Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Amur və Çelyabinsk vilayətlərindəki hərbi aerodromlara qarşı planlaşdırılan irimiqyaslı terror aktlarının qarşısının alındığını bəyan edib.
Bizim.Media xəbər verir ki, FSB-nin yaydığı məlumata əsasən, əməliyyat nəticəsində hücumun icraçıları və onlara köməklik göstərən şəxslər saxlanılıb.
İddiaya görə, Ukrayna xüsusi xidmət orqanları Qərb kuratorlarının iştirakı ilə Bryansk vilayəti vasitəsilə Rusiyaya FPV-dronlar və mobil yerüstü idarəetmə stansiyaları göndərib. Terror vasitələri ölkənin dərinliklərinə qoşqulu avtomobillərdə gizli şəkildə daşınıb.
Terror aktlarının Amur vilayətindəki "Ukrainka" və Çelyabinsk vilayətindəki "Şaqol" hərbi aerodromlarında həyata keçirilməsi nəzərdə tutulub.
Əməliyyat zamanı Böyük Britaniya, ABŞ, Kanada və İsveç istehsalı olan 24 ədəd FPV-dron, özünü məhv etmə qurğusu ilə təchiz edilmiş (hər birində 250 qram partlayıcı maddə olan) 2 ədəd mobil yerüstü idarəetmə stansiyası və rabitə vasitələri aşkar edilərək götürülüb.
FSB qeyd edir ki, saxlanılan şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.
Bizim.Media




































































































