İkinci Dünya Müharibəsi zamanı Atlantik okeanında batırılan və göyərtəsində təxminən 2,2 ton qızıl olan Yaponiyanın "I-52" sualtı qayığı 82 ildir ki, okeanın dibində qalmaqdadır.
Bizim.Media xəbər verir ki, bugünkü bazar dəyəri 280 milyon dollardan çox qiymətləndirilən bu nəhəng xəzinəyə, 5,2 kilometr dərinlikdə yerləşməsi səbəbindən indiyə qədər toxunmaq mümkün olmayıb.
Məlumata görə, komandir Kameo Unonun rəhbərlik etdiyi "I-52" sualtı qayığı 10 mart 1944-cü ildə Yaponiyanın Kure limanından nasistlərin işğalı altında olan Fransaya doğru gizli missiya ilə yola düşüb.
Sualtı qayığın əsas tapşırığı Almaniya ilə Yaponiya arasında strateji əhəmiyyətli xammal və hərbi texnologiyaların mübadiləsini təmin etmək olub. Göyərtədəki tonlarla qızıldan başqa, müharibə sənayesi üçün kritik sayılan volfram, molibden, qalay, kauçuk və digər mühüm materiallar da daşınırdı.
ABŞ-ın şifrə ovçuları və gecə hücumu
Lakin ABŞ-ın şifrə açan xüsusi kəşfiyyat qrupları yaponların bu gizli planını və "I-52"-nin hərəkət marşrutunu öncədən ifşa edə biliblər. Nəticədə, 23 iyun 1944-cü il gecəsi Atlantik okeanı sularında ABŞ-ın "USS Bogue" aviadaşıyıcısından havaya qalxan "Grumman TBF Avenger" tipli hərbi təyyarə sualtı qayığı hədəfə alıb. Buraxılan torpedo zərbəsi nəticəsində Yaponiya sualtı qayığı idarəetməni itirərək okeanın dibinə oturub.
Qayıq tapılsa da, xəzinə əlçatmazdır
"I-52" sualtı qayığının qalıqları yalnız yarım əsr sonra — 1995-ci ildə amerikalı batıq tədqiqatçısı Pol Tidvellin (Paul Tidwell) rəhbərlik etdiyi komanda tərəfindən inkişaf etmiş sonar sistemləri vasitəsilə aşkar edilib.

3 il sonra reallaşan xüsusi dərinlik dalışlarında sualtı qayığın gövdəsi vizual olaraq görüntülənib, hətta yük hissəsindəki tiryək qutuları və qalay külçələrinin bir qismi suyun üzərinə çıxarılıb.
Ekspertlərin qənaətinə görə, 2,2 tonluq qızıl külçələri qayığın içərisində - girişin ən çətin və təhlükəli olduğu xüsusi bölmədə saxlanılır. 5200 metr dərinlikdəki su təzyiqi və mövcud texnoloji məhdudiyyətlər xəzinəni çıxarmaq cəhdlərinin qarşısını alan ən böyük maneədir. Mütəxəssislər hesab edirlər ki, yalnız gələcəkdə inkişaf etdiriləcək robotik dərin dəniz texnologiyaları bu 280 milyonluq qızılı bəşəriyyətə geri qaytara bilər.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 01.07.2026
5,2 kilometr dərinlikdə yatan 280 milyonluq SƏRVƏT – 82 ildir çıxarılmağı gözləyir – FOTO
Hazırda oxunan: 5,2 kilometr dərinlikdə yatan 280 milyonluq SƏRVƏT – 82 ildir çıxarılmağı gözləyir – FOTO
Hazırda oxunan: 5,2 kilometr dərinlikdə yatan 280 milyonluq SƏRVƏT – 82 ildir çıxarılmağı gözləyir – FOTO
622543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































