Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Hazırda oxunan: Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

631761

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva müharibə şəraitində xidməti vəzifəsini yerinə yetirən oğlunu görmək üçün Kiyevdədir.

Bizim.Media xəbər verir ki, Təranə Tağıyeva “azertag.az”a müsahibəsində Ukraynada müharibə şəraitində xidmət göstərməyin böyük məsuliyyət və fədakarlıq tələb etdiyini bildirib:

“Bəli, Kiyevə gəlişimin əsas səbəbi oğlum Vasifi görmək idi. Vasif öz işinə, dövlətinə və vicdanına sadiq bir insandır.

Bir ana kimi narahatlığım təbiidir, lakin onun iradəsinə və gücünə inanıram. Mən şuşalıyam və biz bu acı günləri vaxtilə yaşamışıq. İndi burada, Kiyevdə sığınacaqlara düşəndə o günlərin ağrısını, xatirələrini yenidən hiss edirəm. Bu hisslər mənim üçün çox ağırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Allah dövlətimizi və xalqımızı qorusun! Şükürlər olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti və qəhrəman oğullarımızın rəşadəti sayəsində biz öz doğma torpaqlarımıza qovuşduq”, - deyə Təranə Tağıyeva əlavə edib.

O bildirib ki, Vasif hər zaman çətin, lakin şərəfli yolu seçən biridir.

“İrandakı xidmətindən sonra Ukrayna təyinatı da onun peşəkar borcu idi. Bir ana üçün övladını müharibə ocağına yola salmaq çətindir, lakin mən onun peşəsinə və dövlət qarşısındakı borcuna hörmətlə yanaşıram. Etiraz etmək əvəzinə, dualarımla ona dəstək olmağı özümə borc bildim.

Sonda isə bir ana kimi ən böyük arzum budur: dünyada heç bir yerə müharibə kölgəsi düşməsin, heç bir ananın gözü yaşlı qalmasın. İnşallah, Ukraynada da müharibə tezliklə bitər, insanlar yenidən dinc və firavan həyatlarına qovuşarlar”, - deyə Təranə Tağıyeva bildirib.

Qeyd edək ki, İranda terrorçunu zərərsizləşdirərkən göstərdiyi qəhrəmanlığa görə Vasif Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.










Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO