ANS PRESS-in məlumatına görə, dəyişikdən sonra Ombudsmanın maaşı 2025 manat olacaq.
Dəyişiklik 2013-cü il dekabrın 1-dən tətbiq edilir.
Qeyd edək ki, Azərbaycanın Ombudsmanı hazırda Elmira Süleymanovadır və o, indiyədək 1800 manat maaş alırdı.
Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.
1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 3 elmlər doktoru, 15 elmlər namizədi yetişdirib. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış edib.
Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı - Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak edib. 1998-ci ildə "100 qəhrəman qadın" siyahısına düşüb. Haqqında beynəlxalq "Kim kimdir" (İngiltərə, Kembric) kitabında məlumat verilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən, "Şərəf nişanı" ordeni və "Əmək veteranı" medalı ilə təltif edilib.
2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) secilib.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 iyul tarixli Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.
5 mart 2010-cu ildə təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) secilib.






































































































