:

“Birləşmiş Ştatlarda bu daha yüksəkdir. Az qala corablara da vururlar onu. Çünki oğurluq pərakəndə satış məntəqələrində sistemli hal alıb. Oğurlayırlar, sonra həmin malları gedib satırlar”.

Onun sözlərinə görə, Avropa ölkələrində isə mağazaların təhlükəsizlik tədbirləri ilə bağlı yanaşma fərqli ola bilər. Xüsusilə fərdi məlumatların qorunması ilə bağlı tələblər daha sərt olduğundan texnoloji nəzarətin bəzi formaları məhdudlaşdırılır.

“Uşaq yeməklərinin də oğurlanması düşündürücüdür”

Əkrəm Həsənov xüsusilə uşaq qidalarının təhlükəsizlik vasitələri ilə qorunmasının sosial baxımdan düşündürücü məqam olduğunu bildirib. Onun fikrincə, bu, avtomatik olaraq ölkədə əhalinin maddi vəziyyətinin pisləşməsi və ya uşaq qidalarının kütləvi şəkildə oğurlanması demək deyil. Lakin belə məhsulların oğurluq riskinin mağazalar tərəfindən yüksək qiymətləndirilməsi müəyyən sosial reallıqlarla bağlı ola bilər:
 

“İndi bunun səbəbləri yəqin onunla bağlıdır ki, insanların maddi vəziyyəti pisləşir ki, uşaq yeməklərini də oğurlayırlar artıq. Bunu dəqiq demək mümkün deyil, amma böyük ehtimalla o malların oğurluq halları daha çoxdur”.


Sosioloq Üzeyir Şəfiyev supermarketlərdə uşaq qidalarına siqnalizasiya birkalarının yerləşdirilməsi və cəmiyyətdə bu addımın birmənalı qarşılanmaması məsələsinə münasibət bildirib.

Sosioloqun sözlərinə görə, sahibkarların öz mülkiyyətini və mağazadakı məhsulları qorumaq üçün təhlükəsizlik sistemlərindən istifadə etməsi tamamilə təbii və hüquqi haqqıdır:

“Market sahibləri bizneslərini qorumaq üçün təhlükəsizlik mexanizmlərindən istifadə edirlər. Hansı məhsulun daha çox oğurluq riskinə məruz qaldığını müşahidə edib, məhz həmin mallara siqnalizasiya yerləşdirirlər. Burada hər hansı qəbahət və ya qeyri-adi bir hal yoxdur. Hansısa məhsulun mağazadan oğurlanmasına və ya icazəsiz götürülməsinə bəraət qazandırmaq sosial baxımdan adekvat yanaşma deyil”.

Üzeyir Şəfiyev vurğulayıb ki, ölkədə ehtiyac içində olan şəxslər üçün müvafiq dövlət mexanizmləri mövcuddur və vətəndaşlar qanunsuz yollara deyil, aidiyyəti qurumlara müraciət etməlidirlər:
 

“Maddi imkanı çatmayan, ərzaq və ya uşaq qidası almaqda çətinlik çəkən şəxslər Sosial Xidmətlər Agentliyinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək benefisiar kimi qeydiyyata düşə bilərlər. Dövlətin sosial müavinət, məşğulluğa cəlbetmə və müvafiq dəstək mexanizmləri var. Təəssüf ki, bəzi insanlar digərlərinin səxavət hissindən sui-istifadə edirlər. Mağazalara girib başqalarından uşaq qidası və ya yağ almağı xahiş etməyi bir növ peşəyə, ələbaxımlığa çeviriblər. Bu cür hallar kütləvi əhval-ruhiyyəyə mənfi təsir edir və həqiqi ehtiyacı olan şəxslərin kölgədə qalmasına, onlara olan inamın sarsılmasına gətirib çıxarır”.

 

Sosioloq uşaq qidalarının qiyməti və istifadəsi ilə bağlı biznes maraqlarına da toxunub: 

“Uşaq dünyaya gələn kimi ana südündən imtina etdirilib süni qidalara yönləndirilməsi bəzi işbazların maraqlarına xidmət edən tendensiyadır. Körpə üçün ən faydalı və təbii qida ana südüdür. Süni qidaların kütləvi təbliğ olunması və baha qiymətə təklif edilməsi də bu problemin digər tərəfidir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO