\"Hər günü döyüş olan sərhədçilərimiz\" - PEŞƏ BAYRAMINIZ MÜBARƏK - FOTO/VİDEO

Hazırda oxunan: \"Hər günü döyüş olan sərhədçilərimiz\" - PEŞƏ BAYRAMINIZ MÜBARƏK - FOTO/VİDEO

151323

Bu dəfə dağlara qalxacağıq.

Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 104-cü ildönümü günündə şimal bölgəsinin dağlıq zonada yerləşən sərhəd zastavalarından birinə baş çəkəcəyik.

Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin xidməti avtomobili ilə yola çıxanda dağ istiqamətinə getdiyimizi bilən sərhədçilərdən biri gülə-gülə maraqlı bir söz dedi:

"Dağlarda döyüş?! Yaxşı yol sizə". Elə ilk iki sözü eşitməyimlə gözlərim önündə "Dağlarda döyüş" filminin cəsur sərhədçisi -Fərrux rolu canlandı. 56 il bundan əvvəl Kamil Rüstəmbəyovun rejissorluğu ,Əhmədağa Qurbanovun"Tikanlı məftillər"povesti əsasında çəkilmiş filmdə sərhədçi Fərruxun prinsipiallığı, peşəsinə vicdanla yanaşması hər birimizin yadındadır. Mərhum aktyorumuz Şahmar Ələkbərovun canlandırdığı Fərrux dövlət sərhədinin mühafizəsində doğma atasına belə güzəştə getmir.

Dövlət sərhədini pozduğuna görə atasını həbs edib, hərbi məntəqəyə təhvil verən Fərrux rolu qoçaq Azərbaycan sərhədçisinin ümumiləşdirilmiş bir obrazıdır. Dövründən, zamanından, qulluq etdiyi məkanından asılı olmayaraq, bax, Azərbaycan sərhədçisi belədir. Dövlət sərhədini pozan, qanunsuz və icazəsiz keçmək istəyən hər kəsə belə amansız , prinsipial və vicdanlıdır Azərbaycan sərhədçisi. Bu gün Azərbaycanın quru, su, hava sərhədini cəsur, igid sərhədçilər qoruyur, mühafizə edir. 


Yolumuza davam edirik.

Yolumuz Qusarın Yuxarı Tahircal kəndindəki eyni adlı zastavayadır.Yol yoldaşım Xudat sərhəd dəstəsinin iki əməkdaşıdır.Sərhədçi sürücümüz isti havaya rəğmən avtomaşını yüksək peşəkarlıqla idarə edir. Artıq dağ kəndi Yuxarı Tahircaldayıq. Səfalı bir guşədə yerləşir bu kənd. Dağ və meşələrlə əhatə olunub. "UAZ" nər kimi irəliləyir, təpəni qalxaraq zastavaya çatırıq. Bu zastava dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. 

Müasir tipli, hər cür şəraiti olan zastava. 

Şəxsi heyətin istirahəti, məişət qayğılarının həlli yüksək səviyyədə təşkil edilib.Yataq, sinif otağı, duşxana, yeməkxana, bütün bunlar şəxsi heyətin rahatlığı və yüksək səviyyədə xidmət etmələri üçün yaradılıb. Ailəli hərbçilər də unudulmayıb. Dörd sərhədçi ailəsi üçün xidməti mənzil də qulluq edən zabitlərin istifadəsinə verilib. Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Yuxarı Tahircal sərhəd zastavasının şəxsi heyəti dövlət sərhədinin mühafizəsini yüksək səviyyədə aparır. Sərhədçilərin ən yaxın köməkçiləri olan at və itlərlə Rusiya ilə sərhəd zolağı qarış-qarış -addım-addım qorunur, mühafizə edilir. Bunu biz bir daha müşahidə edərək onların xidməti fəaliyyətini qısamüddətli olsa da izlədik.


Bu geyimdə olmayanda narahat oluram.

Yuxarı Tahircal sərhəd zastavasında olduğumuz bir neçə saat ərzində sərhədçi paltarı geyinmişdim. Çəkiliş qurtaranacan 40 dərəcəyə yaxın isti olduğu vaxtda mən güclə dözdüm. Bu geyimi dəyişəndə elə rahat oldum ki.. İndi təsəvvür edin, dağ günəşinin daha qızmar bir yerində daimi bu geyimi geyinmək , xidmət etmək, görün necə çətindir? Təkcə bu zastavada yox, ümumən bütün hərbi məkanlarda bu geyimi daşımaq çox çətindir.

Amma sərhədçinin bu çətinlik heç ağlına belə gəlmir. Bir sərhədçi dostumdan "bu istidə bu paltarda sizə çətin deyil?, Necə dözürsünüz?" - sualına cavabı isə çox qısa oldu.: "Əslində bu geyimdə olmayanda narahat oluram." Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycan sərhədçisi heç bir təmənna güdmədən, tərif, alqış gözləmədən ölkənin bütün dövlət sərhədi boyunca öz nümunəvi xidmətini aparır. 


Vətən müharibəsində 47 sərhədçi şəhidlik zirvəsinə ucaldı.

Yeri gəlmişkən qeyd edək ki, düz beş il əvvəl-avqust ayının 14-də Yuxarı Tahircal sərhəd zastavasının açılışında DSX rəisi, general-polkovnik Elçin Quliyev də iştirak etmişdi. General Quliyev, çıxışında tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalında olan torpaqlarımızın azad ediləcəyini, dövlət sərhədlərimizin bütövlüyünün təmin olunacağını bəyan etmişdi. Artıq 3 ildir bütün Azərbaycan əhalisinin istəyi olan bu arzu reallaşıb.

Azərbaycan öz dəmir yumruqlu liderinin bacarıqlı və Müzəffər Ordusunun, igidlərinin qanı bahasına Qarabağımızın erməni tapdağında olan rayonlarını azad etdi.

Bu yolda 3000 şəhid verdik. Azərbaycan Silahlı Qüvvələrinin yenilməz tərkib hissəsi olan Dövlət Sərhəd Xidməti də Vətən Müharibəsində öz sözünü ləyaqətlə dedi. Döyüşlərdə 47 sərhədçi şəhidlik zirvəsinə ucaldı. Bu gün DSX Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qazaxıstan və eləcə də Ermənistanla dövlət sərhədi boyunca quru, hava, su sərhədlərimizi layiqincə mühafizə edir.

Ermənistanla sərhəddə Azərbaycanın buraxılış məntəqələrinin fəaliyyətini bütün dünya izləyir. Bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti ,elə ermənilərin özü də Laçın buraxılış məntəqəsində Azərbaycanın necə humanist və xeyirxah olduğunu, Azərbaycan sərhədçisinin postunda necə ayıq-sayıq dayandığını görür.Elə bu ayıq-sayıqlıq nəticəsidir ki, Xocalı qatili Vaqif Xaçaturyan məhz Laçın buraxılış məntəqəsində saxlanıldı və hazırda Baş Prokurorluq onun çoxsaylı cinayətlərini araşdırır. Yeri gəlmişkən, iki il əvvəl sosial şəbəkələrdə yayılan bir videonu xatırlamağa dəyər.


İşğaldan azad edilmiş Zəngilan rayonunun Şüküratas dağ massivində Azərbaycanın polkovnik rütbəli sərhədçisi Azərbaycan tərəfə keçmək istəyən erməniləri necə təmkinlə yerinə oturdur,dövlət sərhədinin toxunulmazlığını necə səbrlə qarşısındakına başa salmağa çalışır və başa salır da .Bax, 104 yaşlı Azərbaycan sərhədçisinin qayəsi budur.

Dövlət sərhədinin bütövlüyünü və toxunulmazlığını öz ayıq-sayıqlığı ilə mühafizə etmək, göz bəbəyi kimi qorumaq!  

"Dağlarda döyüş"ün cəsur Fərruxu bu gün Azərbaycanın Sərhəd Qoşunlarında yüzlərlədir, minlərlədir. Hər birini təbrik edirəm. Bu gün onların günüdür. Sərhədçi gününüz mübarək, dostlar!DSX rəisi, general-polkovnik Elçin Quliyev başda olmaqla bütün igid sərhədlərimizi peşə bayramları münasibəti ilə təbrik edirəm. Onların hər günü əslində döyüşdür. Dağlarda, quruda, suda və havada gedən döyüş! Allah qorusun!
 

 



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO