Deputatdan delimitasiya ilə bağlı MÜHÜM AÇIQLAMA – “Bu kəndlər də Azərbaycana qaytarılmalıdır”

Deputatdan delimitasiya ilə bağlı MÜHÜM AÇIQLAMA – “Bu kəndlər də Azərbaycana qaytarılmalıdır”

Hazırda oxunan: Deputatdan delimitasiya ilə bağlı MÜHÜM AÇIQLAMA – “Bu kəndlər də Azərbaycana qaytarılmalıdır”

192374

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın mayın 15-də olan 9-cu görüşünün yekunları üzrə mətbuat açıqlaması yayılıb.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.

Bu açıqlamadan göründüyü kimi Qazaxın adı çəkilən 4 kəndlə bağlı sərhədlərin delimitasiyası 1976-cı ilin xəritəsinə uyğun olaraq aparılacaq.

Bəllidir ki, ardınca sərhədin qalan hissələrində də delimitasiya prosesi aparılmalıdır.

Görəsən, sərhədin qalan hissələrində də delimitasiya 1976-cı il xəritəsilə aparılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, sözügedən məsələdə hələlik Azərbaycan 20-30-cu illərin xəritəsinə, ermənilər isə 70-ci illərin xəritəsinə üstünlük verir. Bununla belə deputat düşünür ki, son nəticədə sərhədlərin delimitasiyası ilə bağlı xəritə məsələsində müəyən ortaq məxrəcə gəlmək mümkün olacaq:

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü 1991-ci ilin Alma-Ata bəyannaməsi əsasında tanıyıblar. Belə olan vəziyyətdə sərhədlərin müəyyən edilməsilə bağlı məsələdə Azərbaycan tərəfi keçən əsrin 20-30-cu illərin xəritələrinə üstünlük verir. Ermənistan isə daha çox SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında olan xəritələrə üstünlük verir.

Ancaq indiki situasiyada nə 1975, nə də keçən əsrin 20-30-cu illərin xəritələri burada əsas müzakirə predmeti deyil. Burada əsas müzakirə predmeti hələ də geri qaytarılmayan Qazaxın 3 və Naxçıvanın Kərki kəndidir. Onlar 1990-1992-ci illərdə işğal olunub. Yəni bunlar təxminən 30 il bundan əvvəlki dövrün söhbətidir və sübutlar, dəlillərlə bütün dünyanın gözü qarşısında baş verib.

Bir və ya iki əsr bundan əvvəl baş vermiş hadisələrdən danışmırıq ki, burada müxtəlif manevrlər üçün yer qalsın. İndiki halda yaxın tarixdir, hər şey bəllidir. Həmin kəndlər Azərbaycan ərazisi olub və geri qaytarılmalıdır. Bu halda xüsusi xəritəyə, siyasi manipulyasiyaya ehtiyac yoxdur.

Azərbaycan SSR, SSRİ dağıldıqdan sonra da bu 4 kənd Azərbaycanda olub. Ondan sonra isə ermənilər işğal edib. Ona görə də həmin kəndlərə münasibətdə xəritə məsələsini ortaya atmaq məsələni qəlizləşdirmək anlamındadır. 4 kəndimiz bir güllə atılmadan qaytarıldı. Növbəti 4 kəndimizi də eyni aqibətin gözlədiyinə inanırıq”.

Deputat deyir ki, digər bütün ərazilərin delimitasiyası məsələsində isə hələlik fikir ayrılığı var:

“Bu məsələ hələ həllini tapmayıb. XİN səviyyəsində keçirilən görüşlər də göstərir ki, hələ ki, həllini tapmayan məsələlər var. Amma fundamental məsələlərdə xeyli yaxınlaşma mövcuddur. Ermənistandan əməli addımlar gözləyirik. Hesab edirəm ki, gələcəkdə bununla bağlı müəyyən razılaşma əldə edilə bilər. Hələ ki, Azərbaycan 20-30-cu illərin xəritəsinə, ermənilər isə 70-ci illərin xəritəsinə üstünlük verir. Düşünürəm ki, son nəticədə müəyyən ortaq məxrəcə gəlmək mümkün olacaq”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO