Alimlər uzaq kosmosdan gələn sirlı radiosiqnalın şifrəsini ilk dəfə açdılar

Alimlər uzaq kosmosdan gələn sirlı radiosiqnalın şifrəsini ilk dəfə açdılar

Hazırda oxunan: Alimlər uzaq kosmosdan gələn sirlı radiosiqnalın şifrəsini ilk dəfə açdılar

617609

Sidney Universitetindən Kovi Rouzun rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu son illərin ən qeyri-adi kosmik siqnallarından birinin — uzunperiodlu radiotranziyentlərin mahiyyətini ortaya çıxarıb. Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Bu növ obyektlər ilk dəfə 2022-ci ildə, hər 18 dəqiqədən bir güclü radioalışmalar saçan bir mənbənin tapılması ilə diqqət mərkəzinə düşmüşdü. Belə bir xüsusiyyət məlum olan heç bir astronomik obyekt sinfinə uyğun gəlmirdi. O vaxtdan bəri bir neçə bənzər mənbə aşkar edilsə də, onların mənşəyi sirr olaraq qalırdı.

 

"ASKAP J1745-5051" adlı obyekt bu sirrin açılmasında əsas açar rolunu oynayıb. Sözügedən obyekt hər 81 dəqiqədən bir radioalışmalar yayır. NASA-nın "Swift" və "Einstein Probe" kosmik rəsədxanalarının köməyi ilə eyni ritmdə rentgen şüalarının da alışması qeydə alınıb.

 

Müşahidələr göstərib ki, siqnalın mənbəyi ağ cırtdan və qırmızı cırtdan ulduzlarından ibarət sıx bir qoşa ulduz sistemidir. Güclü maqnit sahəsinə malik olan ağ cırtdan ulduz öz yoldaşından maddəni tədricən özünə doğru çəkir.

Maddə ağ cırtdanın səthinə düşərkən milyonlarla dərəcəyə qədər qızır və bu da rentgen şüalanması yaradır. Müəlliflərin fikrincə, radioalışmalar isə iki ulduzun güclü maqnit sahələrinin qarşılıqlı təsiri və yüklü hissəciklərin sürətlənməsi nəticəsində meydana gəlir.

Sidney Universitetinin və "OzGrav" Tədqiqat Mərkəzinin həmmüəllifi Tara Merfi qeyd edib: "Biz ilk dəfədir ki, həm hər iki ulduzun, həm də maddənin toplanması (akkresiya) prosesinin eyni vaxtda göründüyü bir sistemi müşahidə edirik".
 

"ASKAP J1745-5051" obyekti əvvəllər müxtəlif uzunperiodlu radiotranziyentlərdə ayrı-ayrılıqda müşahidə olunan əlamətləri özündə birləşdirir: dövri radioalışmalar, rentgen şüalanması, güclü maqnit sahələri və maddə axını prosesi.


Bu tipli obyektlərin hamısının eyni təbiətə malik olması mütləq olmasa da, yeni kəşf göstərir ki, sirlı siqnalların böyük bir hissəsi ağ cırtdan ulduzları olan nadir maqnitli qoşa sistemlərdən gələ bilər.

"Biz hələ bu yeni kosmik hadisələr sinfini yenicə anlamağa başlayırıq", — deyə Kovi Rouz vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO