Bəzi hallarda dişlərinizi fırçalamaq kimi faydalı bir prosedur ağız sağlamlığınıza zərər verə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı mütəxəssislər xəbərdarlıq ediblər.
Ortodont Mariya Balakireva Reedus-a müsahibəsində bu prosedurun zərərli ola biləcəyi üç əsas məqamdan danışıb.
Birincisi, diş fırçası və diş pastasının xüsusiyyətlərini nəzərə almadan seçməkdir. Əgər onları səhv seçsəniz, bu, dişlərə və ağız boşluğuna mənfi təsir göstərə bilər. Həkim vurğulayır ki, fırça seçərkən onun yumşaqlığını və sərtliyini, diş məcunu seçərkən isə aşındırıcılığını nəzərə almaq lazımdır. Bu keyfiyyətlər bütün məcunların qablaşdırmasında qeyd edilir. Mariya Balakireva qeyd edib ki, ən yaxşısı bu məhsulları təkbaşına deyil, peşəkar stomatoloqların məsləhətilə seçmək lazımdır.
İkinci problem yeməkdən dərhal sonra dişlərinizi fırçalamaqdır. Bu, dişin mina qatını zəiflədə bilər, Qəbul etdiyimiz duzlu, turş qidalar və ya içkilərdən sonra diş minası həssas olur və bu zaman fırçanın mexaniki təsiri onun aşınmasına kömək edir, eroziya və həssaslıq riskini artırır.
Odur ki, həkimlər hər yeməkdən dərhal sonra dişlərinizi fırçalamağı məsləhət görmürlər. Yeməkdən sonra sadəcə ağzınızı yaxalaya bilərsiniz. Dişlərinizi gündə iki dəfə - səhər və axşam yatmazdan əvvəl yaxşıca fırçalamaq kifayətdir.
Üçüncü səhv addım təmizlik texnikasının yanlış olmasıdır. Bu, hətta ən keyfiyyətli baxım vasitələrinin faydalarını azaldır. Belə ki, fırçanı dişə bərk sıxmaq diş ətini və dişləri zədələyə bilər.
Həkim vurğulayır ki, elektrik diş fırçalarının adi fırçalara nisbətən bəzi üstünlükləri var, lakin hətta bu müasir məhsullar da dişlərə və diş ətlərinə zərər verə bilər, çünki dişlərin düzgün fırçalanması texnikası insanın istifadə etdiyi cihazdan qat-qat vacibdir.
Mütəxəssis qeyd edib ki, bir çox uşaq və böyüklər dişlərini səhv fırçalayırlar. Bu zaman nə elektrik, nə adi diş fırçası, nə də diqqətlə seçilmiş diş pastası sizi ağız boşluğu xəstəliklərindən xilas edə bilməz.
Odur ki, stomatoloqlar gigiyena vasitələri və dişlərin təmizlənməsi üsullarını təkbaşına seçməməyi tövsiyə edirlər. Diş həkiminə müraciət etmək daha yaxşıdır. O, sizin xüsusi ehtiyaclarınızı nəzərə alaraq, düzgün alətləri seçməyə və düzgün qulluq üsullarını mənimsəməyə kömək edəcək.
Bizim.Media