Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi zaman-zaman müzakirəyə çıxarılan məsələlərdəndir. Lakin bu mövzuda heç də hər kəs eyni mövqedən çıxış etmir.
Belə ki, bir qrup ekspertlər dünyanın aparıcı iqtisadiyyatları da daxil olmaqla qlobal ticarətin əsasını təşkil edən bu təşkilata üzvlüyü zəruri hesab edirlər. Əks mövqedən çıxış edənlər isə daha proteksionist (mühafizəkar) fikirlər irəli sürərək, bu addımın daxili istehsala dağıdıcı təsir göstərəcəyi qənaətindədirlər.
Bu məsələdə millət vəkillərinin də fikirləri haçalanır. Deputat Rüfət Quliyevin fikrincə, ÜTT-yə daxil olan bütün ölkələri udmuş saymaq olmaz və bu, hətta milli maraqlarımıza da zidd ola bilər. Ona görə ki, yerli istehsalın xarici məhsullarla rəqabətə dözməsi real görünmür.
Millət vəkili Vüqar Bayramov isə fərqli düşünür.
Deputat Bizim.Media-ya verdiyi açıqlamada qeyd edib ki, Azərbaycan ÜTT-yə üzvlük üçün hələ 1997-ci ildən müraciət edib:
“Artıq xeyli müddətdir ki, Azərbaycan təşkilatda müşahidəçi statusunda təmsil olunur. Bu gün dünya ticarətinin 97%-i ÜTT-yə üzv olan ölkələr tərəfindən tənzimlənir. Və nəticə etibarilə bu, onu göstərir ki, təşkilat ümumdünya ticarətində aparıcı rola malikdir.
ÜTT ilə danışıqlarda bir sıra məsələlər daha intensiv müzakirə olunur. Bunlar aqrar sektora subsidiyaların verilməsidir ki, ÜTT bu istiqamətdə 3 səbət müəyyənləşdirib (yaşıl, sarı və qırmızı). Təşkilata üzvlükdə inkişaf etməkdə olan ölkələrin ehtiyatlandığı əsas məqamlardan biri daxili bazarla bağlıdır. Çünki ÜTT-yə daxil olmaq iqtisadiyyatın liberallaşması deməkdir. Xüsusən də, bu, aqrar sektorda subsidiyaların həcminə və daxili bazarın tənizmlənmə alətlərinə təsir edir.
Lakin bu gün dünyanın aparıcı ölkələrinin ÜTT-yə üzvünlüyünü nəzərə aldıqda, bizim də təklifimiz ondan ibarətdir ki, danışıqların davam etdirilməsi və Azərbaycanın maraqlarına uyğun anlaşma ilə təşkilata daxil olmaq məqsədəuyğun olardı”.
Vüqar Bayramovun sözlərinə görə, ÜTT-yə üzvlük digər bazarlara Azərbaycan iş adamlarının çıxış imkanlarının artırılması anlamına gələcək:
“Xüsusən, qeyri-neft sektorunda məhsul istehsal edənlərin xaricə çıxış imkanları artacaq. Burada idxalın tənzimlənməsi və daxili bazarın qorunması prinsipləri ilə ÜTT-yə daxil olmaq vacibdir. Digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatı baxımından ÜTT ilə danışıqların davam etdirilməsi və ölkənin maraqlarına uyğun olaraq üzvlüyün həyata keçirilməsi məqsədəuyğun olar”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 31.08.2022
ÜTT-yə üzvlük məsələsi deputatlar arasında fikir ayrılığı yaratdı - TƏZADLI MÖVQE
Hazırda oxunan: ÜTT-yə üzvlük məsələsi deputatlar arasında fikir ayrılığı yaratdı - TƏZADLI MÖVQE
Hazırda oxunan: ÜTT-yə üzvlük məsələsi deputatlar arasında fikir ayrılığı yaratdı - TƏZADLI MÖVQE
91303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.