Qırğızıstan Prezidenti Sadır Japarov Jumqal rayonunun sakinləri ilə görüşündə valideynlərə müraciət edərək uşaqların smartfon və qadcetlərdən istifadəsinə məhdudiyyət qoymağa və ailədə canlı ünsiyyətə daha çox vaxt ayırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan mediası yayıb.
Dövlət başçısı internet əsrində uşaqların tarixdən, milli adət-ənənələrdən uzaq düşməməsi üçün bu məsələnin ailədə nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb və öz şəxsi təcrübəsini bölüşüb:
"Mən, məsələn, nəvələrimə smartfon verilməsini qadağan edirəm. Ailəmdən xahiş edirəm ki, onlarla oynasınlar, söhbət etsinlər. Bir çox valideynlər evdə sakitlik istəyirlər və uşaqları baş qatmaq üçün onlara telefon verirlər. Elə olur ki, evdə uşaqla heç kim danışmır. Biz məktəbdən gələndə valideynlərimizlə çay içərdi, onlar bizimlə öz təcrübələrini bölüşər, nağıllar danışardılar. Smartfonlarla bağlı problem təkcə bizim ölkəmizdə deyil. Biz birlikdə uşaqlarımıza tariximizdən, adət və ənənələrimizdən danışaraq bu vəziyyətə müsbət təsir göstərə bilərik", - deyə Japarov qeyd edib.
Görüşdə iştirak edən Qırğızıstanın təhsil naziri Doqdurkul Kendirbayeva da öz növbəsində xatırladıb ki, ölkə qanunvericiliyinə əsasən, məktəblərdə tədris prosesi zamanı smartfonlardan istifadə tamamilə qadağandır. Prezident isə bu qadağanın və nəzarətin təkcə təhsil müəssisələrində deyil, həm də ev şəraitində valideynlər tərəfindən davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Bizim.Media





































































































