"Hörmüz boğazından gəmilərin keçidi tamamilə dayandırılıb".
Bizim.Media xəbər verir ki, bu barədə İranın Fars körfəzinə Nəzarət İdarəsinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
"Son günlər ABŞ silahlı qüvvələrinin regionda həyata keçirdiyi qanunsuz hərəkətlərlə əlaqədar hazırda Hörmüz boğazından keçid mümkün deyil. Vəziyyət sabitləşdikdən və sakitlik bərpa olunduqdan sonra bütün müraciətlər təqdim olunma ardıcıllığı ilə nəzərdən keçiriləcək və zəruri icazələr veriləcək", - bəyanatda deyilir.
SEPAH Hərbi Dəniz Qüvvələrindən isə bildirilib ki, Hörmüz boğazı ötən axşamdan bağlanıb və İran hakimiyyəti onun açılması barədə qərar qəbul edənədək keçid mümkün olmayacaq. Qurum əlavə edib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi özünü təhlükə qarşısında qoymuş olacaq.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə İran ərazisində təxminən 140 hədəfə zərbə endirdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu əməliyyat Tehranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.
İran isə öz növbəsində Yaxın Şərqdəki ABŞ obyektlərinə raket zərbələri endirib. Bəhreyn, Küveyt, BƏƏ, Oman və Qətər İran tərəfindən həyata keçirilən hava hücumlarının dəf edildiyini bildiriblər.
Bizim.Media



































































































