“Seyran Səxavət, ingilis məzhəkəçi aktyor Cou Kremaldi və lal”x9d: Seyran Səxavət-70
Moderator.az saytının müsahibi yaxında 70 yaşı tamam olacaq yazıçı Seyran Səxavətdir. 1946-cı il martın 23-də dünyaya gələn Seyran Səxavət Dədə Qorquddan Məmməd Araza qədər hər bir söz sərkərdəsi ilə qohumdur. Bu dünyada da qohumları var, o dünyada da... Əslində elə adamlar üçün o dünya, bu dünya ifadələrini işlətmək yanlışdır. Çünki onların bir dünyası var ”“SÖZ!
(müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz-----moderator.az/news/124051.html)
- Seyran müəllim, şahla bağlı bəzi yerlərdə sizdən çox soruşublar. Şah zamanında İranda tərcüməçi kimi çalışmısınız. Bizə də onunla bağlı hansısa bir xatirəni danışa bilərsinizmi?
- İran şahı mənim yadımda iki cür qalıb: birincisi, bizim yeznəmiz kimi. Biz axı yeznə sevən camaatıq (gülür).Həyat yoldaşı Fərəh xanım Pəhləvi azərbaycanlı olub. İkincisi də böyük şairimiz Şəhriyara xüsusi rəğbəti olduğu üçün yadımda qalıb. Şah Məhəmmədhüseyn Şəhriyara xüsusi qayğı göstərirdi, təqaüd verirdi. Mənim yadımda yalnız bu iki aspektdən qalıb: yeznəmiz və Şəhriyara təqaüd ayıran biri kimi.
Haşiyə
Söhbətin bu yerində yazıçı kiçik bir haşiyəyə çıxır: “Necə deyirəm, elə yaz: yeznəmiz. Bəzən görürsən ki, mənim dilimdən götürüb əlavə sözlər yazıblar. Nə bilim “əzm ilə çalışdım, filan. Ömrümdə o sözü işlətməmişəm. Mənim dost olduğum sözlər var. Azərbaycan dili çox əzələli, zəngin dildir. Bir gün mənə zəng vurub dedilər ki, cavan yazıçılardan Əli Əkbər yazır ki, Azərbaycan dili çox köməksiz, kasad dildir. Cavab verdim ki, düz deyir. Jurnalist qız təəccübləndi. Dedi ki, Seyran müəllim, siz belə deyirsinizsə başqasından nə gözləyək. Dedim, qızım incimə, Əli Əkbər özü bu dili haracan bilirsə o bildiyi yerə qədər dil doğrudan da zəif, cılız və köməksizdi.
Elə bundan sonra Seyran müəllimin ən yaralı yeri olan ana dilinin bugünkü vəziyyətindən danışdıq:
- Seyran müəllim, şəhər səs-küyündən uzaqlaşıb sakit bir guşəyə çəkilmisiniz. Hərdən televizoru yandırıb, internetə göz atanda bəzi neqativ hallara rast gəlirsiniz. Məsələn, cəmiyyətdəki naqisliklər, iqtisadi böhran, ədəbiyyat aləmindəki lazımsız çək-çevirlər və s. Bunlardan hansı sizi daha çox narahat edir?
- Onların heç biri məni narahat etmir. Saydığın problemlərə çox soyuqqanlı yanaşıram. Amma məni ən çox narahat edən bu gün televiziyalarda Azərbaycan dilinin bərbad hala salınmasıdır. Bu gün ana dilimiz reanimassiya vəziyyətindədir. Mənim aləmimdə Azərbaycan dilinin bugünkü hala salınması hətta Qarabağ problemini də ikinci plana atır. Yumşaq desək, ərazimizin 20 faizi erməni tapdağı altındadırsa, dilimizin də 80 faizi televiziyaların tapdağı altındadır.
İndi görün nə vəziyyətdədir ha! Dilimizi ən çox - təqribən 80 faiz korlayan Azərbaycan televiziya məkanıdır.
Yerdə qalan 20 faizi də vicdanla bölsək qəzetlərin və elektron KİV-lərin payına düşür.
Bir dəfə bir məclisdə dedim, reaksiya verən də olmadı. Dedim ki, Konstitusiyamız var və orada yazılıb: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”x9d. Azərbaycan dili bu gün o qədər ciddi fəlakət qarşısındadır ki, hətta o məclisdə faktları, sübutları gətirərək bir təklif də verdim. Dedim, təklif edirəm ki, konstitusiyamızdan o cümləni çıxaraq və yazaq:”x9dAzərbaycanın dövlət dili Azərbaycan televiziya məkanının dilidir”x9d. Bu çox ağır şeydi ha! Ağır təklifdi. Bir problem ki, Qarabağ kimi dərdi ikinci plana sala, indi gör bunun vəziyyəti nə yerdədir?! İnşallah Qarabağı alandan sonra orada hansı Azərbaycan dilində danışacağıq - televiziyaların bizə təklif etdikləri dildəmi?!
- Bunun əlacını nədə görürsünüz?
- Əlacı var! Sovet dövründə babat təcrübələr var idi. Məsələn, bir zavodda işləyən fəhlə nöqsana yol verirdisə əvvəlcə bunu onun nəzərinə çatdırırdılar. Bir də təkrarlansa idi töhmət, daha sonra şiddətli töhmət verər, nəticəsi olmadıqda onu işdən azad edirdilər. Bunu televiziyalarımıza tətbiq etmək lazımdır. Çünki Azərbaycan dili bu saat kəkələyir. Neft əbədi deyil, amma dil əbədidir. Adicə toy və yas məclislərində nə qədər israfçılıq edirik. Eynən o israfçılıq məntiqi ilə də dilimizə yanaşırıq. Bankdan biri biznes plan təklif edib pul götürür. O vəsait təyinatı üzrə xərclənməyəndə adamı cəzalandırırlar. Yaxşı, dili təyinatı üzrə xərcləməyənlərə biz nə edək?! Onları kim cəzalandıracaq?! Bunun cəza formasını fikirləşməliyik. İnsafən demək lazımdır ki, dövlət tərəfindən işlər görürlür, təşəbbüs göstərilir. Müxtəlif məlum sərəncamlar var. Təşəbbüs həm də yol deməkdir. Deməli dövlət dili qorumaq üçün yol göstərir. Dil dövlətin dilidir, yuxarıda qeyd etdiyimiz kimi dilə xəyanət elə dövlətə xəyanət kimi qiymətləndirilməlidir.
Haşiyə
Söhbətin bu yerində Seyran müəlllim “bircə dəqiqə məni bağışla”x9d, deyib otaqdan çıxır. Bir azdan əlində xeyli qeydlər olan kağızlarla dönür: - Bunlar hələ dünən və o biri günün qeydləridir. Məndə böyük dəftər var ki, orada 30 minə yaxın faktım var”x9d. Elə həmin faktlardan da bir-ikisini sadalayır:
- Dilə olan böyük hücumlardan biri də xarici filmlərin tərcüməsindən gəlir. Tək filmlərin yox, bədii-xarici əsərlərin tərcüməsi də dili zədələyir. Elə bil ki, dili qoymusan ortalığa, biri o yandan vurur, biri bu yandan.
Daha sonra dövlət məmurlarının, tibb personallarının dili... Hər sahənin öz dili əmələ gəlib, qardaş... Həkim efirə çıxıb kameranı görən kimi başlayır danışmağa: “boyun nahiyəsinin sağ ucunun sol hissəsində sınıq var. Xalq bunu iki söznən deyir: boynu qırılıb. Daha israfçılıq eləmir.
“Tərəfimizdən təxirəsalınmaz əməliyyat və axtarış tədbirləri həyata keçirildi”x9d. Bu nə cümlədi?!
Dilin də məntiqi var. Bir verilişə baxıram. Aparıcı qız deyir ki, marallar tez hamilə olur. Bəs yaxşı, sənin anan da hamilə olub. Maral da heyvandı. Sənin ananla heyvan arasında bir fərq yoxdu?! Heyvan boğaz olar, hamilə olmaz.
Sonra hava haqqında məlumat verirlər e, bu lap dəhşətdi. Bir cümlə deyim: “Sabah Lənkəranda hava şəraitinin hərarəti mənfi 9 dərəcə şaxta olacaq. Yaxud, hərarət 20 dərəcə istilik təşkil edəcək. Əvvəla “şərait”x9d sözünə ehtiyac yoxdu. “Havanın hərarəti”x9d desən bəs edər. Hərarət istilik deməkdir də. O varsa “istilik”x9d və “müsbət”x9d sözünə ehtiyac qalmır.
Misallar çoxdu: “Axtarış həyata keçirilir”x9d. De ki, axtarılır da.
Tərcümə olunmuş bədii filmdə deyirlər: “Bizə əldə silah tutmağı bacaran adam lazımdır”x9d. Xalq bunu çox gözəl və yığcam deyir:əli silah tutan.
Deyir, “çoxlu izdiham”x9d gördüm. “İzdiham”x9d elə çoxluq deməkdir də. Son zamanlar kimsə bir söz gətirib:”x9d filan yerdə sel oldu əhalini təxliyə etdilər”x9d. “Təxliyyə”x9d ərəb sözüdür. 8 aydı bu söz dilimizdə atılıb-düşür. “Təxliyyə”x9d ərəb sözüdür. “Boşalmaq”x9d mənasını verir. Yaz ki, köçürdülər də. “Köç”x9d xalis türk sözüdür.
Bir dəfə televiziyada Tovuzun cəbhə xəttində yerləşən Əlibəyli kəndindən reportaj verirdilər. Operator bir xanıma yanaşdı. Bax ən dəhşətlisi budur: xanım gilizləri əlində tutub deyir: “görersənmi, dərden alem”x9d. Bax bu hissə təbiidir, gözəldir. Çünki əsl xalq kimi danışır. Amma sonra deyir: gecə-gündüz bu güllələrə məruz qalerığ”x9d. Xalq artıq televiziya məkanının “xidmətin”x9ddən sonra belə danışmağa başlayıb. Xalq deyər ki, təpəmizə güllə yağır.
Mən bütün bunların sonunda nə nəticəyə gəlirəm?! İçimdə həyəcan siqnalının səbəbi nədir? Niyə deyirəm ki, Azərbaycan dilinin bugünkü vəziyyəti Qarabağ problemini ikinci plana keçirib?
- Buyurun, deyin...
- Dilin yaradıcısı, onu cilalayan və qoruyan xalqdır. Əgər xalq da artıq televiziya dilində danışmağa başlayıbsa bu artıq fəlakətdir. Xalqın nümayəndəsi “məruz qalerığ”x9d deyirsə bu artıq fəlakətdir. Vaxtilə ayrı-ayrı dövlətlərin kaloniyası olduğu kimi dilin də kaloniyası var. Amma bizim Azərbaycan dilinin demək olar ki, kaloniyası olmayıb. Bu kaloniyasız dilin heç olmasa özünü qoruyub saxlayaq da. Məndə 30 minə yaxın fakt var. Hansını sənə deyim?!
Amma ürəyimi ağrıdan bu dil probleminə aid sözlərimə bu cür yekun vurmaq istərdim: hamı bilməlidir ki, cümlə qurmaq dövlət qurmaq qədər çətindir!!!
-Rəsul Həmzətovun adını unutduğum bir şeiri var. Orada yaralı əsgər uzaqdan ana dilində danışan iki həmyerlisinin səsini eşidir. Ana dili sanki onun canını isidir. Bizim dilimiz bu gün həmin “isitmə effekti”x9dni itiribmi?
-Çox yaxşı dedin. Dostoyevçskin məşhur sözü var: dünyanı gözəllik xilas edəcək. Vaxtilə buna münasibət bildirib demişdim ki, gözəlliyin özünü xilas etmək lazımdır. Onun buna ehtiyacı var. İndi “isinmə məsələsi”x9dni sənə bu cür deyirəm:vaxtilə Bakının çoxmərtəbəli binalarda qızdırıcı xətlər var idi. Kim haradan istəyirdisə oradan da kəsirdi. Eynən bu gün dilimizi də kim haradan və necə istəyirsə o cür zədələyir. Dilin “isitmə effekti”x9dnə cavab olaraq deyirəm ki, Azərbaycan dilinin “qazanxana”x9dları paslanıb yarasız hala düşüb. Açığın demək və etiraf etmək lazımdır ki, o istilik barmaqla sayılası qədər yazıçının və jurnalistin dilində qalıb.
Haşiyə
Dillə bağlı söhbət yekunlaşan kimi yazıçı maraqlı bir detala toxunur. Deyir, qardaşım oğlu Loğman bir gün zəmng vurub dedi ki, Füzuli rayon mərkəzi kitabxanasının saytı var. Orada Füzulidə doğulan bütün şair- yazıçıların adı var, amma sənin yoxdur. Mən bu məsələni belə qoymayacağam.
Qardaşım oğluna dedim ki, bala, yəqin mənim əslin Füzulidən deyil də. Görəsən mən haralıyam ə?? (gülür). Loğman bir onu dəqiqləşdir”x9d.
-Seyran müəllim müsahibəyə görə çox sağ olun. Mənə elə gəlir ki, söhbətimiz alındı.
-Elmin, boynuma alım ki, heç müsahibəlim halda deyildim. Ancaq sən mənim dilimi açdın. Bilirsən necə? Birinci dünya müharibəsindən əvvəl Londonda yaşamış məşhur ingilis məzhəkəçi -aktyoru Cou Kremaldi bir lalı o qədər güldürmüşdü ki, axırda onun dili açılmışdı. Bax, sən də mənim dilimi elə açdın - Buna görə çox sağ ol.
Elmin Nuri







































































































