IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində görkəmli yazıçı, publisist və ssenarist Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə “Yusif Səmədoğlu – 90” adlı panel müzakirə təşkil olunub.
Bizim.Media xəbər verir ki, paneldə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru Lütviyyə Əsgərzadə çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Nazlı Hacılının vətənpərvərlik ruhunda şeirləri maraqla QARŞILANDI – FOTO
Paneldə yazıçının yaradıcılığı, xüsusilə XX əsr Azərbaycan ədəbiyyatının şah əsərlərindən sayılan “Qətl günü” romanı, həmçinin müəllifin yazdığı ssenarilər ətrafında geniş müzakirələr aparılıb.
Çıxışçılar Yusif Səmədoğlunun ədəbi irsinin çağdaş dövrdə də aktuallığını qoruduğunu, onun əsərlərinin dərin fəlsəfi və mənəvi qatlara malik olduğunu vurğulayıblar.
Elnarə Qaragözova, “Qətl günü” romanını postmodernist təfəkkürün Azərbaycan ədəbiyyatındakı mühüm təzahürü kimi qiymətləndirərək, əsərin ideya-estetik tutumu, zaman və yaddaş anlayışı kontekstində danışıb.
Lütviyyə Əsgərzadə isə Yusif Səmədoğlunun ssenaristlik fəaliyyətinə diqqət çəkərək, onun kinoya gətirdiyi bədii mətnlərin ictimai və tarixi yaddaşın formalaşmasında rolundan bəhs edib.
Panel çərçivəsində iştirakçılar tərəfindən yazıçının həyat və yaradıcılığına dair məlumatlar təqdim edilib, müzakirələr aparılıb.
Müzakirənin Yusif Səmədoğlunun zəngin ədəbi irsinin təbliği və yeni nəsil oxuculara tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media