Son günlər Gürcüstanda baş verən aksiyalar fonunda Saakaşvilinin yenidən hakimiyyətə qayıdacağı ilə bağlı səsləndirilən proqnozların sayı artmaqdadır. Bəzi siyasilər hesab edir ki, yaxın gələcəkdə Gürcüstanda Saakaşvili hakimiyyətinin yeni dönəmi başlaya bilər ki, bu da qonşu ölkədə həm demokratik, həm də iqtisadi baxımdan yeni yüksəlişə təkan verə bilər.
Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də Saakaşvilinin hakimiyyətə gəlmə ehtimalının yüksək olduğunu bildirdi:
“İvanaşvili hakimiyyəti Gürcüstana müsbət mənada heç nə qazandırmadı. Bəlli oldu ki, bu hökumət Saakaşvili hakimiyyəti dövründə qazanılan müsbət təməllər üzərində fəaliyyətə başlasa da, Gürcüstana ciddi mənada nə isə qazandıra bilmədi. Bu baxımdan İvanaşvili hakimiyyətinin vaxtı Gürcüstan dövləti və cəmiyyəti üçün psixoloji baxımdan başa çatıb. Eyni zamanda, Qərb dünyası da İvanaşvili hakimiyyəti üçün iki dönəmdən artıq zaman ayırmayıb. İkinci dönəmin də başa çatacağını nəzərə alanda iddia etmək olar ki, İvanaşvili hakimiyyətdən yola salınacaqsa, istər seçki yolu, istərsə də “məxməri inqilab” yolu ilə Saalaşvilinin yenidən hakimiyyətə gəlməsi ehtimalı böyükdür.
Saakaşviliyə olan etimad getdikcə artmaqdadır. Xalqda Saakaşvili dönəminə qarşı mənəvi aclıq başlayıb. Saakaşvili dönəmində qısa müddətdə korrupsiya tamamilə məhv edildi. Bir sıra bürokratik əngəllər tamamilə aradan qaldırıldı. Iqtisadi baxımdan da ciddi irəliləyişlər əldə edildi. İvanişvili dönəmində isə geriyə sayım başladı.
Saakaşvilinin yenidən hakimiyyətə gəlmə ehtimalı çox böyükdür. Bu konteksdə əgər Saakaşvili yenidən hakimiyyətə gəlmək iddiasını ortaya qoysa, zənnimcə, Qərbin də bu məsələdə dəstəyi olacaq”.
xa0
Seymur Əliyev







































































































