Əlifba bayramına milyonların xərclənməsi kimə lazımdır? – ARAŞDIRMA

Əlifba bayramına milyonların xərclənməsi kimə lazımdır? – ARAŞDIRMA

Hazırda oxunan: Əlifba bayramına milyonların xərclənməsi kimə lazımdır? – ARAŞDIRMA

243589

Məktəblərdə tarixi hadisələr, əlamətdar günlərlə bağlı mədəni-bədii tədbirlər, həmçinin, elm və mədəniyyət sahəsində iz qoyan insanların xatirə gecələri keçirilir. Bunlar həm şagirdlərin dünyagörüşünün artırılmasına, həm istedadlarının üzə çıxarılmasına xidmət edir.

Bəzi tədbirlər, “Bilik Günü”, “Son zəng” və “Əlifba” bayramları birbaşa məktəbə, tədris prosesinə aiddir. Bunlar öyrənməyə ilk addımın atılması, təhsilin təməli olan hərflərin öyrənilməsi və nəhayət, məktəbi bitirməklı bağlı olan sadə məktəb tədbirləridir. Lakin son illər bu tədbirlər daha dəbdəbəli keçirilir.

Sinif rəhbərləri, şagirdlər və valideynlər öz tədbirlərinin digərindən seçilməsi üçün xeyli vaxt və enerji sərf edirlər.

Xüsusilə də bu günlərin qeyd olunması üçün valideynlər xeyli pul toplayır, tədbirdə şagirdlərin xüsusi geyimi, dekorasiya, xüsusi işıqlar, musiqi və digər məsələlərə kifayət qədər pul xərclənir. Nə az, nə çox, bir şagirddən əlifba bayramı üçün 100-200 manat arası pul yığılır. Əgər sinifdə 30 şagird varsa və yığlan məbləği saya vursaq ən azı 3000, ən çoxu isə 6000 manat edir.

Bəs bunun günahı kimdədir?

Azərbaycanda toylar və yaslar da xüsusi dəbdəbə ilə keçirilir. İnsanlar toylarda xonça sayı ilə, restoran seçimi ilə qonşu ilə yarışa çıxırlar. Yaslarda da günbəgün dəbdəbə artır.

Təəssüf ki, müəllim və valideynlər birlik yaradaraq bu dəbdəbəni məktəb tədbirlərinə də gətirirlər.

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib ki, bizdə təhsilə yanaşmada problem var:

“Bizim təhsilin ən böyük problemi hər hansı sosial məsələ, savadsızlıq, müəllimlərin maaşı, məktəblərin maddi-texniki məsələsi yox, yanaşmadır. Bizim təhsil yanaşmalarda itirir. Xarici ölkələrdə təhsilə baxış, təhsildən almaq istədiklərini bizlə müqayisə edirik. Fərq yerlə göy qədərdir.

Bu gün təhsil haqqında yanaşmalar dəyişəndə, Əlifba bayramı və digər tədbirlərə baxış da dəyişəcək. “Son zəng”i başa düşdük, bu dünyanın bir çox ölkələrində fərqli formatlarda var. Amma aralıq aylarda məktəblərdə rəsmi və qeyri-rəsmi həyata keçirilən bəzi məsələlər var ki, bunların mən yanaşma problemindən qaynaqlandığını düşünürəm”.

O, bu cür tədbirlərin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib:
 

“Əlifba bayramı nəyə lazımdır? Uşaq əlifbanı öyrənib, lap yaxşı. Uşaq məktəbə nəyə görə gedirdi ki? Biz ən minimal öhdəliyin həyata keçirilməsi ilə bağlı bayram etməliyik? Bu yanaşma gülməlidir. İllərlə, onilliklərlə davam edir. Pul, vaxt baxımından da problem yaşadır.


Məsələ Əlifba və ya hər hansı “X”, “Y” bayramı deyil, məsələ yanaşmadır. Təhsilə öz missiyasına uyğun yanaşdıqda, ondan zövq aldıqda belə şeylər yada düşməyəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO