“İnsanların qınağından, suallarından yorulmuşdum”

“İnsanların qınağından, suallarından yorulmuşdum”

Hazırda oxunan: “İnsanların qınağından, suallarından yorulmuşdum”

59130

Xanəndə, respublikanın əməkdar artisti Nuriyyə Huseynovanın Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

-Nuriyyə xanım, “Sarı bülbül” sizin üçün nəyi ifadə edir?

-Bu mahnını mən ifa edəndə nə həyatı, nə də ki, musiqini dərk edirdim. Heç bilmirdim ki, bu adın mənası nədir, nə üçün ona bu adı veriblər. O zaman öz uşaq dünyamda idim, mənə elə gəlirdi ki, həyat yeməkdən, oynamaqdan və kor- koranə şəkildə oxumaqdan ibarətdir. Təbii ki, o yaşda bir qız uşağı nə hiss edib, nə oxuya bilərdi ki?

Mən sadəcə oxuyurdum. Televiziyadan eşidib, əzbərləmişdim. Səsimdə şirinlik, avaz var idi. “Sarı bülbül”ü bir çoxları ifa etmişdi, mən də sevirdim deyə bu musiqini ifa edirdim. Təbii ki, mənim də səsim, içimdə musiqiyə qarşı sevgi olmasaydı ifa edə bilməzdim. Zaman keçdikcə bu musiqinin mahiyyətin dərk edirsən.

-Müsahibələrinizdə də qeyd etmisiniz ki, ”Əməkdar artist” adı sizə bəzi tələbələrinizdən sonra verildi. Çoxmu həvəsində idiniz bu adın?

-Yox, həvəsində deyildim. Əslində düşünürəm ki, dövlət bu adları birdəfəlik ləğv etsə daha yaxşı olar. Çünki layiq olanlar kölgədə qalır, bu adı gec alır, layiq olmayanlar isə ön plana çəkilir. Bunları görəndə düşünürəm ki, bu adı ya layiq olanlar almalıdır, ya da ümumiyyətlə ləğv olunmalıdır. Düzünü desəm, bu adın heç həvəsində də deyildim. Sadəcə insanların qınağından, suallarından yorulmuşdum. Çünki harda görürdülər sual verirdilər ki, nə üçün sizə “əməkdar artist” adı verilməyib. Bu suallar məni çox yorurdu. Hər insana, tamaşaçıya cavab vermək mənə çətin gəlirdi. Indi də eyni halı yaşayıram. Nuriyyə xanım niyə sizə “Xalq artisti” adı verilmir? Bundan da çox yorulmuşam. Zamanı gəldikdə yəqin ki, bu ada da layiq görüləcəm. Mənim həyata baxışım, istəyim tamam fərqlidir. Mənim fikrimcə xalqın artisti olmaq üçün bu titula ehtiyac yoxdur. Xalq səni sevirsə, izləyirsə, qiymət verirsə, deməli, sən artıq xalqın artistisən.

-Ümumiyyətlə “Xalq artisti”, “Əməkdar artist” kimi adların sənətkarın həyatı, yaradıcılığı üçün hansı əhəmiyyəti var?

-Bilirsiniz, bunlar hamısı sənətkar üçün stimuldur. Yəni sadəcə insan gördüyü işdən perspektiv axtarır. Hansı isə keyfiyyətli bir iş ərsəyə gətirirsə sonucda bunun qarşılığında mükafat umur. Belə mükafatlar insana stimul verir. Sənətkar düşünür ki, onun gördüyü iş hədər getməyib, dəyərləndirilib, xalqda, dövlətdə onun sənətinə sevgi var.  Bu zaman o, sənətini daha da inkişaf etdirməyə, irəliyə aparmağa cəhd edəcək.

Bugün məşhur, tanınmış bir insan olmaq o qədər çətin deyil. Təbii ki, düzgün yolla məşhur olmaq çox çətindir. Gərək bu çətinliklərə davam gətirib yoluna davam edə biləsən. Əlbəttə, insanın əziyyətlərinin qarşılığı verilməyəndə insan sarsılır, düşünür ki, sənətimə qiymət vermirlərsə mən kimin üçün, nə üçün çalışıram. Açığı, bu məni o qədər də narahat etmir. Çünki mən sənətimə və reklamıma pul xərcləmədim. Amma bunlara rəğmən mən bugün çox sevilirəm, sevənlər məni axtarır, mənə məktublar göndərirlər. Sənətkar üçün bundan gözəl sevgi, dəyər ola bilməz.

-“Cavad xan” filmində Cavad xanın həyat yoldaşı Şükufə xanım obrazını canlandırmısınız. Nuriyyə xanım ilə Şükufə xanım xarakterində hansı oxşar xüsusiyyətlər var?

-Onunla mənim xarakterimdə oxşar cəhətlər çox idi. İlk növbədə mən də onun kimi çox vətənpərvər, ailəsinə bağlı, yoldaşına sadiq qadınam. O çox gözəl övladlar böyüdüb. Öz dövrünə görə ağıllı, müasir qadın olub. Hələ o dönəmlərdə Avropada onun dostları olub, onlarla məktublaşıb, dəyərli məsləhətlər alıb. Təbii ki, o dövrdə Azərbaycanlı bir xanımın dünyaya çıxışı çox çətin məsələ idi. Şükufə xanımla mənim xarakterimdə bir fərq görmürəm. Demək olar ki, bizim xüsusiyyətlərimiz eyni idi.

-Bu filmdə oynamaq sizdə aktrisalığa maraq yaratdı. Ürəyinizdə elə bir obraz varmı ki, onu oynamaq istəyəsiniz?

-Az öncə də qeyd etdim ki, Şükufə obrazı mənim xarakterimə uyğun rol idi. Yenə də mənim xarakterimə uyğun olan bir obraz olarsa, yəni mənə belə bir təklif gələrsə məmnuniyyətlə ifa edərəm. İnsan öz xarakterinə uyğun olan obrazı çox asanlıqla oynayır. Çünki o sanki özünü oynayır, özünü ifadə edir. Film təbiiliyi sevir, sünilik olduqda tamaşaçılar tərəfindən qəbul olunmur. Təbii alınması üçün öz xarakterimə uyğun obrazı qəbul edərəm. Hər halda rejissor insanla ünsiyyətdə olduqda onun xarakterini çözə bilir. Və o insana hansı xarakterdə obrazın yaraşdığını təyin edir. Illərdir mən də ictimaiyyət içərisində tanınmış, öz sözünü deyən bir insanam. Buna görə də özümə uyğun bir rolun öhdəsindən gələ bilərəm.

-Öz xarakteriniz necədir ki?

-Mən həqiqət və düzgünlük aşiqiyəm. Mənim üçün yaşamaq çox çətindir. Xarakterimə zidd olaraq vicdansız, şərəfsiz bir obrazı ifa edə bilmərəm. çünki bu süni alınacaq, tamaşaçı da bunu hiss edəcək. Nəticədə rejissor qınağa çəkiləcək.

-Müsahibələrinizdə toylarda ifa etmədiyinizi qeyd etmisiniz?

-Bu yalan sözdür. Mən demişəm ki, toylara gedirəm, ancaq uzun”“uzadı toy aparmıram. Yəni 5-6 saat oxumuram. Toylara 1 saatlıq və mənim sənətimə dəyər verən insanın məclisində iştirak edirəm. Mən getdiyim toyda özümə qarşı hörmət tələb edirəm. İfam zamanı kim isə əlimdən mikrofonu alarsa, ifamı yarımçıq kəsib, hər hansı bayağı mahnı tələb edərsə belə toyda beş dəqiqə belə dayana bilmərəm. Mən özümə də, sənətimə də hörmət edən insanam. Əlbəttə, Nuriyyə Hüseynovanı toyuna dəvət edən insan da sənəti, musiqini anlayan insandır ki, məhz öz şad günündə məni görmək istəyib. Hər insan da məni toyuna dəvət etməyəcək. Çünki insanların musiqi zövqü müxtəlifdir. Hər kəsi eyni musiqini sevməyə biz vadar edə bilmərik. Belə bir söz var ki, insanın dinlədiyi musiqidən onun hansı səviyyəyə, düşüncəyə sahib olduğu məlum olur. Kim hansı təfəkkürün, dünyagörüşün, düşüncənin sahibidirsə ona uyğun da musiqi zövqü olacaq. Ancaq hər zaman qeyd etmişəm ki, klassik musiqi ilə məşğul olan insanların həyat tərzi, yaşayışı elə səviyyədə olmalıdır ki, onlarda toya getməyə ehtiyac olmasın. Bəli, toy sənəti ucuzlaşdırır, aşağılandırır. Allah balalarımızı xoşbəxt etsin, toylarımız, şad günlərimiz bol olsun. Toy xalqımızın gözəl adətidir. Ancaq toy muğam yeri deyil. Bizim musiqi düşündürməyi sevir, əyləndirməyi yox.

-Siz toylarda hansı musiqiləri ifa edirsiniz?

-Mənim repertuarım zəngindir. Bura xalq mahnıları, lirik musiqilər, türk kərkük mahnıları, bəstəkar bəstələri aiddir. Yeri gəldikdə bir parça muğam ifa edirəm.

-Sizcə toylar ifaçılara nə isə öyrədə bilirmi?

-Bu gün musiqi öyrənmək elə də çətin deyil. Bunun üçün musiqi məktəbləri, bu sahədə ali məktəblər belə fəaliyyət göstərir. Sənətdə nəzəriyyə və praktika var. Bunlar ikisi birləşəndə ortaya gözəl işlər çıxarmaq olar. Məsələn, biz nəzəri olaraq öyrənirik, praktika isə səhnədir. Sənətkar nə qədər səhnəyə, tamaşaçı qarşısına tez- tez çıxarsa onun ifası daha gözəl və səlis səslənər, və o daha da püxtələşər.

Toylarda ifa etmək də bu baxımdan çox faydalıdır. Yəni ifaçı artıq tamaşaçı qarşısında ifa etməyə alışır. Buna görə də el şənliklərində, konsertlərdə, mərasimlərdə xanəndə nə qədər çox ifa etsə o qədər də onun faydasını görər. Mən toyun o tərəfin deyəndə bu tərəfin də qeyd edirəm. Bu sənətdə illərlə çalışmadım ki, toylarda ifa edim, bir sözlə toy müğənnisi olum. Toyda ifa etmək böyük bir sənət deyil. Düzdür, toyu idarə etmək çətin işdir. Bir toyda ən azı 300 insan olur. Bunların fərqli zövqləri, dünyagörüşləri var. Onların hamısını ələ almaq, nazları ilə oynamaq çətin məsələdir.

Amma qeyd edim ki, sənətim heç zaman yol verməyib ki, mən oturum toy repertuarı əzbərləyim. Heç vaxt belə işlərə həvəsim olmayıb, hər zaman ciddi sənət ilə maraqlanmışam, bu bugün də belədir, hər zaman da belə olacaq.

-Nuriyyə xanım, həyatda şanslı insan oladuğunuzu düşünürsünüzmü?

-Bəli , özümü çox şanslı hesab edirəm. Sənəti, istedadı olan insanlar Allahın sevdiyi insanlardır. Allah bu cür gözəl səsi mənə veribsə, deməli, mən şanslı insanam. Səsimlə bərabər Allah mənə həm də ağıl verib. Sənət, ağıl, təhsil və həyatda gözəl insan olmağı da Allah mənə nəsib edib. Bütün bunların nəticəsində ortaya yaxşı işlər qoya bilirəm. Çox insan ailədə uğursuzluqlar olanda bunu qismətlə bağlıyır. Mən belə düşünmürəm. İnsan ailəni, uşaqları, valideynləri də ağılla və səbrlə idarə edə bilər.

-Sizcə ailəni idarə edən qadındır ?

-Ailəni idarə edən qadındır. Qadın böyük qüvvədir. Kişi nə qədər güclü olursa-olsun, evə nə qədər qazanıb gətirsə də, evdə hüzur, istilik yoxdursa həmin ailədə hər zaman problemlər olacaq. Uşaqlarla da atanın münasibətlərini qadın tənzimləyir. Hətta gəlinin, kürəkənin qaynata ilə münasibətlərinin formalaşmasında, arada hörmət pərdəsinin olmasında qadının rolu böyükdür. Hər güclü kişinin arxasında bir qadın dayanır. Kişilər nə qədər güclü görünsələr də, qadından yaşca kiçik olsalar da, daxilən uşaq xarakterli olurlar. Dillərinə gətirməsələr də, hər zaman sevgiyə, qayğıya ehtiyac duyurlar. Bizim ailəmizdə də mənim həyat yoldaşım yaşca məndən böyük olsa da elə bilirəm ki, mən ondan daha böyüyəm. Hiss edirəm ki, o məndən qayğı, nəvaziş gözləyir. Övladlarıma necə qayğı göstərirəmsə, ona da elə. Atalarına qarşı sevgini, hörməti  övladlarıma aşılamışam. Onlara hələ uşaqlıqdan atalarına qarşı diqqətli olmağı, ona qulluq etmələrini öyrətmişəm. Çünki biz ailəmizdə də belə görmüşük. Mənim atamla anam bir- birilərinə çox bağlı insandırlar. Atam evə gələndə biz tez özümüzü yığışdırardıq. Hər zaman ona hörmətlə yanaşmışıq. Bu gün bütün ailələrdə problemlər yaşanır. Bunlar da əsasən insanların bir birini anlamamasından, sayqısızlıqdan irəli gəlir. Mən qızıma da, oğluma da , gəlinimə də öz ailələrinə qarşı diqqətli, qayğılı, sayğılı olmağı təbliğ edirəm.

-Həyatda sizi nə yaralaya bilər?

-Mən bütün zərbələri, ağır yükləri qaldırmağa hazır olan bir insanam. Həyatda kimsə mənə zərbə vura bilməz. Əgər mənim həyatda ciddi bir nöqsanım, səhvim olmayıbsa kiminsə mənə zərba vurmasından nəyə görə qorxmalıyam ki? Zərbəni mənə Allah vurmasın. Hər zaman düşünmüşəm ki, Allah yıxanı heç kim qaldıra bilməz. Hər zaman dua edirəm ki, Allah məni övladlarımla imtahana çəkməsin.

Lalə Novruzlu

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO