Azad Yazarlar Ocağı fəaliyyətini DAYANDIRIB? – Sədrindən AÇIQLAMA 

Azad Yazarlar Ocağı fəaliyyətini DAYANDIRIB? – Sədrindən AÇIQLAMA 

Hazırda oxunan: Azad Yazarlar Ocağı fəaliyyətini DAYANDIRIB? – Sədrindən AÇIQLAMA 

185262

Yarandığı dövrlərdə aktivliyi ilə seçilən Azad Yazarlar Ocağının (AYO) bir neçə ildir əvvəlki fəallığı hiss olunmur. 2001-ci ildə yaranan, yaranması ilə ədəbi mühiti canlandıran və az qala ədəbi proseslərin mərkəzinə çevrilən, qələmi ilə fərqlənən xeyli sayda yazıçının toplaşdığı təşkilatın son vaxtlar bəyənatlarına da rast gəlinmir. 

Bəs buna səbəb nədir? Hazırda AYO-nun fəaliyyət istiqaməti nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya Azad Yazarlar Ocağının (AYO) sədri Rəşad Səfər açıqlama verib.

O bildirib ki, əvvəlki kimi aktivlik olmasa da AYO fəaliyyətini davam etdirir:

“Düzdür, hazırda AYO-da əvvəlki kimi səs-küylü aktivlik yoxdur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Amma AYO və ayoçuluq hələ də davam edir. Hər il yeni üzvlər qoşulur. Üzv olmasalar da, AYO ideyasına yaxınlığı ilə seçilən yaradıcı insanlar var.

Ümumiyyətlə, AYO standart ədəbi təşkilat olmadığı kimi, bu ideyanın özünə də fərqli baxmaq lazımdır. Biz institusionallaşmış bir təşkilat deyilik. Əsas ideya yaradıcı azadlığa üstünlük verən və onu bacardıqca qoruyub saxlayan insanları bir araya gətirməkdir. Fərqli fikirli, fərqli estetik zövqlü insanlar var sıralarımızda... 

Bizdə hesab-kitab, konkret üzv siyahıları, sərt qaydalar, partiya biletlərinə bənzəyən üzvlük vəsiqələri, ev-mükafat sırasına dayanmaq kimi şeylər yoxdur. Kim özünü azad yaradıcı insan hesab edirsə və bunu yaradıcılığında göstərirsə, elə düşüncə olaraq ayoçudur. Nə zamansa AYO-da olduğunu elan edib, indi bu dəyərlərdən kənarlaşmış insanlar hətta üzvlükdən çıxdıqlarını açıq söyləməsələr də, artıq onları ayoçu hesab etmək olmaz”.

Ötən ilin noyabrında təşkilata sədr seçilən Rəşad Səfər AYO-nun hazırkı fəaliyyətinin əsasən yeni nəşrlərlə bağlı olduğunu qeyd edib:

“Üzvlərimiz hazırda müxtəlif platformalarda ədəbi-publisistik mətnlər yazırlar. Son illərdə Rasim Qaraca, Seymur Baycan, Azər Əhmədov, Nərmin Kamal, Cavid Ramazanov, Orxan Əyyub (Eyp), Rəşad Səfər, Fərican Yarən, Yusif Biden, Məsumə Əhədova, Orxan Hüseynov, Samiq Alatoran, Fərhad Yalquzaq və digər üzvlərimizin kitabları, tərcümələri nəşr olunub. Yaxın vaxtlarda başqa nəşrlər də gözlənilir.

Tez-tez görüşüb ədəbi müzakirələr aparırıq. AYO-nun son iclasında "Alatoran" və yeni ədəbi jurnalların nəşri ilə bağlı qərarlar verdik. Hazırda bu istiqamətdə iş gedir”.

Xatırladaq ki, AYO-da indiyədək seçilən sədrlər arasında Rasim Qaraca, Seymur Baycan, Aqşin Yenisey, Rafiq Tağı, Günel Mövlud, Namiq Hüseynov, Fərhad Yalquzaq, Fərican Yaren, Yalçın İslamzadə və Cavid Ramazanov kimi simalar olub.  

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO