“Qarabağmedia” internet nəşri Laçın rayonununxa0 tanınmış ictimai nümayəndələrindən biri, hazırdaxa0 məcburi köçkün kimi Bakıda məskunlaşmış el ağsaqqalı Qəzənfər Hüseynovun “Xəyallarda qalan Laçın” adlı xatirə-gündəliyini oxuculara təqdim etməyə başlayıb.xa0
Moderator.azxa0xa0bu gün üçün ibrətamiz və nəticə çıxarmalı 26-30xa0 ilxa0 öncəkixa0 ürəkağrıdan olaylardan və onların indiyədək qəlbimizi dağlayan ağrılarındanxa0 bəhs edən həmin materialdan növbəti parçanı nəzərinizə çatdırır:xa0
Əvvəli bu linkdə:(//www.moderator.az/news/248880.html).

“..Sizi bilmirəm, mən artıq verilən sözlərdən doymuşam, qatarla Ağdama gedib, avtomobillə Şuşaya qalxmaq, oradan da Laçına getmək istəyirəm.xa0
Şuşada ciyərləri doyuran hava udmaq istəyirəm.xa0
Laçında təzə tikdirdiyim, içində cəmi 11 ay yaşadığım evimdə ömrümün son dövrünü yaşamaq istəyirəm, Laçında "Dağdağan bulağı"ndan bir ovuc su içmək istəyirəm...xa0
Cicimli kəndindəki “Qoşa kümbəzlər” qəbirstanlığında dəfn edilmiş, 34 yaşında dünyasını dəyişmiş atamın, Güləbird kəndində Sarı Aşığın abidəsinin yanındakı məzarlıqda dəfn edilən, mənə ata-ana əvəzi olan babamın, nənəmin məzarlarını ziyarət etmək istəyirəm...xa0
Laçında hündür bir təpənin üstündə yerləşən evimin qarşısından, atamın 1945- ci ildə Berlindən “trofey” kimi gətirdiyi “nemeski” durbinlə qarşıdakı Kiçik Qafqazın hündür zirvələrinə, günəşin Arazdan doğmasına, Dəli dağın arxasından keçərək batmasına baxmaq istəyirəm...xa0
Laçında "şəhərin başı" deyilən yerdə dayanıb camaatımızla hal-əhval tutmaq istəyirəm.xa0

“Nurunun çayxanasına” bir çaynik çay sifariş edib, ayağımı-ayağımın üstünə aşırıb dostlarımla dərdləşmək istəyirəm. İstəyirəm ki, “şəhərin ayağında” yanan klubun qarşısında kino filmlər üçün afişa vurulan akasiya ağacının yerində duram, uşaqlıq xatirələrimi canlandıram...
Bəlkə də mənim arzularım kimin üçünsə əlçatmaz ola bilər. Amma mən elə düşünmürəm, biz Laçına qayıtmalıyıq, düşünürəm ki, axı mən nəyə görə doğulduğum şəhərimdə -Laçınımda- öz evimdə yaşamayım, niyə Güləbirddən tutmuş Qovuşuğa qədər, Zabuxdan tutmuş Şeylanlıya qədər, Laçından Alıcana qədər, Nağdalıya qədər, Oğuldərəyə qədər, Fərraşa qədər və s. kəndlərimizi gəzməyim? Cavanlığımda gəzdiyim Çalbayır, Qul Alı, Nərdivan, Qırqız, Kirs yaylaqlarını bir daha görməyim? Niyə Ağayunus "Turş su", Tığıik "Turşsu", Şamkənd "Narzan" bulaqlarının üstündə süfrə açmayım, suyundan içməyim, niyə Minkənd istisuyunda, Qul Alı yaylağında Sünnət dərəsindəki Şorluq İstusuyunda, Həkəri çayının qıjdavlarında, Şəlvədə “Qazan göl”də çimməyim ki?..
Bəlkə çox şey istəyirəm?..xa0
Düşünürəm ki, bəlkə 1990- cı illərdə hakimiyyətlərini əllərində saxlaya bilməyən Vəzirovu, Mütəllibovu, onu zor gücünə yıxaraq hakimyyətə gələn və hakimiyyəti əlində saxlaya bilməyərək doğulduğu kəndinə gedən rəhmətlik Elçibəyi və nəhayət, 25 ildir ki, Qarabağ məsələsini həll edə bilməyən indiki hakimiyyəti qınamaq mənim haqqım deyil?..xa0
Mən başa düşürəm, dünya birliyi var, qonşuluğumuzda bu müharibəni nəzarətində saxlayan, bizdən başqa Moldovada, Gürcüstanda və Ukraynada da münaqişələrin sahibi olan Rusiya var, BMT, ATƏT var və s. səbəblər var, axı bunlardan mənə nə? Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...

Axı bütün azərbaycanlılar kimi vaxtı ilə dədə-babalarımızın yaşadıqları indiki “Ermənistan” deyilən dövlətdən bir qarış da olsun belə torpaq iddiasında deyilik, biz dünya birliyi tərəfindən tanınan, BMT tərəfindən təsdiq edilən öz halal ərazilərimizi oğurlayandan yerimizi istəyirik.xa0
Bu dünyada istiqrara cavabdeh olan BMT hara baxır? Yuqoslaviyada serblərin qonşu dövlətlərə saldırılarını qısa müddətə dayandıran Amerika, Qərb ölkələri bu işğala qarşı niyə susqundurlar? Niyələr çoxdur, müxtəlif və çoxlu cavabları da vardır, amma bu cavablar mənim arzumu gerçəkləndirməyəcək. Arzularımızı güclü xalq, güclü Azərbaycan dövləti gerçəkləşdirəcək...
Bircə onu bilirəm ki, dünyada haqq deyilən bir müqəddəs dəyər var, onu əymək olar, amma qırmaq mümkünsüzdür...xa0
Biz yaşlı nəsl, bu arzular qəlbimizi neştərləyə-neştərləyə bir təhər dözəcəyik...xa0
Əgər millət-xalq ola bilsək gənc nəsl haqqı hökmən görəcək, inşəAllah!xa0
Haqqı əlinizdən bizim kimi heç zaman buraxmayın, möhkəm yapışın Haqdan!xa0
Haqqı görəcəklərə salam olsun!..
(ardı var)







































































































