Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit qurumun 2025-ci il üçün İş planına uyğun olaraq aparılıb və 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər dövrü əhatə edib.
Audit obyekti kimi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilib.
Hesabatda qeyd olunub ki, idarə nazirliyin tabeliyində maddi-texniki təchizat üzrə ayrıca ixtisaslaşmış qurum fəaliyyət göstərməsinə baxmayaraq, audit dövründə 8 milyon 491 min manat məbləğində kompüter, printer və digər avadanlıqlar satın alıb.
Audit zamanı təhsil sektorundakı 30 aktiv layihə üzrə təhlillər aparılıb. Nəticədə həmin layihələrdə informasiya təhlükəsizliyi, sənədləşdirmə, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı bir sıra çatışmazlıqlar müəyyən edilib.
Bundan əlavə, bəzi informasiya sistemlərində istifadəçilərin identifikasiyası üzrə "Vahid giriş sistemi"nin tələblərinə tam əməl olunmadığı, sistemlərarası inteqrasiyanın və məlumat mübadiləsinin yetərli səviyyədə təmin edilmədiyi bildirilib.
Hesablama Palatası vurğulayıb ki, qeyd olunan çatışmazlıqlar informasiya sistemlərinin səmərəliliyinə, rəqəmsal idarəetmənin effektivliyinə və dövlət vəsaitlərindən istifadənin nəticəliliyinə mənfi təsir göstərir.
Bizim.Media



































































































