Misirxanovlar ailəsi dörd nəfərdən ibarətdir. Uzun sürən vətən həsrətindən sonra ailə Ağdam rayonu Kəngərli kəndinə qayıdıb. İndi onlar ev əşyalarını yerləşdirməklə yanaşı həyətyanı sahədə ağac əkib bostan becərirlər.
Həmsöhbətimiz Aftandil Misirxanov Bizim.Media-ya 14 yaşında məcburi köçkün düşdüyü doğma yurduna qovuşmasından danışıb.
Deyir ki, Kəngərli kəndi ermənilər tərəfindən işğal olunanda ərazi yaşıllıq meşə zolağından heç də geridə qalmırdı.
Hətta, burada yaşı yüzdən artıq olan palıd ağacları da olub. Amma ermənilər mədəniyyət ocaqları, evlər, qəbirstanlıqlar və tarixi abidələrlə yanaşı təbiəti də tamamilə məhv ediblər.
Kənndən çıxanda 14 yaşında idim...
“Mən kənddən çıxanda 14 yaşında idim. Dəfələrlə yaşayış yerini dəyişdik. Bütün şəraitimiz olmağına baxmayaraq işğal hər şeyi məhv etmişdi. Ən ağır şəraitdə, çatışmazlıqlar içlərində yaşayıb bu günü gözlədik. Ailənin son beşiyi olduğu halda indi ayrı ailə təsərrüfatı və ailə başçısı olaraq qayıtmışam. Öz adımdan deyə bilərəm ki, mənə verilən evdə heç bir çatışmamazlıq yoxdur. Gələcəkdə qarşıma qoyduğum ən böyük məqsəd kəndimizin inkişafına çalışmaq, buranı qurub yaratmaqdı. O vaxt xatırlayırdım ki, kənd bütünlüklə yaşıl örtük altındaydı. Heç nə qalmayıb. İndi bura köçən hər kəs öz növbəsində həmin yaşıllığı bərpa etməyə çalışır. Artıq qonşumuzun həyətində əkilmiş ağacların bəzisi ilk barını verir. Bu, çox stimulverici haldır", - deyə Aftandil Misirxanov qeyd edib.
Hələ də bu görüşün sevincini yaşayırlar...
Kəngərli kəndinə köç mərhələlərlə davam edir. "Böyük Qayıdış" proqramı çərçivəsində kəndə köç edən ilk sakinlərin ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə görüşləri dillərindən düşmür. Onlar hələ də bu görüşün sevincini yaşayırlar:
"Mən bu kənddə ziyalı ailəsində doğulmuşam. Ona görə də, həyatı dərk edəndən ölkədə baş verən siyasi prosesləri yaxından izləyirdim. Əmin idim ki, Azərbaycan dövlətinin rəhbərinin Qarabağ və ətraf rayonlarla bağlı yürütdüyü siyasət uğurlu nəticəyə çatacaq. Heç vaxt ümidimi itirmədən bu günü gözləyirdim. Xüsusilə doğma yurda dönərkən ilk xeyir-duanı cənab prezident və onun xanımından almaq xüsusi bir tarix idi. Həqiqətən bayram bayrama qarışdı. Bir sevincimiz iki oldu" , - A.Misirxanov əlavə edib.
Bütün acılar tarixə qovuşur...
Hazırda Ağdamın yenidən qurulmuş Kəngərli kəndinə 157 ailə, 693 nəfər sakin köçüb. Bu da, daha bir kənddə həyatın bərpa olunması deməkdir. Həm də ağır köçkün illərində yaşananların geridə qalması...
Bütün acılar tarixə qovuşur, demək olar. Elə sözügedən kəndin işğal tarixi kimi. Bir zamanlar yetkinlik yaşında məcbur köçənlər indi öz övladları ilə geri dönürlər. Müsahibimiz Aftandil bəy kimi...
Qeyd edək ki, Ağdam rayonunun Kəngərli kəndindən 292 ev tikilib. Kənd dövlət proqramına uyğun olaraq növbəti mərhələdə də tikiləcək. Birinci mərhələdə isə kənddə məktəb, uşaq bağçası və körpələr evi, tibb məntəqəsi, inzibati bina və kənd bazarı inşa olunub. Kəngərli kəndi şəhər mərkəzi yaxın ərazidə yerləşməklə 1993-cü ildə işğal olunmuşdu.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:22 / 30.05.2025
14 yaşında çıxmışdı, ailə başçısı kimi qayıtdı – Misirxanovların 30 illik həyat HEKAYƏSİ - FOTO
Hazırda oxunan: 14 yaşında çıxmışdı, ailə başçısı kimi qayıtdı – Misirxanovların 30 illik həyat HEKAYƏSİ - FOTO
Hazırda oxunan: 14 yaşında çıxmışdı, ailə başçısı kimi qayıtdı – Misirxanovların 30 illik həyat HEKAYƏSİ - FOTO
252206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.