Keçmiş baş prokuror İxtiyar Şirinin Moderator.az-a geniş müsahibəsinin birinci hissəsini təqdim edirik:
-Bu gün (dünən-red.) baş prokuror Qazaxda vətəndaşları qəbul edib. Adətən nazirlər və baş prokuror bu görüşlərdə 6-7 raryondan maksimum 35-40 adam qəbul edib dinləyirlər. Qəbula düşmək xoşbəxtliyinə nəsib olanların sonrakı peşmançılığını qoyuram bir kənara. Sizcə bu cür görüşlərlə cəmiyyətin dərd-sərin ən azından öyrənmək mümkünmü? Yeri gəlmişkən, Siz baş prokuror olanda vətəndaşların qəbulunu hansı üsulla keçirirdiniz?
-Hər həftə qəbul keçirirdim. Özü də qəbul xatirinə yox, çalışırdım ki, qəbula gələnin hamısını dinləyim. Çox vacib bir məqama toxundunuz. Baş prokuror təyin olunduğum günün səhərisi vətəndaşların ərizə və şikayətlərinə necə baxıldığını öyrəndim və dəhşətə gəldim. Kabinetimə girəndə gördüm ki, stolumun üstünə 2-3 ərizə qoyulub. Bu mənə çox təəccüblü gəldi. Çünki mən bilirdim ki, prokurorluqda və başqa dövlət orqanlarında ərizə və şikayətlərin əksəriyyəti dərindən araşdırılmır, doğru qərarlar qəbul olunmurdu. Belə olan halda necə ola bilərdi ki, gün ərzində Baş prokurorluğa iki-üç ərizə daxil olsun. Özü də ölkənin bu cür ağır vaxtında, hələ dövlətin qurulmadığı, xaosun baş alıb getdiyi, dövlət qurumlarının qanunlara uyğun fəaliyyət göstərmək imkanında olmadığı, qanlı müharibə getdiyi həmin çətin dönəmdə”¦ Ərizələrə baxılmasında isə ciddi məsuliyyətsizlik olduğu üçün baş prokurorun stolunun üstündə yüzlərlə şikayət ərizəsi olmalı idi. Belə bir vəziyyətdə baş prokurorun stolunun üstündə 2-3 şikayət ərizəsi ola bilərdimi? Təbii ki, yox. Ona görə də mən ərizə və şikayətlər şöbəsinin müdirini dərhal çağırıb xahiş elədim ki, sabahdan baş prokurorluğa gələn bütün ərizə və şikayətləri mənim stolumun üstünə qoysun. Mənim adətim idi ki, lap gənc yaşlarımdan. İşə həmişə saat 8-də gələrdim. Səhərisi gün saat 8-də gəlib kabinetimə daxil olanda gözlərimə inanmadım, stolun üstündəki ərizə və şikayətlər qalaqlanaraq az qala tavana dirənmişdi. İnanın ki, vaxt əsirgəmədən həmin ərizələrin hamısına bir-bir baxırdım. Bəzən də onlardan xeylisini oxumaq üçün gecə evə də götürürdüm. Bu ərizələrin yarıdan çoxu təkrar ərizə və şikayətlər idi. Təkrar beş dəfə, on dəfə və daha çox şikayətlər var idi. Təkrar şikayət o şikayətdir ki, vətəndaş ərizəsi üzrə qəbul edilən qərarla razı deyil, bu qərardan təkrar şikayət edir. Bütün ərizələrin hamısına, istər birinci dəfə daxil olan, istərsə də təkrar daxil olan ərizələrə dərkənar qoyub hər bir ərizənin baxılmasının nəticələrinin, qəbul edilən qərarların şəxsən özümə məruzə olunmasını tələb edirdim. Bu ərizələrin hamısında insan talelərindən bəhs edilirdi və bizim vəzifəmiz bu ərizələrə qanunun tələb etdiyi kimi baxıb, doğru qərar qəbul etmək idi. Təxminən dörd-beş ay ərzində prokurorluqda vətəndaşların ərizə və şikayətlərinə baxılmasında ciddi dönüş yarandı. Hər bir rayon prokuroru, idarə rəisi və şöbə müdiri bilirdi ki, hər hansı bir ərizə və şikayətə döğru baxılmasa o, öz vəzifəsi ilə vidalaşmalı olacaq. Bir neçə prokuror bu səbəbdən vəzifəsindən də çıxarıldı. Rayon prokurorlarının özləri çox mürəkkəb məsələlərlə bağlı ərizələrin nəticələrini şəxsən özümə məruzə edirdilər. Hətta elə olurdu ki, heç prokurorluğa adidiyyatı olmayan şikayətləri də nəzarətə götürürdüm. Prokurorlara da tapşırırdım ki, icra başçılarına mənim adımdan desinlər və problemi qanun əsasında qısa zamanda həll edib nəticələri barədə mənə məlumat versinlər. Beləliklə, baş prokuror təyinatımdan ötən bir neçə ayda bu işdə ciddi dönüş yaratdıq. Bu işdə prokurorluğun bütün kollektivi mənə dəstək verdi, gecə-günüz işlədi. Bir neçə aydan sonra gördüm ki, yavaş-yavaş stolumun üstündəki qalaqlanmış ərizələrin hündürlüyü azaldı. Hər gün Baş prokurorluğa daxil olan 90-100 təkrar ərizələrin sayı ikiyə, üçə düşdü. Cəmi daxil olan ərizə və şikayətlərin sayı isə beş-on ərizə və şikayətdən artıq olmurdu.
-Amma bu gün vətəndaş hansısa nazirin qəbuluna düşür və qəbuldan sevincək çıxır ki, nazir ətrafındakılara bərk-bərk tapşırdı ki, bu vətəndaşın problemiylə ciddi məşğul olsunlar. Üstündən aylar keçəndən sonra vətəndaş nazirin qəbuluna düşmək üçün çəkdiyi əziyyətə heyfslənir...
- Belə halların olmasının bir çox səbəbləri var. Onlardan biri budur ki, hər hansı bir dövlət orqanında vəzifəli şəxslərdən onların üzərinə qoyulan vəzifələrin həyata keçirilməsi, o cümlədən vətəndaşların ərizə və şikayətlərinə baxılmasının qanunun tələb etdiyi kimi yerinə yetirilməsi çox ciddi tələb edilməlidir. Bunu etmədiyi halda isə həmin vəzifəli şəxslərin ciddi intizam məsuliyyətinə cəlb edilməsinin qaçılmaz olacağını, heç bir istisnanın olmayacığını onların yəqin bilməsidir. Bütövlükdə isə həmin dövlət orqanında bütün məsələlərin, heç bir istisna olmadan qanun və konstitusiya daxilində həll edilməsi qaydasının mövcudluğu işin ən prinsipial tərəflərindən biridir. Əgər bu yoxdursa, orada heç bir məsələni qanunla həll etmək mümkün deyil. O cümlədən vətəndaşların ərizə və şikayətlərini də. Problemin həllinə buradan başlamaq lazımdır.
-Amma bu gün məmləkətdə elə şikayətçi tapmaq olar ki, prezidentdən və “Heydər Əliyev Fondu”ndan tutmuş nazirlərədək 500 ərizə yazıb, teleqram vurub. Bir kisəyə sığışmayan teleqram qəbzləri var əlində, amma dərdinə əncam çəkən tapılmır...
-Hesab edirəm ki, ölkədə ədalətin, qanunçuluğun təmin edilməsinin ən başlıca yolu vətəndaşların ərizə və şikayətlərinə doğru baxılmasıdır. Əgər məmurlar vətəndaşların ərizə-şikayətlərinə ədalətli şəkildə baxıb qərarlar qəbul etsələr, ölkədəki əmin-amanlığın ən azı 50-60 faizini təmin etmiş olarlar. Bu gün də hesab edirəm ki, cəmiyyətdə və hakimiyyətin müxətlif təbəqələrində xeyli sayda problemlər var ki, onların həllində prokurorluq orqanların üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Bunlarla ciddi məşğul olmaq lazımdır.
-Bəzən prokurorluğun səlahiyyətinin 2000-ci ildə qüvvəyə minən dəyişikliklərdən sonra tamamilə azaldığını bəhanə edərək məhz bu üzdən prokurorların bu və ya digər problemin həllinə müdaxilə etmək imkanında olmadığını qabardırlar.
-Mən bunu qəbul etmirəm. Əslində prokurorluqdan o səlahiyyətlər alınıb ki, heç onlar prokurorluğa lazım deyildi. İndi də ərizə və şikayətlərə baxılması, qanunların icrasına nəzarət, digər bir sıra məsələlərdə prokurorluğun geniş imkanları və problemlərin həllinə təsir rıçaqları var. Yetər ki, bundan istifadə etmək niyyəti olsun.
-Baş prokuror təyin olunmamışdan öncə hansı vəzifədə idiniz?
-Mən hüquq siyasəti üzrə dövlət müşaviri idim.
-O vaxt belə bir vəziə də vardı?
-Bəli.
-Prezident yanında?
-Bəli.
-Baş prokurorluğa təqdimatınızı Elçibəy vermişdi, İsa Qəmbər?
-Elçibəy vermişdi.
-Vaxtilə AXC iqtidarı daxilində Müsavatı yaradanlardan biri olmusunuz və zaman-zaman AXC iqtidarının məğlubiyyətində və parçalanmasında məhz bu məqamı qabardırlar. Bundan narahatlıq keçirirsinizmi ki, Müsavatı vaxtında yaratmadınız...?
-Bu məsələ çox müzakirə olunub. Əsasız olaraq da AXC iqtidarı daxilində yaranmış ziddiyyətlərin bir səbəbi kimi də həmin hərəkatın daxilində siyasi partiyaların yaranmasını göstərirlər. Əslində belə deyil. Bu ziddiyyətlərin yaranmasını daha çox həmin hakimiyyətin içində olan şəxslərin münasibətlərində, iddialarında və məqsədlərində axtarmaq lazımdır. Partiyaların yaranmasına cəmiyyətdəki neqativ baxış da doğru deyil. Təbii ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra partiyalaşmaya gedilməliydi. O dövrdə də partiyalaşmaya təkan verən amil dövlətin demokratik quruluşu və Qərbə inteqrasiya xəttinə sadiqliyin nümayişiydi. Müsavat Partiyası da yüz illik tarixi olan Azərbaycanın milli ideologiyasının bünövrəsi və qurucusu olan bir partiya idi. Ona görə də bu partiyanın bərpası və milli ideologiyanın təbliği Azərbaycana çox şey verə bilərdi. Milli dövlətimizi quran Məmməd Əmin Rəsulzadənin ruhuna hörmətsizlik edilmiş olardı bu partiyanın bərpasını yubatmaq. Hesab edirəm ki, özümüzün qəbahətlərimizi və günahlarımızı partiyanın bərpasında axtarmaq doğru deyil.
-Hal-hazırda nə işlə məşğulsunuz? Deyəsən bu ölkədə eks baş prokurorlara iş tapılmır. Bir müddət öncə Əli Ömərov da belə bir fikir səsləndirmişdi ki, hələ də niyə ona iş verilmədiyinin səbəbini anlaya bilmir, günahım varsa, tutub həbs eləsinlər, yoxdursa işlə təmin etsinlər...
Ardı var...





































































































